Yay mövsümündə mənə ən çox ünvanlanan suallardan biri belə olur: “Doktor, internetdə gördüyüm bu yay pəhrizini tətbiq edə bilərəmmi?” Son illər sosial şəbəkələrdə qısa müddətdə arıqlamağı vəd edən müxtəlif qidalanma proqramları sürətlə yayılır. “7 günə 5 kilo”, “yalnız qarpız yeyərək arıqlayın”, “detoks şirələri ilə bədəni təmizləyin”, “karbohidratı tamamilə həyatınızdan çıxarın” kimi iddialar ilk baxışdan cəlbedici görünə bilər. Ancaq həkim və kliniki dietoloq olaraq qeyd etməliyəm ki, bu cür pəhrizlərin böyük hissəsinin elmi əsası yoxdur və bəzi hallarda sağlamlıq üçün ciddi risk yarada bilər.
Əvvəlcə onu bilməliyik ki, tibbdə “yay pəhrizi” adlı xüsusi bir qidalanma modeli mövcud deyil. Sağlam qidalanmanın prinsipləri ilin bütün fəsillərində eynidir. Sadəcə yay aylarında temperatur yüksəldiyi üçün maye ehtiyacı artır, qida seçimi isə mövsümə uyğun şəkildə dəyişə bilər.
Sosial şəbəkələrdə populyar olan pəhrizlərin əksəriyyətinin məqsədi mümkün qədər qısa müddətdə çəki azaltmaqdır. Bunun üçün ya gündəlik kalori kəskin şəkildə azaldılır, ya da bir və ya iki məhsul üzərində qurulan qidalanma tövsiyə edilir. İlk günlərdə tərəzidə həqiqətən də müəyyən azalma görünə bilər. Lakin insanların çoxu bunu yağ itkisi hesab etsə də, əslində itirilən çəkinin böyük hissəsi su və qlikogen ehtiyatlarının azalması ilə bağlı olur. Normal qidalanmaya qayıtdıqdan sonra isə verilən çəkinin geri qayıtması çox rast gəlinən haldır.
Mən xüsusilə yalnız qarpız, yalnız meyvə və ya yalnız smuzi ilə qidalanmağa əsaslanan proqramları tövsiyə etmirəm. Bəli, yay meyvələri sağlam qidalanmanın vacib hissəsidir. Lakin orqanizmin yalnız vitamin və karbohidrata deyil, eyni zamanda zülala, sağlam yağlara, vitamin və minerallara da ehtiyacı var. Qidalanmada balans pozulduqda halsızlıq, başgicəllənmə, əzələ itkisi, qan şəkərində dəyişikliklər və digər problemlər yarana bilər.

Son dövrlərdə “detoks” anlayışı da geniş yayılıb. Bir çox insan hesab edir ki, müxtəlif şirələr və ya xüsusi içkilər orqanizmi toksinlərdən təmizləyir. Əslində isə sağlam insanın qaraciyəri, böyrəkləri, bağırsaqları və ağciyərləri bu funksiyanı təbii şəkildə yerinə yetirir. Elmi araşdırmalar xüsusi detoks proqramlarının əlavə üstünlüyünü təsdiqləmir. Əksinə, uzun müddət yalnız maye qidalarla qidalanmaq zülal və enerji çatışmazlığına səbəb ola bilər.
İsti havalarda bu cür pəhrizlərin yaratdığı risk daha da artır. Temperatur yüksək olduqda orqanizm tərləmə vasitəsilə daha çox maye və mineral itirir. Əgər insan eyni zamanda düzgün qidalanmır və kifayət qədər su qəbul etmirsə, susuzlaşma, halsızlıq və elektrolit balansının pozulması riski yüksəlir.
Unutmaq olmaz ki, internetdə paylaşılan pəhrizlər fərdi xüsusiyyətləri nəzərə almır. Eyni proqram bir insanda heç bir problem yaratmasa da, digər şəxsdə ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Xüsusilə şəkərli diabet, ürək-damar, böyrək, qaraciyər xəstəlikləri olan insanlar, hamilə qadınlar, süd verən analar, uşaqlar və yeniyetmələr internetdə rast gəldikləri pəhrizləri mütəxəssis məsləhəti olmadan tətbiq etməməlidirlər.
Mən hər zaman pasiyentlərimə deyirəm ki, sağlam arıqlamaq yarış deyil. Məqsəd bir həftəyə bir neçə kilo itirmək yox, verilən çəkini uzun müddət qoruyub saxlamaqdır. Bunun üçün isə möcüzə pəhrizlərə yox, balanslı qidalanmaya ehtiyac var.
Yay aylarında bunun üçün əslində çox yaxşı imkan yaranır. Mövsümi tərəvəz və meyvələrin bol olduğu bu dövrdə qidalanmanı daha sağlam şəkildə təşkil etmək mümkündür. Hər gün kifayət qədər su qəbul etmək, hər əsas qidalanmada zülal mənbəyinə yer vermək, tərəvəz istehlakını artırmaq, şəkərli içkilərdən uzaq durmaq və fiziki aktivliyi artırmaq həm sağlamlığın qorunmasına, həm də tədricən və davamlı şəkildə çəki azalmasına kömək edir.

Sonda bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Sosial şəbəkələrdə gördüyünüz hər tövsiyə tibbi məsləhət deyil. Sağlamlığınız trend videolardan daha dəyərlidir. Əgər arıqlamaq və ya qidalanmanızı dəyişmək istəyirsinizsə, bunu internet fenomenlərinin deyil, elmi əsaslara söykənən mütəxəssis tövsiyələrinin əsasında edin. Çünki sağlam nəticə sürətli deyil, düzgün planlaşdırılmış qidalanma və həyat tərzi dəyişiklikləri ilə əldə olunur.
Dr. Rəna Bayramova
Pediatr, Uşaq Kardioloqu, Ailə həkimi, Kliniki Dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü












































































































































































Cox adam internetde gorduyune inanir. Bele melumatlandirici yazilar cox lazimdir.