qadin

15 yaşlı “ana”

Baxış sayı: 530

Ucar rayonundan gələn son xəbər sadəcə bir kriminal xronika deyil, cəmiyyətimizin mənəvi sütunlarının necə sarsıldığının növbəti sübutudur. 15 yaşlı bir qız uşağının dünyaya uşaq gətirməsi xəbərini oxuyanda ilk ağlımıza gələn sual “Necə olub?” olur. Amma əsl sual budur ki, biz harada idik?

Ananın “xəbərim olmayıb, martın 31-i bildim” sözləri bəlkə də bu faciənin ən qorxulu hissəsidir. Bir evdə yaşayan, hər gün üz-üzə baxan ana və övlad arasında necə bir uçurum olmalıdır ki, aylar keçsin, amma heç nə hiss olunmasın? Bu, sadəcə fiziki bir “görməmək” deyil, bu, ünsiyyətin, inamın və ailə daxili bağların tamamilə qopmasıdır. Uşaq öz evinə, öz anasına sığına bilməyibsə, biz hansı “yaxın qonşuluqdan” və ya “ailə dəyərlərindən” danışa bilərik?

İddia olunan təcavüz hadisəsi, əgər təsdiqlənərsə, “qonşu inamı” anlayışına vurulan ağır bir zərbədir. “Gedişli-gəlişli idik, yaxın idik” deyən bir ananın uşağının başına elə o “yaxınlıq” daxilində oyun açılması cəmiyyətdəki təhlükəsizlik hissini yox edir. Biz uşaqlarımıza “yad adamlardan qaç” deyirik, bəs təhlükə “tanışın”, “qonşunun” simasında gələndə uşaq kimdən qaçmalıdır?

İndi hər kəs DNT nəticələrini, kimin günahkar olduğunu gözləyir. Amma unutmayaq ki, burada ən böyük qurban hələ özü uşaq olan o 15 yaşlı qızdır. Onun oyuncaq oynayan, dərs oxuyan yaşında qucağına körpə verilməsi onun gələcəyinin, təhsilinin və psixologiyasının yandırılması deməkdir. Bu yaşda bir uşağın razılığı və ya “sevgi” bəhanəsi ola bilməz. Bu, qanunla da, əxlaqla da cinayətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələni nəzarətə götürməsi müsbətdir, lakin dövlət hər evin içinə polis yerləşdirə bilməz. Məsuliyyət ilk növbədə valideynlərin, sonra isə o uşağın dəyişən davranışını, solan gözlərini görməyən çevrənin üzərindədir.

Bu gün Ucarda doğulan o körpə bir faciənin nişanəsidir. 15 yaşlı qızın “ana” olması bir uğur yox, bir cəmiyyət olaraq hamımızın məğlubiyyətidir. Biz uşaqlarımızı qoruya bilmirik. Onları rəqəmsal dünyanın manipulyasiyalarından, qonşunun təcavüzündən və ən əsası öz laqeydliyimizdən qoruya bilmirik.

DNT nəticələri bir nəfərin adını ortaya çıxaracaq, amma bu faciənin mənəvi məsuliyyəti hamımızın üzərində qalacaq.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir