Şayiə xəbərə çevriləndə…

Baxış sayı: 1. 827
Elə gün olmur ki, dünya və ölkə mətbuatında qəribə şayiələr peyda olmasın. Bəzən şayiə xarakterindən çıxıb, informasiyaya çevrilir. Amma bu günə qədər dünyada şayiə adına xeyli “informasiyalar” yaranıb, yayılıb və dünyanı bürüyüb… “Gencaile.az” Musavat.com-a istinadən onlardan bəzilərini sizlərin nəzərinə çatdırır.  
ATATÜRK YALANI… 
 
 
Mustafa Kamal Atatürk masonlar tərəfindən öldürülüb. Buna səbəb isə Atatürkün masonların dövlət evini qapadıb onların fəaliyyətinə son verməsi göstərilir. Plan sadə imiş – masonlar öz  adamları olan həkimi Atatürkün şəxsi müalicəsinə cəlb ediblər və sonuncu ona yavaş-yavaş zəhər verərək ölməsinə səbəb olub.
SPİD ŞAYİƏ ÇIXDI… 
 
SPİD (QİCS) virusu 1974-cü ildə genetik mühəndislər tərəfindən yaradılıb. Bunun üçün Afrikada çox uğurlu bir təcrübə keçirilib və qatil virusa “həyat verilib”. İlkin versiyalara görə, bu bəlanın dünyaya ayaq açmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və sovet KQB-si kimi qurumlar maraqlı olub. Məqsəd isə sürətlə artan dünya əhalisinin sayını azaltmaqdır.
Elvis Presli ölüb, ya yox?
 
1977-ci ildə dünyasını dəyişən əfsanəvi pop ulduzu Elvis Preslinin bir çox pərəstişkarı onun ölümünün uydurma xəbər olduğuna inanır. Onların fikrincə, ulduz deyilən tarixdə yox, 90-cı illərin ortasında dünyasını dəyişib.
Diananı “Mİ6” öldürüb?
 
Şayiə deyərkən ağla gələnlərin sırasında şahzadə Diananın ölümü də var. 1997-ci ilin avqustunda məşum bir avtomobil qəzasında həyatını itirən şahzadə barədə bu günə qədər formalaşmış şayiələrdən biri də, sözügedən qəzanın İngiltərənin gizli orqanı olan “Mİ6” tərəfindən təşkil olunmasıdır. Versiyalara görə, şahzadənin ərəb mənşəli milyarder Dodi əl-Fayedlə münasibətləri kral ailəsini narazı saldığı üçün belə bir sonluq planı hazırlayıblar.
Səddam Hitlerin oğludur?
 
Bu, ilk baxışda uydurma təsiri bağışlayır. Amma bu uydurmaya faktların də əlavə olunduğunu nəzərə alanda ortaya ilginc mənzərə çıxır. Şayiələrə görə, Hitlerin sevgilisi 20 aprel, 1937-ci ildə Səddamı dünyaya gətirib. J.P.Dalesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabda qeyd edilib ki, Hitlerin gənc sevgililərindən biri 1936-cı ildə hamilə qalıb. Hitlerin bundan xəbəri belə olmayıb. Amma Almaniya məxfi orqanları bu uşağın Hitlerə problem yaradacağını düşünərək onu Livanın paytaxtı Beyruta apararaq orada gizlədiblər. Daha sonra isə Səddama saxta bir ailə tapılıb, o da atasından bixəbər böyüyüb.
Saxta Pol Makkartni
 
Yayılmış bir şəhər əfsanəsinə görə, Pol Makkartni də 1966-cı ildə bir avtomobil qəzasında həyatını itirib. Şayiələr belə yayılıb ki, “Bitlz” (“Beatles”) qrupunun uğursuzluq zolağına düşməməsi üçün ulduzun ölümü dünyadan gizlədildi və onun yerinə başqa bir adam Pol Makkartni kimi təqdim edildi. Saxta Pol isə qrupun illərlə yaşamasına səbəbkar oldu.
Qlobal istiləşmə yalanı
 
Bəzi iqlim bilicilərinin versiyalarına görə, qlobal istiləşmə barədə deyilənlər yalandan başqa bir şey deyil. Bu da yüksək vergilər tətbiq etmək üçün dünya əhalisinin sayını süni şəkildə azaltmaq məqsədi daşıyır.
İsa Peyğəmbər evlənib…miş
Dan Braunun “Da Vinci kodu” əsərindən sonra ortaya çıxan bir qənaətə görə, İsa Peyğəmbər evli olubmuş. O, Mariya Maqdalena ilə evlənib və bir övladı dünyaya gəlib. Daha sonra Fransaya köç etdiyi düşünülən İsanın oradakı Sion monastırında yaşadığı deyilir.
11 sentyabr terroru kimin əməlidir?
2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.
Vilson sovet casusudur?
 
İngiltərənin baş naziri Harold Vilsonun Sovetlər İttifaqının casusu olması da komplo teoristlərinin vazkeçilməzləri sırasında yer alır. Versiyalara görə, məhz hakimiyyəti dönəmində ingilis ordusunun ona qarşı çevriliş etmək istəməsi, habelə funt-sterlinqin də devalvasiyaya uğraması onun casus olduğunu sübut edir.
Özalın ölüm səbəbi sui-qəsddir?
 
Türkiyənin 8-ci prezidenti Turqut Özalın 1993-cü ilin 17 aprel tarixində dünyasını dəyişməsi də aləmi qatan və şayiələrə yol açan olaylardan sayılır. Bu hadisədən sonra isə onun ölümü barədə mübahisələrə də start verildi. Turqut Özalın həyat yoldaşı Səmra Özalın “Turqut böyük türk birliyini yaratmaq istəyirdi. Bunun qarşısını almaq üçün öldürdülər” deməsindən sonra onun ölümünün bir qətl, sui-qəsd olması barədə söz-söhbətlər də artdı. Daha sonra isə həyat yoldaşı Turqut Özalın zəhərlənərək öldürüldüyünü iddia etdi. Prokurorluq sözügedən faktı araşdırdıqdan sonra onun ürək çatışmazlığından dünyasını dəyişdiyini açıqladı. Faktlara görə isə Özala qarşı daha öncə də – 1988-ci ilin 18 iyun tarixində iştirak etdiyi bir tədbirdə sui-qəsd cəhdi edilmişdi. Türk xalqı məhz bu səbəbdən bir müddət Özalın öz əcəli ilə ölmədiyinə inandı.
Aya heç bir insanın ayağı dəyməyib
 
Söhbət yadplanetlilərdən düşəndə şayiənin sayı-hesabı olmur. Çünki bu sahədəki araşdırmalara məhdud sayda ölkənin və alimin çıxışı var. Tarixdə yadplanetlilərlə bağlı ən geniş yayılmış komplo teoriyası isə guya ki, Aya ümumiyyətlə, insan ayağının dəyməməsidir. Şayiələrə görə, Amerikanın “Apollo-11″ kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Belə ki, teoristlər Aya ayaq basdığı deyilən Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) çöllüklərindəki bir açıq fotostudiyaya ”endirildiyinə” inanır. Yəni dünyaya yayılan o fotolar, sadəcə, xəyal məhsuludur və studiyada çəkilib. Məqsəd isə insan övladının başını irreal məsələlərlə qatmaqdır.
Bermud üçbucağı – şeytan yuvası
 
Bermud şeytan üçbucağı Atlantik okeanında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı bölgənin adıdır. Heç kimsənin barəsində açıqlama vermədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qələmə verildi. Burada uzun müddət bir çox gəmi, təyyarə arxalarında heç bir iz qoymadan itdi. Hamı mövzu barədə illərlə danışdı, amma ortaya konkret fakt qoyan olmadı. Nəhayət, bu bölgədə itmə halları da sona çatdı.
Kennedini kim öldürdü?
 
Amerikanın keçmiş prezidentlərindən olan Con Fitscerald Kennedi 1963-cü ildə Dallas şəhərində sui-qəsd qurbanı oldu. Dövlət və bəzi siyasətçilər bu olayın MKİ rəhbəri Hover və bəzi mafiya qrupları tərəfindən həyata keçirildiyi barədə fərziyyələr uydurdular. Belə ki, həmin vaxt İsrailin nüvə silahı vasitəsilə İrana hücum edəcəyi, Kennedinin isə bu silaha görə İsrailə xəbərdarlıq məktubu göndərdiyi olayı təsdiqləyən ilkin versiyalar sırasındadır. İsrailin baş naziri Levi Eşkola göndərdiyi məktubda Kennedi yazıb ki, nüvə silahı ilə bağlı etibarlı məlumat əldə etməyib də hərəkətə keçəcəkləri təqdirdə Amerika-İsrail münasibətləri təhlükəyə girə bilər. Bu sahə üzrə çalışan israilli mütəxəssislər də iddia edir ki, belə bir məktub var və Kennedi İsrail hökumətinə təzyiq etdiyi üçün sui-qəsd qurbanı olub.
2012-ci ildə qiyamət qopacaq?
 
Artıq neçə vaxtdır ki, 2012-ci ildə qiyamət qopacağı ilə bağlı şayiələr dünyanı dolaşmaqdadır. Bu şayiədən dünya kinematoqrafiyası da, siyasəti də, iqtisadiyyatı də yetərincə “çörək” yeyib. 2012-ci ilin dekabr ayında bunun ilkin simptomlarının üzə çıxacağı, ayın sonlarına doğru isə Yer kürəsinin alt-üst olacağı deyilir. Alimlərin araşdırmaları isə bu şayiələrə bircə cümlə ilə cavab verir – buna inanmaq sarsaqlıqdır. Versiyalara görə, 2012-ci il şayiəsi bir neçə ay öncə istehsal olunmuş “2012-ci il” filminin ucuz reklamı üçün hesablanıb. Düzü, işə də yarayıb. Çünki film öz istehsalçılarına kifayət qədər pul və şöhrət gətirib.
Obama Keniyada doğulub?
 
Hakimiyyətə gəldiyi gündən etibarən Barak Obamanın həyatı ilə bağlı şayiələr də dayanmadan artır. ABŞ prezidentinin atası keniyalı olduğundan ölkə əhalisi arasında onun Keniyada dünyaya gəlməsi barədə şayiələr dolaşır. Amerika konstitusiyasına görə, prezident olacaq adamın mütləq bu ölkədə doğulması şərtdir. B.Obama Havayda doğulması barədə sənədləri Ağ Sarayın internet səhifəsində yerləşdirsə də Keniya versiyası hər zaman aktualdır. Əhali bu şayiədən vaz keçmək istəmir.
Yadplanetlilər Nevada ştatında qonaq olub?
 
 
1947-ci ildə Amerikanın Nevada ştatında baş verən bir qəza dünyadakı ən məşhur komplo fərziyyələrinin yaranmasına səbəb olub. Baş verən qəzada bir yadplanetlinin dünyaya düşməsi və daha sonra digər “həmcins”lərinin də bura ayaq açması sözügedən komplonun ana xəttini təşkil edir. Olaydan dərhal sonra alimlər bu yöndə araşdırma apararaq yerə düşən və insanların diqqətini cəlb edən əşyanın yadplanetli yox, hava müşahidə şarı olduğunu sübut etdilər. Amma kosmos fanatikləri hələ də Nevadanı yadplanetlilərin paytaxtı hesab edir.
Sunami kimin işidir?
 
2004-cüi ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də dartışma mövzusudur. Versiyalara görə, sunami İsraillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə silahı sınaqdan keçirərkən Hind okeanında bunun yan təsiri görünüb və bu, sunami olaraq tarixdə yer alıb. Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq olayın müsəlmanlara ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia etdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular. Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa İsrail-Amerikanın müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur…



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir