“Çox əsəbiyəm”, “Depressiyadayam”, “Stresli həyat yaşayıram” bu kimi ifadələri ən çox psixi narahatlıq yaşadığını düşünən insanlar istifadə edir. Həqiqətən əsəbi, depressiv olan və çox stresli həyat keçirən insanlar isə bunun fərqinə varmır və real ruhi sarsıntı yaşayırlar.
Ekoloji faktorlar, cinsiyyət, insanların ixtisası və s. bu kimi faktorlar insanların ruhi sağlamlığına böyük təsir edir. Psixoterapevt Nihad Məmmədovun sözərinə görə, iki cür faktor insanın ruh sağlamlığına böyük təsir göstərir. “Bura ekoloji və fərdi fakorlar aid edilir. İnsanların yaşı və cinsiyyəti ruh sağlamlığının pozulmasında başlıca amildir. ABŞ-da aparılan araşdırmalar zamanı məlum olub ki, ruhi pozuntular, ruhun xəstəliyi xüsusi yaş qruplarında daha çox büruzə edir. Məsələn, 40-50 yaşlarında, yaşlılıq dövründə yaşlılığı qəbul edə bilməmə, keçmiş gözəlliyin və hərəkət qabiliyyətinin məhdudlaşması insanlarda ciddi ruhi problemlər yaradır. Bu vəziyyət insanın həyat tərzinə təsir edirsə, şəxsin yaxınları mütləq bir mütəxəssisdən yardım almalıdır”.
Psixoterapevt bildirir ki, fərdin vərdişləri də ruh sağlamlığı üzərində böyük təsirə malikdir. Uzun illər etdiyi bir vərdişi birdən edə bilməməsi, tərgitməsi şəxsi boşluğa itələyə bilər. Fərd hər zaman etdiyi davranışın əskikliyini hiss edib ruhi problem yaşaya bilər. “İnsanın peşəsi və ya mədəni vəziyyəti də insanların ruh sağlamlığına böyük təsir edə bilər. Adamın peşəsi, ictimai vəziyyət və iqtisadi ehtiyaclarından dolayı hər zaman əhəmiyyətlidir. İnsanlar arasında təbəqə ayrı-seçkilikləri də hər zaman peşə ilə əlaqəli edilib. İş adamları təbəqəsi, ali savadlılar və ya işçi sinfi, dövlət adamları və s. kimi ayrı-seçkiliklər edildiyi üçün özlərini digər siniflərdən aşağı görən fərdlərin ruh sağlamlığı pozula bilər. Bu, onları təkliyə və tündxasiyyətliyə yönləndirə bilər. Digər yxarı təbəqələrə kin bəsləyib, düşmənçilik edə bilər”.
Sadalanan faktorlar insanların bəzi ruh sağlamlığına təsir edən faktorladır. Amma bu o demək deyil ki, hər kəs belə vəziyyətlərdə ruhi pozuntu yaşa bilər. Ruhi sağlamlığın qorunması insanın özündən də çox asılıdır. Əgər siz ruh sağlamlığınızın pozulmasını düşünürsünüzsə və bu, sizin həyatınıza ciddi təsir edirsə, mütəxəssislə məsləhətləşin.
İnsanların ruh sağlamlığının pozulmasına fərdi faktrlardan başqa ekoloji faktorlar da təsir edə bilir. İnsanların ruh sağlamlığı da bədən sağlamlığı qədər önəmlidir. Bir insan bədəncə sağlam olsa da, ruhi baxımdan problem yaşayarsa, bu, onun həyatına böyük təsir edə bilər.
Müsahibimizin dediyinə görə, indiki dövrdə insanların əksəriyyətinin ruhi sağlamlığı qaydasında deyil. Bu narahatlıqların səbəbləri var. Ruh sağlamlığnın pozulması yetkinlik dövründən inkişaf etməyə başlayır. Yaşlanmağa başlayan zaman isə beyində meydana gələn pozuntular səbəbilə ruh sağlamlığı təhlükə altına düşür.
Məmmədov bildirir ki, ruhun sağlamlığına təsir edən önəmli faktorlardan biri də ailədir. Çünki insan ilk təhsilini ailədən götürür. Əgər ailədə ruh sağlamlığı qaydasında deyilsə, o ailədə yetişən uşaqların da sağlamlıqları qaydasında olmayacaq. “Müxtəlif xəstəliklər də ruhun xəstələnməsinə səbəb olur. Avtomobil qəzası, yoluxucu, ölümcül xəstəliklər ruhu da xəstələndirir. Xüsusulə xroniki xəstəliyi olan şəxslərin ruhi çöküntüyə uğrama ehtimalları daha yüksəkdir. Bununla yanaşı, ruhi xəstəliklər mədə ağrısı, baş ağrısı, nəfəs çatışmazlığı və s. bu kimi xəstəliklərə yol açır. Yəni bədən xəstəliyi ruha təsir etdiyi kimi, ruh xəstəliyi də bədənə təsir edir. Bəzi ruhi xəstəliklər genetik olaraq da ötürülür”.
N.Məmmədovun sözlərinə görə, ruh sağlamlığına təsir edən müsbət və mənfi amillər var. Məsələn, nizamlı məşqlər, idman etmək, əl işi və bağçaya qulluq kimi işlərlə məşğul olanlar ruhi baxımdan rahat olduğu halda, spirtli içki, siqaret və narkotik kimi maddə vərdişləri isə ruh sağlamlığına təsir edib, insanı narahat edir.
İnsanların çalışdıqları iş də ruhun xəstələnməsinə səbəb ola bilər. Məsələn, polis, mədən işi və s. Bununla yanaşı, peşəsindən kafi maddi və mənəvi doyum ala bilməyənlər ruhi xəstəliklərə tez yoluxur.
Həmsöhbətimiz qeyd edib ki, insan ruhunun sağlam olması üçün özü çalışmalıdır. Nə olursa-olsun özünü ruhi xəstəliyə təslim etməməli, toparlanmağı bacarmalıdır. “Günümüzdə 90 faiz insanlarda ruh xəstəlikləri var. İnsan öz-özünü sağaltmağa çalışmalıdır. Əgər bunu bacarmırsa, professional dəstək almalıdır. Əks halda belə insanların həyatı psixatrik dispanserlərdə sona çata bilər”.
İradə Cəlil