Sahnaz Mehdiyeva

Uşaqlarda psixoloji diaqnostika və multidissiplinar qiymətləndirmə: Müasir elmi yanaşma

Baxış sayı: 555

Uşaqlarda inkişaf, davranış və emosional çətinliklərin vaxtında müəyyən edilməsi erkən müdaxilənin əsas şərtidir. Müasir yanaşmaya görə, diaqnostika yalnız bir mütəxəssisin qərarı ilə deyil, multidissiplinar komandanın əməkdaşlığı əsasında aparılmalıdır. Hər bir mütəxəssis öz peşə səlahiyyətləri daxilində qiymətləndirmə aparır və ümumi nəticə uşağın fərdi ehtiyaclarına uyğun dəstək planının hazırlanmasına xidmət edir. Bu məqalədə psixoloji diaqnostikanın prinsipləri, müxtəlif mütəxəssislərin rolu, peşə sərhədləri və etik məsuliyyət məsələləri müasir elmi yanaşma əsasında təhlil olunur.

Son illərdə autizm spektr pozuntusu (ASP), diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), nitq və dil inkişafı pozuntuları, öyrənmə çətinlikləri və digər neyroinkişaf xüsusiyyətlərinin erkən aşkarlanması xüsusi əhəmiyyət kəsb edir. Erkən diaqnostika və vaxtında müdaxilə uşağın inkişaf potensialının maksimum dərəcədə reallaşmasına imkan yaradır.

Müasir tibbi və psixoloji praktikada diaqnostika yalnız bir mütəxəssisin rəyi ilə məhdudlaşmır. Uşağın ehtiyaclarının tam qiymətləndirilməsi üçün müxtəlif ixtisas sahiblərinin birgə əməkdaşlığı zəruridir.

 

 

Psixoloji diaqnostika nədir?

Psixoloji diaqnostika uşağın idrak, emosional, davranış və sosial inkişaf xüsusiyyətlərinin standartlaşdırılmış metodlar, klinik müşahidə və psixoloji testlər vasitəsilə qiymətləndirilməsidir.

Psixoloqun əsas vəzifəsi tibbi diaqnoz qoymaq deyil, uşağın funksional vəziyyətini, güclü və dəstəyə ehtiyac duyduğu sahələri müəyyənləşdirmək, elmi əsaslı müdaxilə proqramının hazırlanmasına töhfə verməkdir.

 

Uşaq psixiatrı və nevroloqun rolu

Psixi sağlamlıqla bağlı klinik diaqnozların qoyulması uşaq psixiatrının səlahiyyətinə daxildir. Zəruri hallarda uşaq nevroloqu sinir sisteminin inkişafını qiymətləndirir, nevroloji səbəbləri araşdırır və əlavə instrumental müayinələr təyin edir.

Tibbi diaqnoz yalnız müvafiq tibbi təhsil və hüquqi səlahiyyətə malik həkim tərəfindən qoyulur.

3a7738c4-1629-4973-8cb1-9cb8ecc99cae

Psixoloq və digər mütəxəssislərin rolu

Tibbi qiymətləndirmədən sonra uşağın ehtiyaclarına uyğun multidissiplinar müdaxilə proqramı hazırlanır. Komandada aşağıdakı mütəxəssislər iştirak edə bilərlər:

Psixoloq emosional, davranış və idrak funksiyalarını qiymətləndirir, fərdi və qrup terapiyası həyata keçirir, valideyn konsultasiyası aparır.

Psixopedaqoq (xüsusi pedaqoq) öyrənmə bacarıqlarını və akademik hazırlığı qiymətləndirərək xüsusi təhsil proqramları hazırlayır.

Loqoped nitq, dil və kommunikasiya bacarıqlarının inkişafı üzərində çalışır.

Sensor inteqrasiya mütəxəssisi (Duyu bütünləmə) sensor məlumatların emalını qiymətləndirir və uyğun sensor fəaliyyətlər vasitəsilə uşağın adaptasiyasını dəstəkləyir.

Erqoterapevt (Occupational Therapist) gündəlik həyat bacarıqları, incə və kobud motor funksiyaları, özünəxidmət bacarıqları və məktəb fəaliyyətlərinin inkişafı istiqamətində işləyir.

Art-terapiya mütəxəssisi yaradıcılıq fəaliyyətləri vasitəsilə emosional ifadə, özünüdərk və psixoloji rifahın inkişafını dəstəkləyir.

Refleks inteqrasiyası üzrə mütəxəssis – bəzi uşaqlarda davam edən primitiv reflekslərin qiymətləndirilməsi və uyğun hərəkət proqramlarının tətbiqi ilə motor koordinasiyasını və bədən fərqindəliyini dəstəkləyir. Bu yanaşma əsas reabilitasiya proqramını tamamlayıcı xarakter daşıyır.

Yeri gəlmişkən

Bu iki sahə tez-tez qarışdırılır, lakin məqsəd və müdaxilə üsulları fərqlidir.

Sensor inteqrasiya mütəxəssisi

Sensor inteqrasiya mütəxəssisi uşağın toxunma, görmə, eşitmə, vestibulyar (tarazlıq), proprioseptiv (bədən mövqeyi), dad və qoxu kimi hiss sistemlərindən gələn məlumatları necə qəbul edib emal etdiyini qiymətləndirir. Müxtəlif oyun və fəaliyyətlər vasitəsilə uşağın sensor məlumatları daha səmərəli emal etməsinə, diqqətini toplamasına, davranışını tənzimləməsinə, hərəkət koordinasiyasına və gündəlik fəaliyyətlərdə iştirakına dəstək göstərir.

 

Refleks inteqrasiyası üzrə mütəxəssis

Refleks inteqrasiyası üzrə mütəxəssis bəzi uşaqlarda yaşa uyğun sönməli olan primitiv reflekslərin davam edib-etmədiyini qiymətləndirir. Lazım gəldikdə xüsusi hərəkət proqramları tətbiq etməklə motor koordinasiyasını, bədən fərqindəliyini, duruşun (posturanın) sabitliyini və hərəkət planlaşdırmasını dəstəkləyir. Bu yanaşma əsas reabilitasiya proqramını tamamlayıcı xarakter daşıyır və onun effektivliyi ilə bağlı elmi sübutlar sahədən və tətbiqdən asılı olaraq dəyişir.

Əsas fərq

Sensor inteqrasiya – beynin sensor (hiss) məlumatlarını qəbul və emal etmə prosesini dəstəkləyir.

Refleks inteqrasiyası – primitiv reflekslərin qiymətləndirilməsi və onların inteqrasiyasına yönəlmiş hərəkət proqramlarını əhatə edir.

Yəni, sensor inteqrasiya “hiss sistemləri” ilə, refleks inteqrasiyası isə “erkən reflekslərin inkişafı və motor nəzarəti” ilə daha çox əlaqəlidir. Bəzi hallarda bu yanaşmalar eyni uşağın reabilitasiya proqramında birlikdə istifadə oluna bilər, lakin onlar eyni metod deyil.

Qrup terapiyası üzrə mütəxəssis – sosial bacarıqların, əməkdaşlığın və emosional tənzimləmənin inkişafını dəstəkləyən qrup proqramları həyata keçirir.

Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis – hərəkət bacarıqlarını, tarazlığı, koordinasiyanı və fiziki funksiyaları inkişaf etdirməyə yönəlmiş məşqlər tətbiq edir.

Müalicəvi masaj mütəxəssisi – tibbi göstəriş olduqda əzələ tonusunun tənzimlənməsi və reabilitasiya prosesinin dəstəklənməsi məqsədilə fəaliyyət göstərir.

3ea79a00-927e-4f2c-bbd0-f9af83689a14

Multidissiplinar yanaşmanın üstünlükləri

Elmi araşdırmalar göstərir ki, multidissiplinar komanda ilə aparılan qiymətləndirmə və müdaxilə daha dəqiq nəticələr verir. Hər bir mütəxəssis uşağın inkişafına öz sahəsinin prizmasından yanaşır və bu məlumatlar birləşdirilərək fərdi inkişaf proqramı hazırlanır.

Valideyn bu komandanın ayrılmaz üzvüdür. Onun müşahidələri və əməkdaşlığı diaqnostikanın və müdaxilənin effektivliyini artırır.

 

Etik məsuliyyət və peşə sərhədləri

Peşə etikası hər bir mütəxəssisin yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsini tələb edir. Psixoloq tibbi diaqnoz qoymur, psixiatr psixoloji terapiyanı əvəz etmir, digər mütəxəssislər isə yalnız öz ixtisas sahələrinə uyğun müdaxilə həyata keçirirlər.

Peşə sərhədlərinə hörmət, qarşılıqlı əməkdaşlıq və sübutlara əsaslanan yanaşma uşağın maraqlarının qorunmasının əsas şərtləridir.

 

Müasir elmi yanaşmaya əsasən, uşağın inkişafının qiymətləndirilməsi və dəstəklənməsi yalnız multidissiplinar əməkdaşlıq şəraitində maksimum effektiv nəticə verir. Hər bir mütəxəssisin öz peşə səlahiyyətlərinə və etik prinsiplərinə uyğun fəaliyyəti diaqnostikanın dəqiqliyini, müdaxilənin effektivliyini və uşağın inkişaf potensialının tam üzə çıxarılmasını təmin edir.

Düzgün diaqnostika yalnız problemin adını müəyyən etmək deyil, həm də uşağın güclü tərəflərini üzə çıxarmaq və onun həyat keyfiyyətini artıracaq fərdi inkişaf yolunu müəyyənləşdirməkdir. Erkən diaqnostika, valideyn–mütəxəssis əməkdaşlığı və sübutlara əsaslanan müdaxilə gələcək uğurlu inkişafın əsasını təşkil edir.

 

Psixoloq Şahnaz Mehdiyeva

Elif Modern Academy, LoqoPlus PNİM-in və Artimed psixologiya mərkəzinin əməkdaşı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir