Mehriban Eliyeva

"Böyüklər belə bunu edə bilmirsə, uşaqlardan gözləntilərimiz çox cüzi olacaq" - PSİXOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 506

Müasir dövrdə uşaqların psixoloji inkişafı, davranış xüsusiyyətləri və gündəlik həyatda üzləşdikləri çətinliklər valideynləri ən çox düşündürən mövzulardandır. Xüsusilə neyrotipik uşaqlarda müşahidə olunan davranış problemləri, qida seçiciliyi, sosial adaptasiya çətinlikləri, stress və rəqəmsal mühitin təsiri kimi məsələlər düzgün yanaşma tələb edir. Bu mövzularla bağlı doğru və elmi əsaslara söykənən məlumatlar valideynlər üçün olduqca vacibdir.

Bu məqsədlə “Gencaile.az” saytı olaraq uşaq psixoloqu Mehriban Əliyeva ilə uşaqlarda davranış problemlərinin səbəbləri, qida vərdişlərinin formalaşması, sosial əlaqələrdə yaşanan çətinliklər, valideyn-uşaq münasibətlərinin rolu və rəqəmsal dünyanın uşaqların psixoloji inkişafına təsiri kimi aktual suallara aydınlıq gətirdik. Mütəxəssis valideynlər üçün faydalı tövsiyələrini bölüşərək, uşaqların sağlam psixoloji inkişafına dəstək olmağın yollarından da danışdı.

 

– Neyrotipik uşaqların davranış problemləri ilə bağlı nə kimi ümumi hallar müşahidə olunur? Hər bir uşaq fərdi olduğu üçün bu halları necə fərqləndirirsiniz?

– Neyrotipik uşaqlarda əsasən davranış problemləri özünü asosiallıq, adaptasiyanın uzunmuddətli olması, aqressivlik. intizamsızlıq, ərköyünlük və s. kimi özünü göstərir. Hər bir uşaq bir fərddirsə, artıq o fərqlidir. Amma daha dəqiq fərqliliyi müəyyən etmək üçün uşağın müşahidə və müayinə edilməsi, psixiatr va nevroloqun diaqnozu, beynəlxalq skrininq testlərin keçirilməsi vacibdir.

 

– Uşaqların qida seçiciliyi ilə bağlı, valideynlərə hansı tövsiyələri verirsiniz? Uşaqlar niyə müəyyən qidaları qəbul etməməyə meyllidirlər və bunun psixoloji səbəbləri nələrdir?

– Qida seçiciliyinin müxtəlif səbəbləri var. Uşağın qida qəbuluna başladığı ilk gündən, hətta ananın hamiləliyi necə keçirməsi, doguş zamanı, doguşdan sonra yaranan problemlərdən tutmuş qidanın qoxusuna və gorünüşünə qədər nüanslar önəmlidir. Onu da deyim ki, qidalara qarşı uşaqlarda olan həssaslıq 3 cür ola bilər və bu sensor inteqrasiya pozuntususudur.

1) yüksək həssaslıq

2) aşağı həssaslıq

3) axtarışda olan

yüksək həssaslıqda uşaqlar qidanın iyini hiss edən kimi  və yaxud görən kimi qətiyyətlə yeməkdən imtina edirlər, aşağı həssaslığı olan uşaqlar tam əksinə, yeməyin dadını, iyini ümumiyyətlə hiss etmirlər, qidanı ağzında dəqiqələrlə saxlayılar, çeynəmir və udmurlar. Axtarışda olan uşaqlar daim nə isə yemək, yaxud eyni qidanı yemək, ya da hətta qeyri qidaları çeynəmək, qəbul etmək kimi xüsusiyyətlər göstərirlər. Valideyn uşağa yedizdirmək istədiyi yeməyi özü də yeyirmi? Yəni uşaq inkişafının böyük bir hissəsini bizim onlara göstərəcəyimiz nümunə formalaşdırır. Valideyin yeməlidir ki,  uşaq da yesin. Uşağa əvvəlcə dadızdıraraq,  sonra kiçik porsiyalarla və daha sonra uşağın normasına uyğun yemək təqdim etmək və qida seçiciliyini müəyyən qədər aradan qaldırmaq olar.

 

– Əgər bir uşaq davamlı olaraq sosial əlaqələr qurmaqda çətinlik çəkirsə, bu hansı psixoloji amillərlə əlaqədar ola bilər və bu vəziyyəti necə yaxşılaşdırmaq olar?

– Uşaqlar sosial əlaqə qurmaqda nə vaxt çətinlik yaşayır – yeni bağçaya gedərkən, məktəbə gedəndə, tanımadıgı bir mühütə düşəndə və evə tanımadıgı bir adam gələndə və yaxud belə deyək, müəyyən məkan, coğrafi ərazi dəyişikliyi edərkən sosial əlaqə yaratmaqda onunçün çətinlik ola bilər. Əgər bu qısa müddətdə həll olunursa, normal sayılır. Əgər günlərlə hətta aylarla davam edirsə, mütləq mütəxəssis köməyinə ehtiyac vardır. Bununla yanaşı, ailənin bağça və məktəblə sıx əməkdaşlığı əvvəlcədən yaranarsa, uşağa daha effektiv dəstək etmiş olarıq.

 

– Uşaqların stress və narahatlıq ilə baş etmə yolları zamanla dəyişirmi? Onların psixoloji ehtiyaclarını necə müəyyənləşdirirsiniz və buna uyğun müalicə yolları nə qədər təsirlidir?

– Dəyişə də bilər dəyişməyə də. Ailə uşağın inkişafında ilkin və çox vacib rol oynayır. Uşaqlarımıza öz hisslərini ifadə etməyi öyrətməliyik. Amma sual-cavab şəklində deyil. Elə edək ki, uşaq sizin onu anladıgınızı, hər nə olursa onun yanında olacağınızı, problemləri bir yerdə həll edəcəyinizi  bilsin.  Ən əsası zaman-zaman səhvi-düzü uşağa izah etməli və bunu edərkən daha çox özünüz nümunə olaraq göstərməliyik. Əgər uşaq stres və narahatlıq keçirdiyini hiss edirsə, bunu valideynlərinə söyləyirsə və vaxtında mütəxəssisə müraciət edilirsə, vəziyyəti stabilləşdirmək və növbəti narahat vəziyyətdə özünü necə aparacağını da bilmək olar.

Mehriban e

– Hər hansı bir davranış probleminin kökündə valideynlərin yanaşma tərzi və tərbiyə üsulları nə dərəcədə rolu oynayır? Uşaqların davranışını düzgün istiqamətləndirmək üçün valideynlərə nə kimi məsləhətlər verirsiniz?

– Davranış problemlərinin kökündə nə dayandığını aydınlaşdırmaq üçün valideynin hansı ailə tərbiyə modelindən istifadə etdiyini bilmək lazımdır:

1) Mühafizəkar (həddindən artıq qoruyucu) – hər şeydən və hər kəsdən uşaqlarını qorumağa çalışan valideynlər

2) Avtoritar – sanki fiziki və psixoloji güc numayiş etdirir və bütün qərarları ya ata, ya da ana verir, uşağın heç bir fikri nəzərə alınmr.

3) Liberal ailədə sanki uşaq valideyni idarə edir. Çoxluq olaraq bu ailə tiplərində davranış problemlərinə rast gəlirik. Valideynlərə uşaqlarına intizamlı olmağı, mütləq müəyyən gündəlik rutinləri yerinə yetirməyi, mükafat -cəza sistemi tətbiq etməyi, uşaqların yanında onları bir-bir ilə və yaxud başqaları ilə müqayisə etməməyi tövsiyə edirəm. Uşaqlarına yeni bacarıq və vərdişlər öyrənməkdə azadlıq versinlər. Davamlı cəzalandırmaq və yaxud hər qeyri adekvat davranışa görə “heç nə olmaz” desək, uşaq nəyin yaxşı, nəyin pis olduğunu bilməyəcək.

 

– Uşaqlarda “sağlam” qida vərdişləri yaratmaq nə dərəcədə psixoloji baxımdan əhəmiyyətlidir? Belə vərdişlər həm fiziki, həm də psixoloji sağlamlıq üzərində necə təsir edə bilər?

– Belə bir deyim var: “insan nə yeyirsə o dur”. Bizim fiziki sağlamlğımız psixiki sağlamlığımıza birbaşa təsir edir. Qidalar çeşidli olmalıdır, xüsusilə eynitipli qidalardan çəkinməliyik. Sağlam qidalanma da ailədən başlamalıdır. Uşaqla birgə bazarlığa getmək olar, alınan qidanın tərkibini izah etsək və bunu etmək üçün uşağın maraqlarına uyğun hərəkət etsək, istəyimizə daha yaxşı nail olmuş olarıq.Və yenə də ailənin rolunu qeyd etmək istəyirəm: əgər valideyn fast-food və buna bənzər qidalar yeycəksə, uşağına isə tərəvəz, yaxud müxtəlif sıyıq və başqa sulu qidalar təqdim edəcəksə, sağlam qidalanma istəyimizi unutsaq yaxşı olar, məncə. Yəni uşaq fikirləşəcək ki, bu yaxşıdırsa, niyə anam, ya da atam da yemir ki?! Valideynlər mümkün qədər uşaqları ilə birlikdə süfrə arxasında əyləşməli, nə qədər yeyə bilərsə o qədər yeməlidirlər ki, uşaqlar da görsünlər ki, valideynlər də o yeməkdən belə demək mümkünsə, bəh-bəhlə yedilər (təbii ki bəzi istisnaları nəzərə alaraq).

 

– Son dövrlərdə uşaqların rəqəmsal dünyaya daxil olmaları daha çox yayılmaqdadır. Bu, onların psixoloji inkişafına necə təsir edir və valideynlər bu məsələdə necə balans yaratmalıdılar?

– Bizim öncəliyimiz süni intellekt, telefon və başqa vasitələrin bizi idarə etməsini deyil, bizim onu idarə etməyimiz üçün sağlam şəraiti yaratmağımızla birbaşa baglıdır. Bunu ancaq limitli şəkildə həyata keçirə bilərik və yenə də nümunə olaraq özümüzü göstərməliyik. Böyüklər belə bunu edə bilmirsə, uşaqlardan gözləntilərimiz çox cüzi olacaq. İş, dərs müəyyən vacib xəbərləri öyrənmək məqsədilə istifadə edilə bilər, qalan vaxtlar boş-boşuna keçirilən saatlar kimi dəyərləndirmək olar. Amma bunu da etiraf etməliyik ki, internet, süni intellekt istifadəçiləri artıq bir asılılıq kimi (alkoqol, narkotik qəbulu qədər) sosial platformalara bağlıdırlar. Əziz valideynlər, uşaqlarınızın tərbiyəsi ilə  bağlı verdiyiniz qərarlarda dayanıqlılıq, səbr və təmkin nümayiş etdirməyinizi, mütləq nümunə olmağınızı tövsiyə edirəm.

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir