Uşaq tərbiyəsində valideynlərin ən çox çətinlik çəkdiyi məsələlərdən biri övladlarına sərhəd qoymaqdır. Bəzən valideyn uşağın təhlükəsizliyini qorumaq, davranışlarını istiqamətləndirmək və məsuliyyət hissini formalaşdırmaq məqsədilə müəyyən qaydalar müəyyən edir. Lakin bu qaydalar uşağın yaşına, ehtiyaclarına və fərdi xüsusiyyətlərinə uyğun olmadıqda sərhəd qoymaqla məhdudlaşdırmaq arasındakı fərq aradan qalxa bilər.
Uşağa sərhəd qoymaq onun həyatını idarə etmək deyil. Sərhədlər uşağa hansı davranışların qəbulolunan olduğunu, hansı hallarda dayanmalı və özünü necə tənzimləməli olduğunu öyrədir. Məhdudlaşdırma isə çox zaman uşağın hisslərini, fikirlərini və seçimlərini nəzərə almadan onun davranışlarını nəzarətdə saxlamaq cəhdidir.
Bu iki yanaşma zahirən oxşar görünsə də, uşağın psixoloji inkişafına fərqli təsir göstərir.

Sərhədlər uşağa nə üçün lazımdır?
Uşaqlar dünyanı böyüklərdən fərqli şəkildə qavrayırlar. Onlar üçün hər şey yenidir və bir çox davranışın nəticəsini əvvəlcədən anlamaq mümkün olmur. Bu səbəbdən uşağın inkişaf prosesində aydın və ardıcıl qaydalara ehtiyacı var.
Məsələn, uşağa küçədə böyüklərin əlindən tutmağın vacibliyini izah etmək, başqasının əşyasını icazəsiz götürməyin düzgün olmadığını öyrətmək və oyun zamanı növbəsini gözləməsini istəmək onun təhlükəsizliyini, sosial münasibətlərini və özünütənzimləmə bacarıqlarını dəstəkləyir.
Sərhədlər uşağa ətraf mühitin proqnozlaşdırıla bilən olduğunu hiss etdirir. O, hansı davranışın hansı nəticəyə səbəb olacağını anladıqca özünü daha təhlükəsiz hiss edir.
Lakin burada mühüm bir məqam var: qaydalar uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olmalıdır. Üç yaşlı uşaqdan uzun müddət sakit oturmağı, məktəbəqədər yaşlı uşaqdan isə bütün emosiyalarını idarə etməyi gözləmək real deyil.
Uşağın bacarmadığı davranışı ondan tələb etmək əvəzinə, həmin bacarığın formalaşmasına kömək etmək lazımdır.

Sərhəd qoymaqla məhdudlaşdırmaq arasındakı fərq
Sərhəd uşağın davranışına istiqamət verir, məhdudlaşdırma isə onun şəxsiyyətinə və seçimlərinə müdaxilə edə bilər.
Məsələn, uşaq əsəbiləşərək oyuncağını yerə çırpırsa, valideyn belə deyə bilər: “Əsəbiləşdiyini başa düşürəm, amma oyuncağı sındırmağa icazə verə bilmərəm. Gəl, nə baş verdiyini danışaq”.
Bu yanaşmada uşağın hissi qəbul edilir, davranışına isə aydın sərhəd qoyulur.
Məhdudlaşdırıcı yanaşmada isə valideyn “Sən həmişə belə edirsən”, “Belə əsəbiləşmək olmaz”, “Mən nə deyirəmsə, onu etməlisən” kimi ifadələrdən istifadə edə bilər. Bu zaman uşaq davranışının səbəbini anlamaq əvəzinə, hisslərini gizlətməyə və ya valideynin tələbinə qorxudan tabe olmağa meyillənə bilər.
Uşağın hər istəyini yerinə yetirmək də sağlam sərhəd yanaşması deyil. Valideynin vəzifəsi uşağı hər cür narahatlıqdan qorumaq yox, onun narahatlıqla qarşılaşdıqda öhdəsindən gəlmək bacarığını inkişaf etdirməkdir.

“Yox” demək uşağa qarşı olmaq deyil
Valideynlər bəzən uşağın ağlamasından, inciməsindən və ya etiraz etməsindən çəkinərək qaydalarını dəyişirlər. Halbuki uşağın istədiyi hər şeyə razılıq vermək onun emosional ehtiyaclarını qarşılamaqla eyni deyil.
Uşaq istədiyi oyuncağın alınmamasına, ekran vaxtının bitməsinə və ya oyun meydançasından ayrılmağa etiraz edə bilər. Bu, onun mütləq şəkildə tərbiyəsiz və ya ərköyün olması demək deyil. Bəzən sadəcə arzusunun qarşılanmamasına uyğunlaşmaqda çətinlik çəkir.
Belə vəziyyətdə valideyn sakit və ardıcıl qalmalıdır. “Bilirəm, daha çox oynamaq istəyirsən. Amma indi evə getmək vaxtıdır. Sabah yenidən oynaya bilərik” demək həm uşağın hissini qəbul edir, həm də qaydanı qoruyur.
Uşağın məyusluğunu aradan qaldırmaq üçün hər dəfə qərarı dəyişmək lazım deyil. Əsas məsələ onun məyusluğunu təkbaşına yaşamağa məcbur etmədən bu hissin öhdəsindən gəlməsinə dəstək olmaqdır.

Sərhədlər uşağın fərdiliyini necə qorumalıdır?
Uşaqların temperamentləri, maraqları və ehtiyacları fərqlidir. Bir uşaq yeni mühitə tez uyğunlaşdığı halda, digəri daha çox zamana ehtiyac duya bilər. Biri ünsiyyətcil, digəri isə müşahidə etməyə üstünlük verən ola bilər.
Valideyn sərhəd qoyarkən bu fərqləri nəzərə almalıdır. Məsələn, utancaq uşağı hər kəslə danışmağa məcbur etmək, onun hisslərini nəzərə almadan qonaqların qarşısında çıxış etməsini tələb etmək və ya bütün uşaqlar kimi davranmadığına görə onu tənqid etmək düzgün yanaşma deyil.
Burada məqsəd uşağın davranışlarını tamamilə sərbəst buraxmaq da deyil. Məqsəd onun fərdi xüsusiyyətlərini qorumaqla yanaşı, sosial həyat üçün zəruri bacarıqları inkişaf etdirməkdir.
Uşaq böyüdükcə sərhədlərin müəyyənləşdirilməsində onun da fikri nəzərə alınmalıdır. Məsələn, ailə qaydalarının müzakirəsində uşağa seçim imkanı vermək, gündəlik məsuliyyətlərini onunla birlikdə müəyyənləşdirmək və fikrini dinləmək özünə nəzarət bacarığını gücləndirir.

Valideyn hansı məqamlara diqqət etməlidir?
Sərhədlərin sağlam şəkildə formalaşması üçün bir neçə məqam xüsusilə vacibdir:
Qaydalar aydın və yaşa uyğun olmalıdır.
Eyni davranışa görə hər dəfə fərqli reaksiya verilməməlidir.
Uşağın hissləri qəbul edilməli, zərərli davranışlara isə sərhəd qoyulmalıdır.
Qadağanın səbəbi uşağa başa düşəcəyi dildə izah edilməlidir.
Cəza və qorxu əvəzinə, davranışın təbii nəticələrini anlamağa kömək edilməlidir.
Uşağa yaşına uyğun seçim və məsuliyyət imkanları yaradılmalıdır.
Ən əsası, valideyn öz davranışı ilə uşağa nümunə olmalıdır. Uşaqdan sakit danışmağı tələb edən valideyn özü qışqırırsa, qaydalara əməl etməyi öyrədən böyüklər ailədə razılaşdırılmış qaydaları pozursa, uşağın həmin davranışları mənimsəməsi çətinləşir.
Uşağa sərhəd qoymaq onu idarə etmək deyil, özünü idarə etməyi öyrətməkdir. Sağlam sərhədlər uşağın azadlığını əlindən almır, əksinə, ona azadlığından məsuliyyətlə istifadə etməyi öyrədir.
Mənsurə Qəhrəmanova
Psixoloq-pedaqoq, uşaq inkişafı mütəxəssisi
Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrəsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin psixoloqpedaqoqmq adlı instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)











































































































































































