Standartlaşdırma Komitəsi halal olan və olmayan qidaların siyahısını açıqlayıb. Halal olan qidaların sırasında yer alan ət məhsullarında heyvanın kəsimi zamanı Allahın adının anılmasının və həmin heyvanın halal yemlərlə qidalanmasının vacibliyi vurğulanıb. Bunların əksi olarsa, həmin heyvanın əti halal hesab edilmir.
Buradan bir sual ortaya çıxır. Bəs bizim yediyimiz broyler toyuqları necə, halaldırmı?
Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tamam imtina edə bilmirik. Broyler toyuqlarının kənd toyuqlarından böyük olması onun ərsəyə gətirilməsində təbii qidalardan istifadə edilmədiyi haqda fikirlər yaradır. Çünki quşların öz təbii böyümə müddəti var və onlar təbii yemlərlə, yəni arpa, buğda, darı, ot, soxulcan və sairə ilə qidalanmalıdır.
Ancaq təəssüflər olsun ki, bu gün Azərbaycanda fəaliyyət göstərən broyler şirkətləri toyuqların tez böyüməsi və şiş olması üçün onları mənşəyi bilinməyən yemlə, hətta GMO tərkibli yemlərlə qidalandırır, yaxud yemə hormonal preparatlar qatır. Buradan da belə qənaətə gəlmək olar ki, mənşəyi bilinməyən qidalarla yemlənən broyler toyuqları halal deyil.
Kənd toyuğu ilə broyler toyuğunun fərqini onun sümüyünə baxanda belə bilmək mümkündür. Belə ki, kənd toyuğunun sümüyü ağ və bərk olur. Broyler toyuğunun sümüyü isə tez sınır və rəngi tünd olur. Təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar.
Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Toyuqlar kəsilən kimi – 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir. Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.
Bəs broyler toyuqlarının qidalandığı yemlərin mənşəyi, halal olub olmamasını bilmək üçün hər hansısa monitorinqlər aparılırmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov broyler toyuqlarının GMO yemlə qidalandığı üçün halal hesab edilmədiyini dedi: “Azad İstehlakçılar Birliyinin bir neçə il əvvəl apardığı tədqiqat göstərir ki, broyler toyuqlarını Genetik Modifikasiya Olunmuş kompenentlər olan yemlə qidalanır. Halal standartlarında GMO kompanenti haram hesab olunur. Azad İstehlakçılar Birliyi bir azda dərinə gedərək müəyyən edib ki, ümumiyyətlə islam bankçılığı ilə maliyyələşməyən, faiz krediti ilə maliyyələşən mallar heç də halal deyil. Bu halal standartlar nəzərə alınmayıb. Düşünürük ki, bu amillər nəzərə alınmalıdır. Toyuqların inkişafı üçün onlara müxtəlif dərmanlar, qatqılar verilir. Bunların da mənşəyi məlum deyil. Ona görə gərək o broylerin hamısı incələnsin. Yalnız bundan sonra onlara halal demək olar”.
E.Hüseynov Azərbaycanda fəaliyyət göstərən bütün broylerin bu cərgəyə aid olduğunu bildirdi: “Mən bununla bağlı xarici ölkələrə dəvət almışam. Yaxın vaxtlarda müsəlman ölkələrində halal broyler əti istehsal edən müəssisələrə baş çəkəcəyəm. Bundan sonra fikrimi qətiləşdirəcəyəm”.
Günel Manaflı