Nermine Abbasova

Evimizdə hansı dərmanların olması vacibdir?

Baxış sayı: 548

Hər bir xəstəliyin müalicəsində, xüsusilə virus infeksiyaları zamanı, yalnız mütəxəssis həkimin göstərişi ilə dərmanlardan istifadə etmək həyati əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzən insanlar “bəlkə faydalı olar” düşüncəsi ilə evdə dərman ehtiyatı toplayır və müxtəlif preparatları yığaraq saxlayırlar.

Terapevt və ailə həkimi Nərminə Abbasova bildirir ki, bu cür özbaşına dərman istifadəsi ciddi risklər daşıyır. “Hər orqanizmin reaksiyası fərqlidir, buna görə də başqasına faydalı olan dərman sizin üçün əks təsir göstərə bilər. Xəstə həkimə müraciət etmədən, qonşu və ya tanışın reseptindən istifadə etməsi sağlamlığını təhlükəyə atır,” – deyə həkim vurğulayır.

Həkim qeyd edir ki, dərmanların düzgün istifadəsi yalnız xəstəliyin müalicəsi üçün deyil, həm də ciddi fəsadların qarşısını almaq üçün vacibdir. O, xüsusi ilə antibiotiklər, hormonal preparatlar və virus infeksiyalarında istifadə olunan dərmanlara ehtiyatla yanaşmağı tövsiyə edir. “Özünü müalicə etmək faydadan çox zərər verə bilər. İnsanlar bəzən profilaktik məqsədlə belə dərmanları qəbul edirlər, lakin bu, sağlamlığa ciddi risklər yaradır,” – deyə həkim xəbərdarlıq edir.

derman

Nərminə Abbasova əlavə edir ki, evdə saxlanılan dərmanlar və ilk tibbi yardım üçün nəzərdə tutulmuş materiallar arasında ağrıkəsicilər, antihistaminlər, sarğı materialları, yara və yanıqlar üçün vasitələr, həmçinin müntəzəm istifadə olunan preparatlar olmalıdır. Lakin bu dərmanlar yalnız və yalnız həkimin təyinatına əsasən istifadə edilməlidir.

“Xəstəlik zamanı özbaşına dərman qəbul etmək sağlamlığınıza ciddi ziyan vura bilər. Hər zaman peşəkar tibbi məsləhətə əməl edin və dərmanların düzgün istifadəsini təmin edin,” – deyə N.Abbasova yekunlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir