Tərlan Fərzullayev – son vaxtlar isə Tərlan Nur Yaşar. Əksər tamaşaçılar onu “Bacanaqlar” teleserialından tanıyır. Ancaq 35 yaşlı aktyor bundan öncə də bir çox filmlərdə rol alıb. Onunla yaradıcılıq yolundan, film sənayemizdən, həmkarlarından, yumorumuzun bugünkü vəziyyətindən və s. mövzularda söhbətləşmişik.
– Niyə məhz Nur Yaşar? Nə deməkdir bu?
– Yaşar atamın adıdir. Nur isə nurdur. Hər kəsin kiminləsə paylaşmağa nuru olur. Mən də hər kəsi öz nurumun ətrafına toplamağa çalışıram.
– Uşaqlıqdan aktyorluq planı qururdunuzmu? Yoxsa siz də təsadüfən bir də gördünüz ki, səhnədəsiniz?
– Xeyr. Elə bir xəyalım olmayıb. Amma hamı məni zarafatcıl biri kimi tanıyıb. Şən və hazIrcavablar klubunda AZTU-nun şərəfini qorumuşam. bundan sonra çətinliklərlə bu yerlərə gəlmişəm.
– Bu gün Azərbaycan səhnəsində, yumorunda kimlər məktəb yaradır?
– Hər bir aktyor özlüyündə bir məktəbdir. Məktəblərin hamısı güclü olmağa məcbur deyil. Bu gün yox, illər sonra kimin yolunu çox adam getsə, onun məktəbinin güclü olması o zaman bilinəcək.
– Kiminlə tərəf müqabili olmaq daha rahatdır?
– Mənimlə ən rahatdır. Çünki qarşımdakı insanla çəkiliş zamanı çox ünsiyyətdə oluram. Mənə isə hamı ilə tərəf müqabili olmaq rahatdır.
– Elə vəziyyətlər olubmu ki, sizi o andan tərəf müqabiliniz xilas edib?
– Xilas etmək deməzdim, çünki mən tamaşa oynamamışam. Çəkilişdə kimisə xilas etməyə ehtiyac yoxdur. Səhv olanda yenidən çəkilir. Amma məni Azər Axşam kimi anlayan ikinci tərəf müqabilim olmayıb.
– Səhnə arxasında da yəqin unudulmaz anlar yaşanır. Hansı hadisəni hər xatırlayanda hələ də gülürsünüz?
– Xatırladığım bir hadisə yoxdu… (gülür)
– Yaxşı daha ciddi bir məsələ – Niyə sovet dövrünün filmlərini təkrar edə bilmirik? Problem nədədir?
– Maliyyə. maliyyə və maliyyə. Qalanı düzələn problemlərdir.
– Yəni deyirsiniz ki, sovet dövründən film sahəsinə daha çox vəsait qoyulub. Axı texnologiya da indi daha müasir və daha keyfiyyətli məhsullar hazırlamağa imkan verəndir.
– Razıyam. Amma yenə də həmin texnikaların icarəsi pula bağlıdır. Məsələn, mənim fikrimcə, seriallara pul əvəzinə texniki dəstək verilsə, daha çox nəticə əldə etmək olar. Çünki hamı ayrılan pulu işə yönəldir, texnikanı isə icarəyə götürür. Amma texniki dəstək verilsə, yəni pulun bir qismi texniki vəsaitlə əvəz olunsa, ikinci dəfə eyni şirkətə texniki vəsait gərək olmayacaq. bir sözlə, həm ayrılan vəsait özünü doğruldacaq, həm də istehsalçıların texniki bazası yaranacaq. Bu isə gələcək işlərin məsrəfini azaldacaq.
– Sizə elə gəlmirmi ki, seriallarımızın əksəriyyəti türklərin başqa adlı seriallarının təkararıdır?
– Təkrarını görməmişəm. Amma ana fikirdə bənzərliklər görmüşəm.
– Məsələn, “Qız atası” türklərdəki “Ən son babalar duyar”ın təkrarı deyilmi?
– İdeyanı götürmək heç də onu təkrarlamaq deyil. Məsələn, “Aramızda qalsın” serialı “Çocuklar duymasın” serialının ideyası üzərində hazırlanıb. Türk versiyasında serialın baş qəhrəmanı sonuna qədər ailənin başçısı və onun ailəsi qaldı. Amma Azərbaycan versiyasında mən epizodik obraz kimi Cəsarət obrazında olsam da, sonradan serialın baş qəhramanına çevrildim. Hadisələr artıq evdən yox, ofisdən başlayırdı. Komediya cəhətdən deyirəm bunu. Yəqin ki, elə bunun səbəbi idi ki, mən o serialdan ayrılandan sonra reytinqə kəskin təsir etdi. Film və televiziya sahəsində ideya götürülə bilər. amma mütləq yerli tamaşaçıya uyğun adaptasiya olmalıdır.
– Fərda, Elməddin, Rafail-Coşqun, yoxsa “Parni-iz baku” – tamaşaçını onlardan hansı daha
çox güldürə və bir də hansı daha çox düşündürə bilir, sizcə?
– Saydığınız adamların siyahısına ən azı on nəfəri də əlavə etmək olar. Məncə hər kəsin istənilən qədər bacarığı var. Bəzilərində bu həyatlarında bir dəfə alınır, bəzilərində daha çox. Həm də yaradıcılıq stabil olmur. Hər kəsin uğurlu və uğursuz çıxışı olur. Heç kəs istisna deyil. Əslində bizi güldürən tək aktyorlar deyil. Aktyorlar səhnədə müəlliflərin yazdığını canlandırır. Bəzi aktyorlar özləri həm də yazardı. Amma aktyorları sayıb müəllifləri kənarda qoymaq olmaz. Müşfiq Abbasov və Fərid-Orxan qardaşları, Fariz, Tural Sevdimalı, Ənvər və Samit cütlüyü, Anar, Alik və Mütəllim triosu, Vüqar Hüseynov, Mən, Elcan və Vüqar Əbdülov triosu, Fərda özü və yeganə müəllif heyəti olan telekanal – Xəzər TV-nin müəllif heyəti. Bunlar hamısı böyük uğurları olan müəlliflərdir. Amma mənim fikrimcə, ən güclü yumor yaza bilmə gücünə sahib ssenari heyəti vaxtilə “Tək səbir” verlişinin aktyor və eyni zamanda müəllifləri olan heyət olub. Bu heyət 6 yerə parçalanıb. Hamısı da ayrılıqda uğurlu fəaliyyət göstərir. Bu heyəti bir yerə toplaya biləcək kanal və maliyyə bu gün yoxdur.
– Hansı rolunuz daha çox sevirsiniz?
– Sədrəddin obrazını daha çox sevirəm. Çünki bir-birinin ardınca iki müdür obrazını canlandırmışdım 3 baci serialina kimi. Sədrəddin 3-cüsü idi. O obraz da müdür olduğundan əvvəlkilərə bənzəməməsi üçün çox çalışdım. Deyilənə görə, tam fərqli bir müdür obrazını tapa bilmişəm.
– Sevmək demişkən, ailəlisiniz?
– Ailəliyəm. 1 qızım var. Anam da bizimlə bərabərdir. Kaş ki, atam da dünyasını dəyişməzdi və o da bizimlə olardı. Amma ümumiyyətlə ailə mövzusunda danışmağı sevmirəm. Bu mənim şəxsi həyatımdır. Bu mövzularda qapalı adamam.
– Tərlan Nur Yaşardan hansı yaradıcılıq yenilikləri gözləyək.
– Hazırda yeni film üzərində işləyirəm. Maliyyə məsələsində bir futbolçu dostum kömək edir. Adını qala gecəsində açıqlayacam bu gözəl dostumun. Komediya janrında olacaq. Filmin adı “Salamatçılıqdı?” olacaq, amma dəyişiklik də ola bilər. Ssenarisi mən və Elcan Rəsulov tərəfindən yazılacaq. Rollarda maraqlı heyət yığılıb. Ən əsası texniki və yaradıcı heyət çox güclü olacaq.
Söhbətləşdi: Vüsal