Səhər yuxudan oyandıqda üzün, xüsusilə göz ətrafının şişkin görünməsi bir çox insanın qarşılaşdığı hallardan biridir. Bəzən bu vəziyyət axşama doğru öz-özünə aradan qalxır və ciddi narahatlıq yaratmır. Lakin səhərlər üzün mütəmadi olaraq şişməsi, xüsusilə də bu hal əvvəllər müşahidə edilməyibsə, orqanizmdə müəyyən dəyişikliklərin baş verdiyinə işarə edə bilər.
Üz şişkinliyinin səbəbləri müxtəlifdir. Yuxudan əvvəl həddindən artıq duzlu qidaların qəbulu, az yatmaq, allergik reaksiyalar, hormonal dəyişikliklər və bəzi dərman preparatları bu vəziyyətə səbəb ola bilər. Bununla yanaşı, böyrəklərin, qalxanabənzər vəzinin və ürək-damar sisteminin fəaliyyəti ilə bağlı problemlər də üz nahiyəsində şişkinlik yarada bilər.
Böyrək problemlərinin əlaməti ola bilər
Səhərlər üzün, xüsusilə göz qapaqlarının ətrafında yaranan şişkinliyin səbəblərindən biri böyrəklərin fəaliyyəti ilə əlaqəli ola bilər. Böyrəklər orqanizmdə artıq mayenin və tullantı maddələrin xaric edilməsində mühüm rol oynayır. Bu funksiyanın pozulması nəticəsində bədəndə maye toplana bilər.
Böyrək xəstəliklərində şişkinlik təkcə üzdə deyil, ayaqlarda və digər nahiyələrdə də müşahidə oluna bilər. Sidiyin miqdarında dəyişiklik, köpüklü sidik, arterial təzyiqin yüksəlməsi və halsızlıq da müşayiət olunan əlamətlər sırasındadır.
Allergik reaksiyalar üz şişkinliyi yarada bilər
Üzün, göz qapaqlarının və dodaqların şişməsi allergik reaksiyanın nəticəsi də ola bilər. Qida məhsulları, kosmetik vasitələr, dərmanlar, toz və digər allergenlər orqanizmdə belə reaksiyaya səbəb ola bilər.
Allergik şişkinlik bəzən qaşınma, dəridə qızartı, səpgi və göz yaşarması ilə müşayiət olunur. Xüsusilə dodaq, dil və boğaz nahiyəsində şişkinlik, nəfəsalma və udma çətinliyi yaranarsa, bu, təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.
Hormonal dəyişikliklər də təsirsiz ötüşmür
Orqanizmdə hormonal balansın dəyişməsi maye mübadiləsinə təsir göstərə bilər. Xüsusilə qadınlarda menstruasiya dövründən əvvəl hormonal dəyişikliklər nəticəsində bədəndə maye tutulması və üz nahiyəsində şişkinlik müşahidə oluna bilər.
Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi də üzün şişkin görünməsinə səbəb ola bilər. Bu zaman şişkinliklə yanaşı, yorğunluq, üşümə, dərinin quruması, çəki artımı və qəbizlik kimi əlamətlər də yarana bilər.
Ürək-damar problemləri ilə əlaqəsi
Ürəyin qanı effektiv şəkildə pompalamaq qabiliyyəti zəiflədikdə orqanizmdə maye toplanması baş verə bilər. Bu vəziyyət daha çox ayaqlarda və topuq nahiyəsində şişkinliklə özünü göstərsə də, bəzi hallarda digər nahiyələrdə də ödem müşahidə edilə bilər.
Əgər şişkinlik nəfəs darlığı, fiziki fəaliyyət zamanı tez yorulma, gecələr nəfəs çatışmazlığı hissi və ürəkdöyünmə ilə müşayiət olunursa, mütləq həkim müayinəsi lazımdır.
Duzlu qidalar və yuxu rejimi də səbəb ola bilər
Hər səhər üzün şişməsi mütləq xəstəlik əlaməti deyil. Axşam saatlarında həddindən artıq duzlu qidaların qəbulu orqanizmdə mayenin saxlanmasına səbəb ola bilər. Xüsusilə yatmazdan əvvəl duzlu qəlyanaltılar, hazır qidalar və konservləşdirilmiş məhsullar qəbul etmək səhər şişkinliyini artıra bilər.
Yuxu rejiminin pozulması, kifayət qədər yatmamaq, başın yatarkən bədən səviyyəsindən aşağı vəziyyətdə qalması və alkoqol qəbulu da səhər üz şişkinliyinə təsir göstərə bilər.
Hansı hallarda həkimə müraciət etmək lazımdır?
Əgər üz şişkinliyi arabir yaranır və qısa müddət ərzində aradan qalxırsa, bu, müvəqqəti səbəblərlə əlaqəli ola bilər. Lakin şişkinlik hər səhər təkrarlanırsa, getdikcə artırsa, gün ərzində də davam edirsə və ya digər əlamətlərlə müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi vacibdir.
Belə hallarda həkim xəstənin şikayətlərinə və müayinə nəticələrinə əsasən ümumi qan analizi, böyrək funksiyasını qiymətləndirən kreatinin və sidik cövhəri göstəriciləri, elektrolitlər, sidik analizi, sidikdə zülalın yoxlanılması, qalxanabənzər vəzin hormonları və digər müayinələr təyin edə bilər. Ürək-damar problemi ehtimalı olduqda əlavə kardioloji müayinələr də tələb oluna bilər.
Üz şişkinliyini yalnız kosmetik problem kimi qiymətləndirmək düzgün deyil. Xüsusilə davamlı və səbəbi bilinməyən şişkinlik orqanizmin verdiyi xəbərdarlıq siqnalı ola bilər. Özbaşına sidikqovucu preparatlardan istifadə etmək isə vəziyyəti daha da ağırlaşdıra bilər. Əsas məsələ şişkinliyi müvəqqəti aradan qaldırmaq deyil, onun yaranma səbəbini müəyyənləşdirməkdir.
Nərminə Abbasova
Doktor Maya klinikasının baş həkiminin müavini
Terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər (051) 866 02 20 və (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)











































































































































































