Bəzən sözlər yetmir insanın işində olanları anlatmağa…
Həmin an rənglər dil açır,danışmağa başlayır.
Bir fırça səssizcə rənglərə toxunur və kətan üzərində bir dünya işıq saçır. Günəş dogur, çiçəklər açır,ümid boylanır, xəyallar qanadlanır…
Onun adı Aytacdır, soyadı Zərbəlizadədir. Olduqca məsum çöhrəsi var. Yaşıdlarından ilk baxışda, bəlkə də, fərqi yoxdur. Hamı kimi məktəblidir. Ələt qəsəbəsindəki 303 nömrəli ümumi orta ümumtəhsil məktəbinin 9-cu sinfində təhsil alır. Dərslərini yaxşı oxusa da, rənglər onu dünyanı hamı kimi eyni rəngdə görməyə qoymur.
Aytacın dünyasında rənglərin öz dili var. O, danışmaq istədiyi hər şeyi fırçasının ucuna yükləyir. Hər rəng bir duyğuya , hər xətt bir arzuya , hər şəkil isə öz kövrək qəlbinin kiçik bir parçasına çevrilir.
Aytacın fiziki məhdudiyyəti var. Elə buna görə də, bəlkə, həyat ona bəzi yolları daha çətin keçməyi öyrədib. Aytac öz mənəviyyatını rənglərilə gözəlləşdirib. Ağ kətana baxarkən heç bir sərhəd tanımayıb. Çünki xəyal dünyasında Aytacın xəyallarının sərhədi yoxdur.

Aytac şəkillərində ədaləti təsvir edir və onun firçasından süzülən rənglər bizə həqiqəti xatırladır:
Gözəllik sərhəd tanımır.
İstedad maneələri dəf edir.
Ümid isə heç zamanbizi tərk etmir və işığını itirmir.
Onun rəsmlərinə baxanda başa düşürsən ki, insan dünyanı yalnız gözləri ilə görmür,onun ürəyi ilə görür.
Bəzən bir çiçəyin rəngində sevinc tapır, bir quşun qanadında azadlıq görür, bir mənzərədə heç kimin görə bilmədiyi bir xəyalı yaşadır.
Məktəbin dəhlizinə xüsusi gözəllik bəxş edən Aytacın şəkillərinin nümayişi sadəcə bir rəsmin sərgisi deyil, bu bir qəlbin sükuta qərq olmuş səssiz etirafıdır. Bir balaca qızcığazın “Mən də buradayam”—deyən rəngarəng səsidir.
Bəlkə də, buna görə onun rəsmlərinə baxdıqca insanın urəyində qəribə bir duyğu yaranır. Adama elə gəlir ki, rənglər molbertə deyil, ürəyimizə toxunur.
Aytacın fırçasından süzülən rənglər bizə pıçıltılı səslə deyir:
“Mənim də bir dünyam,xəyallarım var. Mən öz dünyamı sizinlə bölüşmək istəyirəm… ”
Aytac öz dünyasının qapılarını bizim üzümüzə açmışdır. Biz isə o qapıdan içəri girib onun rəngləri arasında dayanırıq…
Və anlayırıq ki, bəzən ən gözəl əsərlər əllə deyil, ürəklə çəkilir.
Filoloq Venera Əkbərova










































































































































































