Ruzanna Besirova

Şirkətlərin xərclərə nəzarət sistemləri: uğurlar və səhvlər

Baxış sayı: 280

Şirkət xərclərinin optimallaşdırılması üçün atılacaq ilk addım personalı və personal xərclərini dəyərləndirməkdir. Daha başadüşülən dildə desək, xərclərin yaranması ilk növbədə insan münasibətlərindən başladığı üçün biz də məsələyə elə buradan başlayaq. Şirkətlərdə ən çox xərc yaradan proseslərə diqqət yetirsək, ilk olaraq aşağıdakıları qeyd edə bilərik.

1) Vəzifəsinin öhdəsindən lazımi qaydada gələ bilməyən əməkdaşlar şirkət üçün xərc yaradır. Onlara ödənilən əməkhaqqı artıq xərc kateqoriyasına daxil olur. Əməkhaqqının əməkdaşlara gördükləri işin müqabilində verildiyini nəzərə alsaq, vəzifəsini yerinə yetirə bilməyən əməkdaşlara ödənilən əməkhaqqı büdcədən ayrılsa da, şirkətə fayda vermir və xərc kateqoriyasına daxil olur.

2) Vəzifəsinin öhdəsindən gəldiyi halda digər əməkdaşların iş prosesinə mane olan və onların iş məhsuldarlığına mənfi təsir göstərən əməkdaşlar da dolayısı ilə xərc yaradan personal sırasına daxildir.

3) Yaxşı işlədiyi halda düzgün vəzifədə olmayan əməkdaşlar da xərc yaradan personal siyahısındadır. Lakin onların yaratdığı bu xərcin səbəbi özləri deyil, rəhbərliyin düzgün qərar verməməsidir.

4) Şirkət xərclərinə təsir edən amillərdən biri də şəxsi keyfiyyətlərdir. Şəxsi keyfiyyətlər əslində təkcə şirkət xərclərində deyil, bütün xərclərdə diqqət yetirilməli olan əsas nüanslardan biridir. Belə ki, şirkət personalının şəxsi keyfiyyətlərinin yüksək olması bir çox lazımsız xərclərin öz-özünə aradan qalxmasına səbəb olur.

Misal üçün, gəlin kiçik bir detala nəzər salaq. Təsəvvür edin ki, məsuliyyətli və diqqətli bir əməkdaşınız var. Ondan hər hansı sənəd istənildiyi zaman o, sənədi diqqət və məsuliyyətlə hazırlayacaq və çap etdiyi sənəddə heç bir problem olmayacaq.

is

İndi isə düşünün ki, məsuliyyətsiz və diqqətsiz bir əməkdaşınız var. O, ona tapşırılmış sənədi hazırlayarkən kifayət qədər diqqətli olmadığı üçün səhvlərə yol verir və həmin sənədi dəfələrlə yenidən hazırlayıb çap edir. Bu zaman hər dəfə əlavə kağız və çap xərcləri yaranır.

Bəli, bu, çox kiçik xərcdir. Amma düşünün ki, bu kiçik xərclər toplandıqda artıq böyük xərcə çevrilir. Bu proses fərqli əməkdaşlar tərəfindən dəfələrlə təkrarlanarsa, şirkətin xərc büdcəsi, əlbəttə, şişəcək.

5) Şirkətlərdə xərc yaradan digər səbəblərdən biri də personala kifayət qədər dəyər verilməməsi və diqqət göstərilməməsidir. Personalın kiçik problemləri belə onların iş məhsuldarlığına ciddi təsir göstərə bilər. Buna görə də rəhbərlik tərəfindən əməkdaşlara göstərilməyən diqqət və qayğı şirkət üçün əlavə xərc yarada bilər.

Xərclər birbaşa maliyyə ilə bağlı deyil. Maliyyə və xərc prosesin son mərhələsidir. Xərclərə səbəb olan əsas nüanslardan biri insan amili və şəxsi keyfiyyətlərdir. Xərcləri azaltmaq üçün şəxsi keyfiyyətlərdən qaynaqlanan kiçik problemləri vaxtında həll etmək daha yaxşı nəticə verir.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir