alis-veris

Zövqlər bizim deyil, bizə satılanlardır

Baxış sayı: 514

Zaman dəyişir, amma bir şey sabit qalır: insanların modaya olan heyranı. Əslində, bu heyranlıq deyil, sanki bir asılılıqdır. Ətrafımıza nəzər saldıqda bunu aydın görmək olur – hər kəs geyimində, texnologiyasında, ev dizaynında, hətta zövqlərində belə trendlərin arxasınca qaçır. Bu artıq seçim deyil, gündəlik həyatın dəyişməz tələbinə çevrilib. Moda insanı azad etmək yerinə, onu çərçivəyə salır, formalaşdırır, yönləndirir. Sosial media, reklamlardakı “mükəmməl həyat” görüntüləri bizi tələyə salır – biz istəmirik, istədiyimizi zənn edirik.

İnsanlar artıq öz seçimlərinə deyil, ekranda gördüklərinə inanır, instaqram fenomenləri kimi yaşamaq üçün can atır. Kim nə geyinibsə, o dəbdədir. Kim haraya gedibsə, oranı görmək vacib olur. Orijinallıq itib, yerini kütləvi təqlid alıb. Bu gün sevdiyin bir köynək, sabah “dəbdə deyil” deyə gözündən düşür. Fikirləşmədən alırıq, düşünmədən geyinirik. Moda bizə yalnız nə geyinəcəyimizi deyil, necə düşünəcəyimizi də diqtə edir.

Geyimdən kənara çıxsaq, həyatın hər detalında eyni mənzərə ilə qarşılaşırıq. Bizə lazım olmayan məhsullar ehtiyac kimi satılır. Bəyənmədiyimiz yeməkləri, sevmədiyimiz musiqiləri trendlərlə “dadlandırırlar”. Sosial şəbəkədə bir paylaşım yetərlidir – sabah hamı həmin pendirli bibəri bişirəcək, Dubay şokoladı üçün növbəyə düzüləcək, hətta yumurtadan şokoladlı pudinq düzəldəcək. Bunları gerçək istəkləmi edirik? Əsla. Sadəcə, dəbin çarxı dönür, biz isə onun dişlisinə çevrilmişik.

Tarixdə də bunun nümunələri saysızdır. Qadınlar illərlə bədənlərinə işgəncə veriblər – beli incə göstərmək üçün korsetlər, topuzun hündür görünməsi üçün başlarına yerləşdirilən bankalar, sərt yaxalıqlar, təhlükəli saç sancaqları… Hətta bu dəbə görə həyatını itirənlər də olub. Moda yalnız görünüşü yox, həyat tərzini də təhlükəyə atıb. Kişilər belə, sərt yaxalıqlı köynəklərlə boğulacaq vəziyyətə gəliblər. Bu, sadəcə geyim seçimi deyildi – bir növ itaət idi.

Bu gün də fərqli deyil. Bir zamanlar bəyənilməyən, “çirkin” sayılan formalar indi “retro” adı altında sevə-sevə geyinilir. Geniş, yöndəmsiz pencəklər, süni islanmış görüntülü cinslər, kəskin qaş modelləri – hər biri modanın bizi necə yönləndirdiyinin sübutudur. İnsan bədəninə yaraşanı deyil, vitrinlərdə görünəni seçir. Dəb dedikləri bu çılğınlıq bizə nələri unutdurur: zövqümüzü, orijinallığımızı, hətta kimliyimizi.

Estetik əməliyyatlar da bu çərçivənin ən sərt tərəflərindən biridir. Heç bir fiziki ehtiyac olmadan insanların siması dəyişir – dodaqlar şişirilir, burunlar eyniləşdirilir, yanaqlar formalaşdırılır, qaşlar dikilir. Hər kəs bir-birinə bənzəyir. Göz rəngi belə dəyişdirilir. İnsanlar artıq təbii olanla barışmır, çünki təbiilik artıq “dəbdə deyil”. Zamanla güzgü öz əksimizi yox, cəmiyyətin bizə göstərmək istədiyi surəti əks etdirir.

Texnologiya bu oyunun başqa bir səhnəsidir. Yeni model çıxan kimi əvvəlki cihaz mənasını itirir. Daha istifadə rahatlığı deyil, markanın adı və modelin nömrəsi vacib olur. Telefonlar, qulaqlıqlar, televizorlar – hər biri modanın texnoloji versiyasına çevrilib. Sosial mediada paylaşmaq üçün, başqalarının bəyəndiyini almaq üçün illərlə əziyyətlə qazandığımız pulları göz qırpımında xərcləyirik. Halbuki, həyat keyfiyyəti artmır – əksinə, yorğun, əsəbi, narazı insanlara çevrilirik.

Sonda ortaya çıxan mənzərə acınacaqlıdır. Dəb bizim həyatımıza yön vermək yerinə, bizə hökm edir. Bizə nəyi sevməli olduğumuzu, necə yaşamalı olduğumuzu, nəyə pul xərcləməli olduğumuzu söyləyir. Bu isə artıq seçim deyil, məcburiyyətə çevrilmişdir. Və bu məcburiyyətin adı çoxdan bəllidir: manqurtluq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir