Hey yaddaşımın zəifliyindən şikayətlənirəm. Haqlıyam da. Bu şoqərib yaddaşım çox vaxt məni pərt vəziyyətə salır. Məsələn, birisi ilə rastlaşıram, bilirəm ki, tanıyıram, amma kim olduğunu yadıma sala bilmirəm ki, bilmirəm. Deyəcəksiniz ki, əhəmiyyətli birisi olsa idi, yadda qalardı. Olsun, razıyam, haqlısınız. Lakin bu görüşlər sayəsində son vaxtlar özümdə aktyorluq məharətini də kəşf etmişəm. Özümü o yerə qoymuram, gülə-gülə hal-əhval tuturam, təbii ki, xitab etmədən (Bu arada, əgər sizinlə görüşəndə adınızla xitab edirəmsə, deməli, problem yoxdur, sizi xatırlayıram).
Hələ o günlərdə uzaqdan birinin üzündə saf təbəssüm mənə doğru yaxınlaşdığını görüb, ürəyimdə: “Bu qadını haradan tanıyıram?”- deyirdim. Elə isti salamlaşdı ki, utanıb, ölüb, yerə girdim. Yaxşı ki, çox ünsiyyətcil idi, dayanmadan danışırdı, mən də kim olduğunu xatırlamağa çalışırdım.
-Xəstəxanada hamı sənin xətrini istəyirdi.
Məlum oldu ki, təqribən 26-27 il əvvəl bir yerdə işləmişik.
Əlqərəz, yaddaşıma məəttələm. Deyəcəksiniz ki, pahoo, bizim dünən yediyimiz yadımızdan çıxıb, sən 26 il əvvəldən danışırsan. Məsələ burasındadır ki, təqribən eyni zaman uzaqlığında hadisələr var ki, yaddaşımdan silinmir. Bu necə olur? Yaddaşım mənimlə oyun oynayır?
Aqillər həmən anladılar: “Sənin dərdin başqadır”.
Başqadır hə, başqadır. Mənim dərdim oyundur.
24 ildən bəri yadımda qalan bir hadisə var: 2001-ci il. Yayın isti, “cırcırama dövrü”dür. Səhər-səhər mütaliə ilə məşğulkən həyətdə oynayan uşaqların səs-küyündən fikrimi toplaya bilmirdim. Uşaqlara hirslənmək üçün pəncərəyə yaxınlaşdıqda, nitqim qurudu. Gördüyüm mənzərə ürəkağrıdan idi. Hələ danışıqlarına qulaq verməmiş hansı səhnəni qurduqlarını anladım. 7-8 yaşlı uşaqlar bir cərgəyə düzülmüş, yanlarına da özləri boyda boş qutuları yığmışdılar. (Görəsən, bu qutuları toplamaq üçün neçə zibilxana gəzmişdilər?)
Uşaqlardan biri digərini qəsdən itələyərək səs-küy saldı:
-Növbəyə girmə! Yoxsa gedib deyəcəyəm, gəlib səni lap axıra qoyacaqlar.
Cərgənin ortasından başqa biri: “az, deyir, yaman anbara vururlar malları. Onsuz da, bir pul qalmır. Qara pasporta altı min verirlər. Mənim elə yol pulum iki şirvandır da. Tobaa, mənə qalan elə bir şirvan olur”, – deyə səsləndi.
Dəhşət içindəydim. Bu zavallı körpələr valideynləri ilə belə hadisələrin azmı şahidi olmuşdular? Hələ mən onların pul məzənnəsindən peşəkarcasına baş çıxardıqlarını demirəm. Rəqəmləri yoxlamaq istəyən o dövrün adamlarından soruşa bilər. Həmin ilin yayı altı min İran tüməni üç şirvana, yəni, otuz min manata bərabər idi. Uşaqlar gözləri ilə gördükləri və analarının danışdıqlarını süd əzbər etmişdilər. Onlar şahidi olduqları mənzərəni səhnələşdirmişdilər. Yalan yox idi. Əlahəzrət fakt meydan sulayırdı.
Baxa-baxa qaldım, hirslənmədim də. Sadəcə ürəyim ağrıdı. Mənzərə acınacaqlı olsa da, uşaqların məharətinə söz yox idi.
Görəsən o uşaqların bizim uşaqlığımızda oynadığımız oyunlardan xəbəri yox idi? Son zamanlar əllərindən telefon yerə düşməyən uşaqlar da fikrimi yaman məşğul edir. Siz heç küçədə “dama-dama” oynayan uşaq görmüsünüzmü? “Dama-dama”nın, “ip sallama”nın zamanı keçib? İnsafən, top oynayan uşaqları az görmürəm. Amma indi uşaqlar əsasən telefon oynadır. İndi telefon at oynadır. Lakin hər uşaq da telefonu oynada bilmir.
Uşaqlar “Sehrli xalat”, “Ögey ana”, “Qaraca qız” kinolarının adlarını belə eşitməyiblər, qaldı ki, izləmək. Deməyim onu ki, indi uşaqlar telefonda oyun oynayırlar, kinoya baxmırlar, dil öyrənmirlər ,kitab oxumurlar. Halbuki bunların hər birini telefonda etmək olar. Çətin ki, bir valideynin You Tube-da milli kino və yaxud cizgi filmi açaraq kiçik yaşlı övladına seyr etdirdiyini görək. Ağıllı valideynlər animasiya filmlərinə müraciət edirlər, bunlar xarici animasiyalar olsalar da (dil öyrənmək üçün köməkçidir). Əksəriyyət isə telefonu verir uşağın əlinə, özünün də başı qarışır mətbəxə. Uşaq da qurdalaya-qurdalaya telefonun bütün sirlərinə vaqe olaraq lazımlı-lazımsız hər şeyə baxır.
Bir tərəfdən də zumer(zoomer) və alfa(alpha)nəsillərinin təsəvvürlərində internetsiz dünya mövcud deyil. Onlara virtual kontaktlar, virtual dostlar maraqlıdır. Bu dostların ən nüfuzlusu da ChatGPTdir. Bu arada, sosial şəbəkələrin əleyhinə deyiləm, qadjet, cihaz asılılığının əleyhinəyəm. Qızımın Z nəslinin nümayəndəsi kimi 13 yaşından aktiv sosial şəbəkə istifadəçisi olması ötən il Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 661 bal toplamasına əngəl olmadı.
Texnologiyanın həyatımızın vacib bir parçası olduğunu qəbul etsək də, sosial şəbəkələrdən şüursuz istifadənin, zərərli videoların uşaqların zehninin, düşüncəsinin hakimi olmasını qəbul etməməliyik. Əsl faciə valideyn laqeydliyidir.
P.S. Bu məqamda yazını yekunlaşdırmaq istəyirdim ki, uşaqlıqda oynadığım oyunlardan dolayı burnumun ucu göynədi bircə anda. Bəlkə də bu oyunların adları da belə deyil, ancaq biz oyunları belə adlandırırdıq: “Ortayagirmə”, “Gizlənqaç”, “Bənövşə, bəndə düşə”. Və yadıma bir də o gəlir ki, bu oyunlarda mən heç vədə uduzmazdım.
P.S.S. Hansi oyunları oynayırsınız, oynayın, təki oyun qurmayın. Bilin ki, “Allah oyun quranların ən xeyirlisidir” (Qurani- Kərim. Ali-İmran surəsi, 54-cü ayə).
Qeyd: Yazıda ChatGPT “dostumun” köməyindən istifadə etməmişəm.
Səbinə Əlincəli