Qadınların bədbəxt və xoşbəxt olduğu ölkələr – ARAŞDIQMA

Baxış sayı: 1. 148
Qadın gülərsə, şu issiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək !!!
Bu məqaləni yazmaqda məqsədim, feminizmlə coğrafiya arasındakı əlaqəni, qadınların bəynəlxalq coğrafi məkana inteqrasiyasını və var olma mübarizələrini ortaya qoymaqdır. Burada bəzi tarixi, hüquqi, siyasi, iqtisadi məsələlərə toxunacam və coğrafi məkanda qadınların necə yayılmasını və yaşamasını təhlil etməyə çalışacam.
Feminist (qadın) coğrafiyası – insan coğrafiyasının bir qolu olub, qadınların coğrafi məkanda davranışını və yaşayış xüsusiyyətlərini öyrənir. Feminist coğrafiyası sadəcə coğrafiya ilə deyil, iqtsadi, sosial, tarixi, hüquqi və s. elmlərlə də sıx bağlıdır. Bu elm hal-hazırda müxtəlif istiqamətlərdə inkişaf etməkdədir. Postmodern dövrdə bu istiqamətlər aşağıdakı kimidir :
–  Gender münasibətlərinin coğrafi müxtəlifliyi;
–  Qadınların yaşayış səviyyəsində olan coğrafi fərqlər;
–  Qadın qəribəliyinin coğrafiyası;
–  Qadınların məkanda hərəkət etməsinin (miqrasiyasının) və təhlükəsizliyinin müxtəlifliyi.
Müasir dövrdə məhz sonuncu istiqamət xüsusi maraq doğurur. Məsələn: qadınların gün ərzində hərəkət marşutu kişilərdən fərqlənir. Eyni zamanda qadınlar arasında təhlükəsizliyə müxtəlif baxışlar mövcuddur. Bununla yanaşı, qadınların cəmiyyətdə davranışı da müxtəlifdır. Ümumiyyətlə, qadın psixologiyası həmişə bəşəriyyət üçün cavabı axtarılan suallardan biri olub və məhz müasir dövrün qlobal problemlərindən biri də qadın coğrafiyasınin öyrənilməsidir. Geridə qalmış ölkələrdən, nisbətən inkişaf etmiş ölkələrə miqrasiya zamanı, çox vaxt qadınlara olan münasibət, kişilərə olan münasibətlə eyni olmur. Məsələn: Bir çox hallarda bələd olmadıqları ölkələrdə qadınlar asılı vəziyyətə düşürlər (cinsi istismar olunmaları, narkotrafikə cəlb olunmaları, əməyin istismarı və s.).
Feminist coğrafiyasının qısa tarixinə nəzər salsaq, görərik ki, qadın coğrafiyası elə də qədim bir keçmişə malik deyil. Coğrafi məkanda ilkin feminist qrupların yaranması Böyük Britaniyada və Şimali Amerikada 1970-ci illərin ortalarından başlayır. Bəşəri gender problemləri ilk dəfə olaraq 1974-cü ildə radikal coğrafiya jurnalı olan “Antipode”də  çap olunub. Burada radikallaşma və qadın əməyinə artan tələbat məsələsi ortaya qoyulub. Ancaq qadın gücünün perspektivlərinin mübahisəsinin geniş miqyasda mövzu obyekti olması üçün bir neçə on il daha lazım oldu.1982-ci ildə yazılan “On Not Excluding Half of the Human in Human Geography” (İnsanın Yarısını İnsan Coğrafiyasından Xaric etmək üzərinə) məqaləsində “niyə coğrafiyada irqi ayrı-seçkiliklə bağlı suallar həmişə aktual olmuşdur, ancaq qadınlara qarşı olan ayrı-seçkilik məsələsinə isə toxunulmamışdır?” sualı ortaya qoyulub. 80-ci illərdə ilkin feminist coğraflar (McDowell, Lewis və Foord və s.) diqqəti çəkməyə başladılar. Postmodern dövrdə artıq ağ dərili olmayan və Üçüncü Dünya qadınlarının həyat səviyyəsi müzakirə olunmağa başladı.1990-cı illərin sonundan artıq qadınların sosial, mədəni, iqtisadi məsələlərdə, dövlət işlərində iştirak etməsi cəmiyyətdə qəbul olunur.
Gender analizləri göstərir ki, qadınların iqtsadi-sosial vəziyyəti kişilərdən dəfələrlə aşağıdır. Beləki, istər özəl sektor, istərsə də dövlət işləri və ya idarəetmədə qadınların payı kişilərdən dəfələrlə azdır. Zaman keçdikcə qadınların sosial vəziyyəti nisbətən yaxşılaşıb, amma bir çox göstəricilərə görə kişilərdən hələdə çox geridədir. BBC-nin araşdırmalarına görə, 2013-cü ildə 133 ölkədən 86-da gender bərabərliyi sahəsində irəlilləyiş olub. Baxmayaraq ki, bu irəliləmə çox yavaş gedir, ancaq kiçicik də olsa,  inkişaf olması sevindirici haldır.
2013-cü ilin hesablamalarına görə, 27 ölkənin üzvü olduğu Avropa Birliyində özəl sektordan əldə olunan gəlirin yalnız 16.6%-i qadınlar tərəfindən qazanılıb. Afrika qitəsində bu göstərici Misirdə ən az 10%, Bostvanada ən yüksək 30% təşkil edir. Yaponiyada dövlət idarəçiliyində çalışan hər 100 insandan 93-ü kişidir.Bu göstərici ABŞ-da 100 nəfərdən 80-nə bərabərdir. ABŞ-da 500 böyük korporasiyadan yalnız 23-ü qadınlar tərəfindən idarə olunur. Norveç və İsveç kimi yüksək inkişaf etmiş ölkələrdə belə idarəetmədə qadınların sayı çox azdır. Yalnız Çində yüksək vəzifəli qadınların sayı kişilərdən çoxdur. Yer kürəsində 150 ölkə başçısından yalnız 7-si, 192 hökumət başçısından isə yalnız 11-i qadındır.
İndi isə dünyanın müxtəlif bölgələrində qadınların vəziyyətini dəyərləndirək.
The International Women’s Travel Center adlı web-sayt qadınların yaşaması üçün ən təhlükəli ölkələrin siyahısını dünya ictimaiyyətinə təqdim edib. Siyahıda xüsusilə 5 ölkənin qadınlar üçün təhlükəli olduğu bildirilib.
Birinci sırada Əfqanıstan durur, ölkədə son illərdə hakim olan qeyri-sabit vəziyyət əhalinin vəziyətini daha da ağırlaşdırıb. Kasıblıq və müharibə vəziyyəti həm qadın, həm də kişilər üçün daim ağır həyat şəraiti demək olub. Ancaq qadınlar üçün bu hər zaman daha dözülməz olub. İqtsadi vəziyyət, həyat səviyyəsi çox aşağı olmaqla yanaşı, məişət zorakılığı, erkən nikahlar da yetərincə yüksəkdir. Ölkədə qadınların 93%-i savadsızdır. Qızların 70-80%-i məcburi erkən nikahlara cəlb olunur və bunun nəticəsidir ki, hər 11 qadından biri uşaq dünyaya gətirərkən ölür.
Konqo Demokratik Respublikası dünyanın qadınlar üçün ən təhlükəli ikinci ölkəsidir.Hər gün bu ölkədə 1.150 qadın cinsi zorakılığa məruz qalır və ya hər il 420.000 qadın! Bəli rəqəmlər dəhşətlidir ancaq təəssüflər olsun ki, gerçəkdir! Ağır həyat şəraiti ilə bağlı hamilə qadınların 57%-i anemiya xəstəliyindən əziyyət çəkir.
Pakistanda hər il 1.000 qadın və ya qız “din” və “namus” məsələsi adı altında qətlə yetirilir. Erkən nikaha cəlb olunma, cəmiyyət daxili qeyri-bərabərsizlik, məişət zorakılığı, savadsızlıq və daha nələr-nələr… Ölkədə qadınlar kişilərə nisbətən 82% daha az gəlir əldə edir ki,bu da savadsızlığın nəticəsidir.
Siyahıda dördüncü sırada Hindistan gəlir. Erkən məcburi nikahlar, qadın ticarəti və məişət zorakılığı bu ölkədə baş alıb gedir. Qızların 44.5%-i 18 yaşdan öncə evləndirilir, çoxu qadınlar və qızlar olmaqla 100 mln. adam insan ticarətinə cəlb olunur və keçən əsrdə 50 mln. qız hələ dünyaya gəlmədən “itirilib”. Nəzərə alasaq ki, ölkə əhalisinin 52%-i savadsızdır, Hindistanın səs vermələrin nəticəsində qadınların yaşaması üçün ən təhlükəli ölkələrdən biri olması heç də təəccüblü deyil.
Somali dünyanın ən kasıb və qanunsuzluğun baş alıb getdiyi ölkələrindən biridir. Somalidə zorakılıq və təcavüzlərin,erkən məcburi nikahların,dünyaya gəlmədən ölən və ya ölü doğulan uşaqların sayı kifayət qədərdir. Burada yalnız  9% qadın normal şəraitdə körpə dünyaya gətirə bilir. Qadınların yalnız 7.5%-i parlamentdə iştirak edə bilir və ölkədəki ümumi qadınların 94%-i savadsızdır.
Bundan başqa Tropik Afrikada olan Burkino-Faso, Seneqal, Mavritaniya, Çad, Zambiya, Niger  kimi ölkələrdə savadsızlar ümumi əhalinin payı 70-90%-i təşkil edir. Savadsızlıqda liderlik isə Butana aiddir. Ölkədə qadınların 98%-i savadsızdır.
Latın Amerikasında Haiti, Boliviya və Paraqvay, Cənubi və Cənub-Şərqi Asiyada İndoneziya, Laos, Kamboca, Nepal, Banqladeş, Böyük Səhradan cənubda Uqandada, Qabonda, Ərəb ölkələrindən Yəməndə, Cənub-Qərbi Asiyada İraqda, İordaniyada və s. vəziyyət acınacaqlıdır. Burada diqqəti çəkən əsas məqam odur ki, savadsızlığın hakim olduğu və qadınların ağır vəziyyətdə yaşadığı ölkələrin bir çoxu İslam ölkələridir. Dinimizdə qadına sonsuz dəyər verilməsinə baxmayaraq, bir çox hallarda onun adından istifadə edərək qadınların hüquqlar əllərindən alınır. Eyni zamanda elm dinimizdə ibadətə bərabər tutulur, ancaq müsəlmanlar arasında savadsızlıq baş alıb gedir.
Gender bərabərliyi indeksi (rəng tündləşdikcə indeks artır).
WEF(World Economic Forum) təşkilatı “The Global Gender Gap Report” adlı hesabatında qadınlar üçün ən əlverişli ölkələri açıqlayıb. Bunlar əsasən inkişaf etməkdə olan ölkələrdir .Araşdırmada nəzərə alınan əsas meyarlar təhlükəsizlik, təhsil səviyyəsi, sağlamlıq və ən əsası ölkənin həyatında qadınların oynadığı siyasi-iqtasdi rol olub. Bu siyahının ilk 10 sırasına İslandiya, Norveç, İsveç, Finlandiya, İrlandiya, İsveçrə, Filippin, Danimarka,Nikaquara aiddir.
İslandiya son 5 ildir ki, gender bərabərliyində ilk sıradadır. Bu da qadınların ölkədə təhsil, sağlamlıq və təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Eyni zamanda qadınlar ölkənin iqtasdi həyatında da mühüm rol oynayırlar. Norveç, İsveç, İrlandiya sıralamada İslandiyanı izləyən Avropa ölkələridir,lakin bu ölkələrdə qadınların yüksək vəzifələrdə və dövlət işlərində iştirakı azlıq təşkil edir. Böyük Britaniya, ABŞ və Kanada siyahıda heç ilk 20-liyə daxil ola bilməyib.
Filippin Asiya ölkələri içində hüquqların ən bərabər olduğu ölkədir. Bu ölkədə qadınlar siyasətdə özlərini hardasa göstərə bilmişlər. Prezident, senator, mayor və digər yüksək vəzifələrində çalışmışlar. Çin sıralamada 69-cu, Hindistan isə 101-ci yerdədir. Latın Amerikasında Nikaquara digərlərindən daha irəlidədir. Maraqlıdır ki, Brazilya və Meksika kimi Latın Amerikasının nisbətən inkişaf etmiş ölkələri siyahıda son sıralardadır. Bu, Meksikada təhlükəsizliyin təmin olunmaması, Braziliyada təhsilin aşağı səviyyədə olması ilə bağlıdır.
Vətənimiz Azərbaycanda qədim zamandan bəri qadınlara dərin hörmətlə yanaşılıb. Tariximizdə bir çox qəhrəman döyüşçü, tayfa başçısı, diplomat,dövlət xadimi qadın olub. Qədim türklər Göy Tanrının qadın olduğuna inanırdı və anaya sonsuz hörmət edirdi. Türk irsi ilə bağlı olaraq qadınlarımız da kişilər kimi mərd, döyüşkən və igid olub.Yeri gəldikcə kişilərlə birlikdə döyüşübər. Hal-hazırda qadınlarımız Milli Məclisdə, dövlət idarə etməsindəvə digəryüksək vəzifələrdə layiqincə təmsil olunurlar. Azərbaycan təhsil səviyyəsinə görə keçmiş ittifaq ölkələri içərisində 3-cü yeri tutur. Vətənimizdə qadınların vəziyyəti dünyanın bir çox ölkəsi ilə müqayisədə qənaətbəxşdir, lakin hələ də qadın perspektivlərindən lazimi qədər istifadə olunmur. Gənc respublikamız günü-gündən inkişaf edir və hər ötən il göstəricilər yaxşılaşır. Ümid edirik ki, inkişafımız davamlı olacaq və qadınlarımız bu prosesdə yaxından iştirak edəcəklər.
Qloballaşan dünyamızın istər antopogen, istərsə də təbii mənşəli kifayət qədər problemi vardır. İnsan oğlu bu problemləri həll etmək və gələcək nəsil üçün sağlam gələcək miras qoymaq istəyirsə, bir bütün olaraq hərəkət etməli və ilk öncə gender bərabərliyi problemi həll olunmalıdır. Gələcəkdəki uğurlarımız keçmişdəki təcrübələrmizin üzərində qurulur . Babalarımızın izindən getməli, lakin onların səhvlərini təkrar etməməliyik. Qadın və kişi bioloji varlıq kimi bir-birindən sadəcə reproduktiv, sosial,sosial-psixoloji və psixoloji əlamətlərinə görə fərqlənir. İnsan kimi isə beynəlxalq hüquqi normaların qarşısında qadın və kişi arasında heç bir fərq yoxdur. Bu bərabərlik beynəlxalq səviyyədə təmin olunmalıdır. Öncə olaraq reproduktiv sağlamlıq, təhsil səviyyəsi, hüquqi məsələlər həll olunmalıdır. Qadınların elm,siyasət və iqtsadiyyat sahəsində özünü göstərməsi üçün şərait yaradılmalıdır. Qadın da həmçinin dünyanın siyasi-iqtisadi həyatında mühüm rol oynaya, texnikada yenilik edə bilər, möhtəşəm bir əsər yarada və ya həyatın axışını dəyişəcək bir ixtira edə bilər. Əgər qadın istəyərsə, hər şeyi əldə edə bilər. Sadəcə onlara beynəlxalq aləmdə özlərini isbat etmək üçün fürsət verilməlidir. Çünki,qadınlar buna layiqdirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir