Nermine Abbasova

Mədəaltı vəzin piylənməsi nədir?

Baxış sayı: 534

Müasir dövrdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi daxili orqanların yağlanması problemini sürətlə artırır. Qaraciyər piylənməsi haqqında tez-tez eşitsək də, mədəaltı vəzi piylənməsi daha az danışılan, lakin ciddi sağlamlıq riskləri daşıyan bir vəziyyətdir.

Mədəaltı vəzin piylənməsi xəstəliyi ilə bağlı oxucularımızı məlumatlandıran terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, ümumiyətlə, mədəaltı vəzin piylənməsi son illərdə daha çox rast gəlinən, lakin əksər hallarda gec aşkarlanan bir vəziyyətdir.

Terapevt deyir ki, mədəaltı vəzi həzm sistemi və qanda şəkərin tənzimlənməsi üçün həyati orqandır. Onun yağ toxuması ilə əvəz olunması isə orqanizmdə bir çox tarazlığı poza bilər. Həkimin sözlərinə görə, mədəaltı vəzi həzm fermentləri və insulin hormonunun ifrazına cavabdeh olan həyati orqandır:

“Onun toxumasında yağ hüceyrələrinin toplanması vəzin funksiyasını zəiflədə, nəticədə həm həzm problemləri, həm də şəkər mübadiləsi pozuntuları yarada bilər. Yaranma səbəblərindən söz düşmüşkən, mədəaltı vəzin piylənməsi adətən aşağıdakı faktorlarla əlaqələndirilir. Bunlar – artıq çəki və piylənmə, qeyri-sağlam qidalanma, yağlı və şəkərli qidaların çoxluğu, az fiziki aktivlik, şəkərli diabet, alkoqol qəbulu, qaraciyərin piylənməsi ilə paralel inkişafdır”.

Nərminə xanım deir ki, pasientlərin ən çox verdiyi suallardan biri budur: “Mən necə hiss edə bilərəm ki, məndə bu problem var?”. Həkim təəssüflə qeyd etdi ki, mədəaltı vəzi piylənməsi çox vaxt “səssiz” irəliləyən bir xəstəlikdir.

 

 

Əlamətlərə gəlincə, ailə həkimi bildirdi ki, bu xəstəlik uzun müddət simptomsuz keçə bilər. Onun sözlərinə görə, buna baxmayaraq, bəzi hallarda müəyyən əlamətlər müşahidə olunur. Bunlar qarın nahiyəsində ağırlıq və narahatlıq, şişkinlik və qaz, həzm pozğunluğu, yağlı qidalara qarşı həssaslıq, yorğunluq hissidir.

Nərminə xanım deyir ki, xəstəlik irəlilədikdə insulin ifrazı da pozula bilər ki, bu da şəkərli diabet riskini artırır:

“Mədəaltı vəzin piylənməsi adətən təsadüfən, ultrasəs müayinəsi və ya kompüter tomoqrafiyası zamanı aşkarlanır. Bəzi hallarda əlavə laborator analizlər də tələb olunur. Müalicə və profilaktikaya gəlincə, bu xəstəliyin spesifik dərman müalicəsi yoxdur. Əsas yanaşma həyat tərzinin dəyişdirilməsidir. Yəni sağlam qidalanmaq mütləqdir. Yağlı, qızardılmış və şəkərli qidalardan uzaq durmaq vacibdir. Çəkiyə diqqət edilməli, tədricən və sağlam şəkildə arıqlamaq lazımdır. Fiziki aktivlik də əsasdır. Həftədə ən azı 3-4 dəfə hərəkət etmək, alkoqoldan imtina, müntəzəm tibbi nəzarət əhəmiyyətli dərəcədə vacibdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir