Xuraman Memmedova

Xəyanət: münasibətlərdə etimadın dağılması

Baxış sayı: 602

Xəyanət — insan münasibətlərində ən dərin yaralardan birini açan, təkcə bir tərəfin deyil, bütöv bir bağın sarsılmasına səbəb olan mürəkkəb hadisədir. Xüsusilə həyat yoldaşına edilən xəyanət, yalnız emosional deyil, eyni zamanda psixoloji, sosial və bəzən mənəvi fəsadlar yaradır. Bu məqalədə xəyanətin səbəbləri, formaları, insan psixologiyasına təsiri və cəmiyyət daxilində yaratdığı izlər təhlil olunur.

Xəyanət çox zaman bir anlıq zəiflik kimi təqdim edilsə də, əslində uzun müddət yığılan daxili boşluqların, ifadə olunmamış ehtiyacların və ya həll olunmamış konfliktlərin nəticəsidir. Bu yazı xəyanət edən insanları nə bəraət qazandırmaq, nə də yalnız ittiham etmək məqsədi daşıyır; məqsəd anlamaq, səbəbləri dərinlikdə görmək və nəticələrini dürüst şəkildə nümayiş etdirməkdir.

 

Xəyanətin anlayışı və formaları

Xəyanət təkcə fiziki münasibətlə məhdudlaşmır. O, emosional, psixoloji və hətta virtual münasibətlərdə də baş verə bilər. Fiziki xəyanət bədənlərin yaxınlaşmasıdırsa, emosional xəyanət qəlbin uzaqlaşmasıdır. Bəzən insan öz həyat yoldaşı ilə eyni evdə yaşaya-yaşaya, duyğusal olaraq başqa birinə sığınır. Bu isə ən az fiziki xəyanət qədər dağıdıcı ola bilər.

Müasir dövrdə texnologiyanın inkişafı ilə virtual xəyanət anlayışı da geniş yayılıb. Sosial şəbəkələrdə gizli yazışmalar, gizlədilən əlaqələr və paralel emosional bağlar etimadı səssiz-səmirsiz məhv edir. Xəyanətin bu forması çox zaman “zərərsiz” kimi qiymətləndirilsə də, münasibətin təməlindəki dürüstlük prinsipini zədələyir.

 

Xəyanətin psixoloji səbəbləri

Xəyanət edən insanların psixoloji dünyasına baxdıqda, tez-tez ortaq nöqtələr görünür: diqqətə aclıq, özünü dəyərsiz hiss etmə, təsdiqlənmə ehtiyacı, qorxu və ya daxili boşluq. Bəziləri üçün xəyanət özünü yenidən canlı hiss etməyin yoludur, bəziləri üçünsə məsuliyyətdən qaçış formasıdır.

Uşaqlıq dövründə yaşanan emosional laqeydlik, qeyri-sabit ailə modeli və ya etibarsız bağlanma tipləri atanın uşağın həyatında rolu yetkinlikdə xəyanət davranışına zəmin yarada bilər. İnsan sevməyi bacarmadığı üçün deyil, sevməyi təhlükəsiz hesab etmədiyi üçün xəyanət edir. Bu, çox zaman şüuraltı səviyyədə işləyən qorunma mexanizmidir.

 

Xəyanət edilən tərəfin yaşadıqları

Xəyanətə məruz qalan insan üçün bu hadisə sadəcə bir münasibət problemi deyil, şəxsiyyətə yönəlmiş bir zərbədir. Etimadın itirilməsi, özünə inamın sarsılması, dəyərsizlik hissi və davamlı şübhə bu prosesin əsas müşayiətçiləridir. Xəyanət edilən insan çox zaman “Məndə nə çatmırdı?” sualı ilə özünü ittiham etməyə başlayır.

Bu mərhələdə psixoloji travma qaçınılmazdır. Post-travmatik stress əlamətləri, yuxu pozuntuları, təşviş və depressiya tez-tez müşahidə olunur. Xəyanətin acısı təkcə həmin anla bitmir; o, illərlə insanın münasibətlərə baxışını dəyişdirə bilər.

 

Cəmiyyət və xəyanətə baxış

Cəmiyyət çox zaman xəyanət edənlə xəyanət ediləni eyni tərəziyə qoyur. “Hər iki tərəf günahkardır” yanaşması, məsuliyyəti bölüşdürərək problemin dərinliyini ört-basdır edir. Halbuki hər münasibətdə problemlər ola bilər, amma xəyanət bir seçimdir.

Xüsusilə qadınlara qarşı yönələn ittihamlar, “yoldaşını saxlaya bilmədi” kimi stereotiplər cəmiyyətin patriarxal düşüncə tərzinin göstəricisidir. Kişi xəyanəti isə bəzən normallaşdırılır və ya bəraət qazandırılır. Bu ikili standartlar xəyanətin yaratığı yaraları daha da dərinləşdirir, amma iki cinsin xəyanətə baxışı hiss etməsi və yanaşması fərqlidir.

 

Qadın xəyanəti: Emosional boşluğun səsi

Qadın xəyanəti cəmiyyətdə daha sərt mühakimə olunur. Çünki qadın çox zaman ailənin emosional dayağı kimi görülür və ondan sədaqət deyil, səssiz dözüm gözlənilir. Halbuki qadın xəyanəti nadir hallarda ani ehtirasın nəticəsi olur. Bu xəyanət, illərlə yığılan eşidilməmək, görünməmək və dəyərsizləşmək hissinin səssiz üsyanıdır.

Psixoloji baxımdan qadın xəyanətinin kökündə emosional laqeydlik dayanır. Qadın anlayış, paylaşım və emosional təhlükəsizlik axtarır. Bu ehtiyaclar uzun müddət qarşılanmadıqda, qadın əvvəlcə içində geri çəkilir, sonra isə onu anlayan bir “dinləyici”yə bağlana bilər. Çox zaman qadın xəyanəti fiziki deyil, emosional başlayır.

Qadın üçün xəyanət bəzən özünü yenidən xatırlamaqdır: “Mən hələ varam, hiss edirəm, dəyərliyəm” deməyin yanlış, amma psixoloji olaraq anlaşılan yoludur.

 

Kişi xəyanəti: Təsdiqlənmə və güc axtarır

Kişi xəyanəti isə daha çox eqo, təsdiqlənmə və güc hissi ilə əlaqəlidir. Cəmiyyət kişini güclü, istəkli və daim seçən tərəf kimi formalaşdırdığı üçün, bəzi kişilər xəyanəti öz kişi kimliyinin sübutu kimi yaşayır. Bu, xüsusilə emosiyalarını ifadə etməyi öyrənməmiş kişilərdə daha qabarıq görünür.

Psixoloji olaraq kişi xəyanətinin kökündə tez-tez özünə inamsızlıq gizlənir. Kişi dəyərli olduğunu hiss etmək, arzuolunan olmaq və nəzarəti əlində saxlamaq ehtiyacı ilə xəyanət edə bilər. Bu tip xəyanətlər çox zaman emosional dərinlik daşımır, lakin məsuliyyətsizlik və empatiya çatışmazlığı ilə müşayiət olunur.

Kişi üçün xəyanət bəzən qaçışdır: problemlə üzləşmək əvəzinə, diqqəti başqa bir məkana yönəltmək cəhdidir.

Xəyanət qadın və ya kişi olmasından asılı olmayaraq, münasibətdə pozulan əlaqəningöstəricisidir. Lakin hər xəyanət eyni səbəbdən doğmur. Burda əsas məqsədim kiminsə günahkar elan edilməsi deyil, insanın öz həqiqəti ilə üzləşməsidir. Çünki dəyişməyən səbəblər, təkrarlanan ağrılara gətirib çıxarır, edilən səhvin rəngindən, boyundan və zamanından asılı olmayaraq can ağrıdır.

 

Xuraman Məmmədova

Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir