Nermine Abbasova

Yayda istivurma riski: Nələrə diqqət etməliyik?

Baxış sayı: 459

İstivurma (və ya günvurma) — yay aylarında xüsusilə günəş altında uzun müddət qalmaqla əlaqədar baş verən ciddi bir vəziyyətdir. Bu zaman bədənin temperaturu həddindən artıq yüksəlir və orqanizmin istilik tənzimləmə sistemi pozulur. İstivurma vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yarada bilər.

 

Bəs görəsən, yay aylarında istivurma riski niyə artır və nələrə diqqət etməliyik?

Bu sualla MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovaya müraciət etdik. O, istivurma hallarının yayda daha çox rast gəlinməsinin bir neçə əsas səbəbini belə izah etdi:

🔸 Yüksək temperatur və rütubət: Yay aylarında havanın temperaturu 35°C-dən yuxarı qalxdıqda və rütubət səviyyəsi də yüksəldikdə, bədən öz temperaturunu təbii şəkildə tənzimləməkdə çətinlik çəkir. Bu da istivurmaya səbəb ola bilər.

🔸 Günəş altında uzun müddət qalmaq: Xüsusilə günorta saatlarında, birbaşa günəş şüaları altında olmaq bədənin iç temperaturunu sürətlə yüksəldir. Bu zaman baş ağrısı, başgicəllənmə və hətta huşun itməsi kimi simptomlar baş verə bilər.

🔸 Kifayət qədər maye qəbul edilməməsi: Yayda tərləmə yolu ilə bədəndən çox miqdarda su və elektrolit itir. Əgər bu itki maye ilə kompensasiya olunmazsa, orqanizm susuz qalaraq istivurmaya meyilli olur.

🔸 Uşaqlar və yaşlılar risk altındadır: Dr. Nərminə Abbasova qeyd edir ki, körpələr, yaşlılar və xroniki xəstəliyi olan şəxslər istivurmaya qarşı daha həssasdır və bu qruplarda profilaktik tədbirlər xüsusilə vacibdir.

🔸 Qapalı və istiyə qarşı zəif ventilyasiyalı mühitlər: Əgər yayda kondisioner olmayan qapalı yerlərdə çox qalınırsa, orqanizm yenə də istilik balansını saxlamaqda çətinlik çəkir.

 

Həkim onu da vurğuladı ki, yay aylarında günorta saatlarında açıq havada fəaliyyətdən qaçmaq, yüngül və açıq rəngli geyimlərdən istifadə etmək, bol maye qəbul etmək və başı qoruyacaq papaqlardan istifadə etmək istivurmanın qarşısını almaqda əsas amillərdəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir