nermine abbasova

Şəkərli diabet: gizli inkişaf edən fəsadlar və düzgün yanaşmanın əhəmiyyəti

Baxış sayı: 619

Son onilliklərdə bütün dünyada şəkərli diabetin yayılma tezliyi əhəmiyyətli dərəcədə artmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son 40 il ərzində bu xəstəlikdən əziyyət çəkən insanların sayı 108 milyondan 422 milyona qədər yüksəlmişdir. Bu artım təkcə tibbi deyil, həm də sosial problem kimi qiymətləndirilir. Müasir həyat tərzi – qeyri-düzgün qidalanma, fiziki aktivliyin azalması, xroniki stress və artıq çəki – bu xəstəliyin yayılmasında əsas risk faktorları hesab olunur.

Bu gün demək olar ki, hər bir insanın yaxın çevrəsində şəkərli diabetdən əziyyət çəkən biri var. Lakin bir çox hallarda xəstəlik uzun müddət simptomsuz və ya zəif əlamətlərlə inkişaf edir ki, bu da onun vaxtında aşkar olunmasını çətinləşdirir.

Şəkərli diabetin ən təhlükəli xüsusiyyətlərindən biri onun “səssiz” şəkildə irəliləməsidir. Qanda qlükoza səviyyəsi uzun müddət nəzarətsiz qaldıqda, orqanizmdə geri dönməz dəyişikliklər baş verir. İlkin mərhələlərdə xəstə heç bir ciddi narahatlıq hiss etməyə bilər, lakin bu müddət ərzində daxili orqanlar artıq zədələnməyə başlayır.

diabet_1024x683_1024x480_6d3b14d15b775636fb348ab32c9142bd

Diabet əsasən aşağıdakı orqan və sistemlərə təsir göstərir:

Görmə orqanları
Diabetik retinopatiya tor qişanın damarlarının zədələnməsi nəticəsində yaranır. Xəstə əvvəlcə görmədə bulanıqlıq, işığa həssaslıq və uzaq məsafəni seçməkdə çətinlik hiss edə bilər. Müalicə olunmadıqda bu vəziyyət ciddi görmə itkisinə qədər irəliləyə bilər.

Sinir sistemi
Diabetik neyropatiya sinir liflərinin zədələnməsi ilə xarakterizə olunur. Ən çox aşağı ətraflarda keyimə, yanma, sancı və “qarışqa gəzməsi” hissi müşahidə edilir. Bu vəziyyət travma riskini artırır, çünki xəstə ağrını gec hiss edə bilər.

Ürək-damar sistemi
Şəkərli diabet ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Hipertoniya, ateroskleroz və ürək çatışmazlığı diabetli xəstələrdə daha tez-tez rast gəlinir. Bu səbəbdən belə pasiyentlərdə ürək sağlamlığının nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Böyrəklər
Diabetik nefropatiya böyrəklərin filtrasiya funksiyasının pozulmasına səbəb olur. Erkən mərhələdə simptomsuz gedə bilər, lakin zamanla ödem, arterial təzyiqin artması və ümumi halsızlıq kimi əlamətlərlə özünü büruzə verir.

Dərinin və yumşaq toxumaların vəziyyəti
Şəkərli diabet zamanı yaraların sağalması xeyli gecikir. Bu, infeksiyaların yaranması üçün əlverişli şərait yaradır. Xüsusilə ayaq nahiyəsində yaranan xırda zədələr belə ciddi ağırlaşmalara səbəb ola bilər. “Diabetik ayaq” sindromu bu baxımdan ən riskli vəziyyətlərdən biridir.

Diabetin gözlənilməz nəticələri  ilə bağlı XƏBƏRDARLIQ

Şəkərli diabetin erkən əlamətlərinə tez-tez susuzluq hissi, tez-tez sidiyə getmə, səbəbsiz yorğunluq, qəfil çəki dəyişiklikləri və görmədə zəifləmə daxildir. Bu simptomlar müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır.

Qeyd etmək vacibdir ki, özünü diaqnoz və özünü müalicə ciddi fəsadlara səbəb ola bilər. Dəqiq diaqnoz yalnız laborator analizlər və həkim müayinəsi əsasında qoyulmalıdır. Müalicə isə fərdi yanaşma tələb edir və hər pasiyent üçün ayrıca planlaşdırılır.

Şəkərli diabet xroniki xəstəlik olsa da, düzgün idarə olunduqda pasiyentlər normal və aktiv həyat tərzi sürə bilirlər. Bunun üçün aşağıdakı prinsiplərə əməl etmək vacibdir:

  • balanslı və sağlam qidalanma;
  • müntəzəm fiziki aktivlik;
  • bədən çəkisinin nəzarətdə saxlanılması;
  • qanda qlükoza səviyyəsinin mütəmadi ölçülməsi;
  • həkim tövsiyələrinə riayət olunması.

Eyni zamanda, müntəzəm profilaktik müayinələr ağırlaşmaların erkən mərhələdə aşkar olunmasına imkan verir və onların qarşısını almaqda mühüm rol oynayır.

Nəticə olaraq qeyd etmək olar ki, şəkərli diabet həyat tərzi ilə sıx bağlı olan xəstəlikdir. Onun tam müalicəsi mümkün olmasa da, düzgün yanaşma və məsuliyyətli davranış sayəsində xəstəlik nəzarət altında saxlanıla və ağırlaşmaların qarşısı əhəmiyyətli dərəcədə alına bilər. Sağlamlıqla bağlı qərarlarınızda məlumatlı və diqqətli olmaq sizin həyat keyfiyyətinizi birbaşa müəyyən edir.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir