2023-cü ilin 6 fevral tarixində Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ bütün dünyanı, xüsusilə də Azərbaycan xalqını dərindən sarsıtdı. Minlərlə insanın həyatına son qoyan, şəhərləri yerlə-yeksan edən bu təbii fəlakət qardaş Türkiyə üçün böyük bir sınaq oldu.
Bu faciə təkcə Türkiyənin deyil, bütün türk dünyasının ağrısıdır. Çünki Azərbaycan və Türkiyə arasındakı münasibətlər rəsmi tərəfdaşlıqdan çox-çox üstündür. “Bir millət, iki dövlət” prinsipi bu ağır günlərdə bir daha öz real və mənəvi gücünü göstərdi.
Zəlzələnin ilk saatlarından etibarən Azərbaycan dövləti və xalqı Türkiyənin yanında oldu. Axtarış-xilasetmə qrupları, tibb işçiləri və könüllülər dərhal fəlakət bölgələrinə göndərildi. Humanitar yardımlar, çadırlar, tibbi ləvazimatlar və ərzaq məhsulları qısa müddətdə qardaş ölkəyə çatdırıldı. Bu dəstək təkcə maddi yardım deyil, eyni zamanda mənəvi həmrəyliyin açıq ifadəsi idi.
Azərbaycan xalqı üçün Türkiyənin ağrısı yad deyil. Çünki tarix boyu sevinclərimiz də, kədərimiz də ortaq olub. Bu faciə bir daha sübut etdi ki, çətin gündə dostluq sözlə deyil, əməllə ölçülür. Azərbaycan bu imtahandan da qardaşlıq borcuna sadiq qalaraq çıxdı.
Zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi daim qəlbimizdə yaşayacaq. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə və bütün Türkiyə xalqına səbr və dözüm diləyirik. Dağıntılar nə qədər böyük olsa da, insan iradəsi və həmrəylik ondan da güclüdür.
Bu çətin günlər keçəcək, şəhərlər yenidən qurulacaq, yaralar sağalacaq. Amma bu faciə zamanı göstərilən birlik və qardaşlıq tarixdə silinməz iz qoyacaq. Azərbaycan xalqı olaraq bu gün də, sabah da, hər zaman qardaş Türkiyənin yanındayıq.
Başın sağ olsun, Türkiyəm!
Jalə Mirsaab
Türkiyə-Azərbaycan təhsil təmsilçisi












































































































































































