Bəzən böyük sevgi hekayələri heç də dəbdəbəli məkanlarda, xüsusi hazırlanmış görüşlərdə başlamır. Bəzən bir baxış, cəsarətli bir addım və gözlənilməz söhbət iki insanın həyatını birləşdirən uzun bir yolun başlanğıcına çevrilir. Hillari və Bill Klintonun münasibətləri də məhz belə başlayıb. Gələcəkdə ABŞ-ın siyasi həyatında mühüm yer tutacaq bu iki insanın yolları gənclik illərində, hüquq təhsili aldıqları dövrdə kəsişib. Onların münasibətləri zamanla sınaqlardan keçərək evliliyə, valideynliyə və böyük bir ailə həyatına çevrilib.
Hillari və Bill Klintonun sevgi hekayəsi yalnız siyasi dairələrdə tanınan iki şəxsin ailə həyatı deyil. Bu, fərqli xarakterlərə və həyat planlarına malik iki insanın bir-birini tanıması, münasibətlərini formalaşdırması və gələcəklə bağlı qərarları birlikdə verməsi haqqında hekayədir. Onların tanışlığından illər sonra çəkilmiş və arxivlərdə qorunub saxlanılan toy fotoları isə cütlüyün həyatının ictimaiyyətə o qədər də məlum olmayan tərəflərinə nəzər salmağa imkan verir. Xüsusilə Hillarinin gəlinlik paltarını toy ərəfəsində seçməsi və Billin evlilik təklifinə aldığı cavablar bu hekayənin diqqətçəkən məqamlarındandır.
Cütlüyün toyu 1975-ci il oktyabrın 11-də Arkanzasda baş tutub. Gələcək həyat yoldaşlarının necə tanış olduqları və gəlinlik paltarının necə göründüyü arxiv fotoşəkillərində Klintonların sevgi hekayəsini yenidən xatırladır.
Hillari və Bill Klintonun sevgi hekayəsi ailələrinin münasibətləri ictimaiyyətə açıqlamasından çox əvvəl, 1971-ci ildə, Yel Universitetində hüquq təhsili alarkən başlayıb.
“Mən kitabxanada dərs oxuyurdum və Bill dəhlizdə dayanıb başqa bir tələbə ilə danışırdı. Onun mənə baxdığını gördüm. O, bunu xeyli müddətdir edirdi. Ona görə də masamdan qalxdım, ona yaxınlaşdım və dedim: ‘Əgər mənə baxmağa davam edirsənsə və mən də geri baxıramsa, görüşməliyik. Mən Hillari Rodemam’. Vəssalam”, – deyə o, Clinton House Museum üçün verdiyi müsahibədə xatırladıb.
Bir neçə gün sonra onlar ilk görüşlərinə gediblər. 1974-cü ildə Hillari gələcək ərinin yanında olmaq üçün Arkanzasa köçüb. Orada hər ikisi Arkanzas Universitetində hüquq dərsi veriblər. Hillari işgüzar səfərlərindən birində olarkən Bill onun üçün çox darıxıb və sevgilisindən o qədər uzaqda qalmaq istəməyib ki, onlara kiçik bir kottec alıb. Hillari qayıdanda deyib: “Mən onu aldım. İndi mənimlə evlənməlisən, çünki orada tək yaşaya bilmərəm. Ona görə də mənimlə evlənəcəksən”.
Lakin Bill arzuladığı “hə” cavabını almamışdan əvvəl Hillariyə üç dəfə evlilik təklifi etməli olub. Hillari həmin dövrü belə xatırlayır: “Əslində, o, mənə evlənməyi təklif edəndə iki dəfə rədd etdim. İlk dəfə İngiltərədə, hüquq məktəbini bitirdikdən sonra səyahətimiz zamanı olub. Hələ hazır olmadığım üçün ‘hə’ deyə bilməyəcəyimi dedim. Təxminən bir il sonra yenidən soruşdu və mən yenə ‘yox’ dedim. Sonra dedi ki, mən ‘hə’ deməyə hazır olana qədər bir daha evlilik təklifi etməyəcək”.
Məlumata görə, Bill dəbdəbəli bir toy arzulayıb, Hillari isə nişan üzüyü belə istəməyib. Nəticədə cütlük kompromisə gəlib: Hillarinin Billin dostları ilə görüşdüyü bir nişan məclisi, daha sonra kiçik toy mərasimi və böyük bir ziyafət təşkil ediblər. Onlar 1975-ci il oktyabrın 11-də evləniblər. Mərasim Billin əvvəlcədən aldığı kottecdə baş tutub.
Məlumata görə, toy ərəfəsində Hillarinin hazır gəlinlik paltarı olmayıb. Anası bu vəziyyətə təəccüblənərək qızını Fayetteville ticarət mərkəzində yerləşən Dillard’s mağazasına aparıb. Hillari orada gördüyü ilk dizaynlardan biri olan “Jessica McClintock” brendinin 53 dollarlıq krujevalı donunu alıb.
Mərasim yerli keşiş tərəfindən evin qonaq otağında keçirilib. Şənlik dostlarının evində təşkil olunub, Klintonlar isə bal ayını Meksikanın Akapulko şəhərində keçiriblər. 1980-ci il fevralın 27-də cütlüyün yeganə övladları, qızları Çelsi dünyaya gəlib.
Bu gün Hillari və Bill nənə-babadırlar. Qızları Çelsi həyat yoldaşı Mark Mezvinski ilə birlikdə üç uşaq böyüdür.


















































































































































































