Nitq uşağın ətraf aləmlə əlaqə qurmasının əsas vasitəsidir. Uşaq danışaraq ehtiyaclarını bildirir, hisslərini ifadə edir, sosial münasibətlər yaradır və tədricən öz şəxsiyyətini formalaşdırır. Bu səbəbdən nitqdə yaranan hər hansı pozuntu yalnız səslərin səhv deyilməsi deyil — uşağın ümumi inkişafına təsir edən mühüm bir faktordur.
Valideynlərin ən çox rastlaşdığı problemlərdən biri də uşağın bəzi səsləri düzgün tələffüz etməməsidir. Bəzən bu vəziyyət “öz-özünə keçər” kimi qəbul edilir, bəzən isə uşağın tənbəlliyi və ya diqqətsizliyi ilə əlaqələndirilir. Halbuki bu hallar çox vaxt loqopedik terminlə dislaliya adlanan nitq pozuntusu ilə bağlı olur.
Bu məqalədə dislaliyanın nə olduğu, hansı səbəblərdən yarandığı, uşağın inkişafına necə təsir göstərdiyi və hansı hallarda mütəxəssisə müraciətin vacib olduğu sadə və elmi əsaslarla izah edəcəyəm.
Dislaliya nədir?
Dislaliya — eşitmə qabiliyyəti normal olan və mərkəzi sinir sistemində ciddi zədələnmə müşahidə edilməyən uşaqlarda səslərin səhv tələffüz olunması ilə xarakterizə edilən nitq pozuntusudur.
Sadə dillə desək, uşaq müəyyən səsləri: – düzgün demir,
– başqa səslərlə əvəz edir,
– buraxır,
– və ya təhrif olunmuş şəkildə tələffüz edir.
Məsələn: “r” əvəzinə “l” demək,
“s” səsinin “ş” kimi çıxması,
bəzi səslərin ümumiyyətlə işlədilməməsi və s.
Dislaliya zamanı uşağın söz ehtiyatı normal ola bilər, cümlə qura bilər, fikrini ifadə edə bilər — lakin səslərin düzgün formalaşmaması nitqin aydınlığını pozur.
Əksər hallarda valideynlər problemi uşaq danışmağa başladıqdan sonra hiss edirlər. Lakin səslərin inkişafı mərhələli prosesdir və hər yaş dövrünün öz normativləri var. Müəyyən yaşdan sonra səslərin hələ də formalaşmaması artıq mütəxəssis müdaxiləsini tələb edir.
Dislaliyanın növləri
Loqopediyada dislaliya əsasən iki formada rast gəlinir:
Funksional dislaliya
Bu zaman artikulyar aparatın quruluşunda ciddi anatomik problem olmur. Problemin əsas səbəbi funksional xarakter daşıyır:
– fonematik eşitmənin zəif inkişafı,
– yanlış nitq modeli (ətraf mühitdə səhv danışıq nümunələri),
– artikulyasiya əzələlərinin zəifliyi,
– diqqət və qavrama xüsusiyyətləri.
Bu tip dislaliya daha çox rast gəlinir və düzgün loqopedik yanaşma ilə effektiv şəkildə korreksiya olunur.
Mexaniki dislaliya
Bu halda səslərin düzgün çıxmaması artikulyar aparatın quruluş xüsusiyyətləri ilə bağlı olur:
– dilaltı bağın qısa olması,
– diş sıralarının pozulması,
– çənə quruluşundakı fərqlər,
– damaq problemləri və s.
Belə hallarda loqopedlə yanaşı stomatoloq, ortodont və ya digər mütəxəssislərin iştirakı da lazım gələ bilər.
Dislaliyanın yaranma səbəbləri
Dislaliyanın formalaşmasına bir neçə faktor təsir göstərə bilər:
– artikulyasiya aparatının zəif inkişafı,
– fonematik eşitmənin kifayət qədər formalaşmaması,
– erkən yaşlardan yanlış danışıq nümunələrinin eşidilməsi,
– nitq mühitinin zəifliyi,
– ümumi psixomotor inkişaf xüsusiyyətləri.
Bəzi hallarda problem tək bir səbəbdən deyil, bir neçə faktorun birgə təsirindən yaranır.
Dislaliyanın uşağın inkişafına təsiri
Bəzən dislaliya yalnız “səsləri səhv demək” kimi qəbul edilir. Halbuki bu pozuntu uşağın bir çox inkişaf sahəsinə dolayı və birbaşa təsir göstərə bilər.
Əvvəla, nitqin aydın olmaması uşağın ünsiyyətində çətinlik yaradır. Ətrafdakılar uşağı tez-tez başa düşmədikdə, uşaq özünü ifadə etməkdən çəkinə bilər. Bu isə zamanla özünəinamın azalmasına səbəb ola bilər.
Məktəb yaşına yaxınlaşdıqca dislaliya daha ciddi nəticələr verə bilər. Səsləri düzgün ayırd etməyən və tələffüz etməyən uşaqlarda oxu və yazı bacarıqlarının formalaşmasında risk artır. Bu vəziyyət gələcəkdə disqrafiya və disleksiya kimi çətinliklərin yaranmasına zəmin yarada bilər.
Bundan əlavə, uşağın sosial münasibətlərində də problemlər yarana bilər. Yaşıdlarının lağ etməsi, uşağın danışığından utanması və ya özünü geri çəkməsi emosional vəziyyətə mənfi təsir göstərə bilər.
Bu səbəbdən dislaliya yalnız estetik nitq problemi deyil, uşağın ümumi inkişafına təsir edən kompleks bir vəziyyət kimi qiymətləndirilməlidir.
Dislaliyanın diaqnostikası necə aparılır?
Dislaliyanın düzgün qiymətləndirilməsi yalnız səslərin dinlənməsi ilə bitmir. Loqopedik diaqnostika kompleks şəkildə aparılır və bir neçə mərhələni əhatə edir:
– uşağın spontan nitqinin müşahidəsi,
– səslərin ayrıca və söz daxilində tələffüzünün yoxlanılması,
– artikulyasiya aparatının vəziyyətinin qiymətləndirilməsi,
– fonematik eşitmənin yoxlanması,
– nəfəs, səs və ümumi motorikanın müşahidəsi.
Lazım gəldikdə digər mütəxəssislərin (stomatoloq, ortodont, nevroloq və s.) rəyi də nəzərə alınır.
Valideynlərin verdiyi məlumatlar da diaqnostikanın mühüm hissəsidir: uşağın nitqinin nə vaxt başladığı, ev mühiti, əvvəlki müdaxilələr və gündəlik müşahidələr loqoped üçün qiymətli mənbədir.
Əsas məqsəd problemin səbəbini dəqiq müəyyənləşdirmək və uşağa uyğun fərdi korreksiya planı hazırlamaqdır.
Dislaliyanın korreksiyası: ümumi yanaşma
Qeyd etmək vacibdir ki, dislaliyanın korreksiyası fərdi qiymətləndirmə tələb edir və internetdən öyrənilən məşqlərlə müstəqil aparılan müdaxilə bəzi hallarda problemin dərinləşməsinə səbəb ola bilər. Hər uşağın nitq xüsusiyyətləri fərqlidir və eyni üsul hər kəs üçün uyğun olmur.
Loqopedik korreksiya adətən aşağıdakı mərhələləri əhatə edir:
Diaqnostik mərhələ
Uşağın nitq vəziyyəti tam qiymətləndirilir və fərdi proqram tərtib olunur.
Artikulyasiya aparatının hazırlanması
Dil, dodaq və çənə əzələlərinin aktivləşdirilməsi üçün xüsusi hazırlıq işi aparılır.
Səsin qoyuluşu
Problemli səs düzgün mövqedə formalaşdırılır.
Avtomatlaşdırma
Yeni öyrənilən səs heca, söz, cümlə və spontan nitqdə möhkəmləndirilir.
Ümumiləşdirmə
Səs gündəlik danışığa köçürülür və sabitləşdirilir.
Valideynlərin rolu bu prosesdə çox önəmlidir. Onlar loqoped tərəfindən verilən tapşırıqları evdə davam etdirməli, uşağa düzgün nitq modeli təqdim etməli və motivasiyaedici mühit yaratmalıdırlar. Lakin səsin qoyuluşu və əsas korreksiya işi mütləq mütəxəssis tərəfindən aparılmalıdır.
Dislaliya vaxtında müdaxilə edildikdə uğurla korreksiya olunan nitq pozuntularındandır. Əsas şərt problemi erkən mərhələdə aşkar etmək və peşəkar dəstək almaqdır.
Valideynlərə tövsiyə olunur:
– uşağın nitq inkişafını diqqətlə izləsinlər,
– müəyyən yaşdan sonra səslər formalaşmırsa gözləmə mövqeyində qalmasınlar,
– mütəxəssis məsləhəti almadan özbaşına müdaxilələr etməsinlər,
– uşağın nitqinə qarşı səbirli və dəstəkləyici yanaşsınlar.
Unutmaq olmaz ki, düzgün qurulmuş loqopedik proses yalnız səslərin düzəlməsi deyil, uşağın özünəinamının, ünsiyyət bacarıqlarının və ümumi inkişafının möhkəmlənməsi deməkdir.
Gülçöhrə Həsənova
Defektoloq-loqoped, surdopedaqoq
GULYA MMC-nin təsisçi rəhbəri











































































































































































