Hansı uşaq hansı məktəbli çantasını daşısa, daha yaxşıdır?

Baxış sayı: 1. 874

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Demək olar ki, bütün valideynlər övladları üçün bütün dərs vəsaitlərini alıblar. Uşaqların məktəb ləvazimatları arasında ən önəmli vəsaitlərdən biri, bəlkə də birincisi isə məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyunca bu çanta ilə təmasda olur, onu daşıyır, yanında və ya kürəyində gəzdirir.

Bütün valideynlər uşaqlarının rahatlığını düşünməklə yanaşı maddi vəziyyəti də göz önünə aldıqları üçün çox zaman çanta seçimində diqqətli olmurlar. Yüngül və ucuz çantalara daha çox üstünlük verirlər. Mütəxəssislərin fikrincə, çanta seçimi çox önəmli bir prosesdir. Əgər uşaq kiçik siniflərə gedirsə, bu, daha böyük əhəmiyyət kəsb edir.

Terapevt Məlahət Abbasovanın sözlərinə görə, 6-7 yaşlı uşaqların sümükləri daha zərif olur və ağır çantalar onların kürəklərini zədələyə bilər. Belə ki, ağırlığa məruz qalan uşağın kürəyi zamanla əyilə bilər. Belin donqarlaşması, ağciyər sıxılmasına gətirib çıxarır. Odur ki, çanta deyib keçməyin, çanta alarkən onun bütün xüsusiyyətlərinə diqqət yetirin. “Uşaq vaxtı eyni yükü aylarla daşımaq belin əyilməsinə, donqarlaşmasına səbəb ola bilər. Çantanın çəkisi və forması çox əhəmiyyətlidir. Asqı yerləri sərt, dar bir məktəbli çantası boyun, kürək və bel ərazisində bağ toxumalarına zərər vurur. Buna görə də uşaqlara çanta alarkən asqıları geniş və möhkəm olmayan çantalara üstünlük verin. Valideynlər məktəbə gedən uşağın çantasının ağırlığını mütləq yoxlamalıdır. Ağır kürək çantaları onurğada bağların yırtılmasına səbəb olur”.

Həmsöhbətimizin sözlərinə görə, ağır çanta zamanı ortaya çıxan fəsadları uzunmüddətli bir müalicə ilə aradan qaldırmaq mümkündür: “Çantalarda bel kəməri və sinə asqısı bağlanmalıdır. Yük bədənə uyğun tutulmalıdır. Çanta omba xəttinə qədər enməli, hər iki kürək xəttində olmalıdır. Üst qismi isə boyun qismində olmalıdır”.

Həkim bildirir ki, çanta uşağın boyuna və çəkisinə görə seçilməlidir. Mütəxəssisə görə, 12 yaşına qədər uşaqlar 4, daha böyüklər isə 5 kiloqrama yaxın çanta daşıya bilərlər. Ağır çanta daşıyan uşaqların belində və çiynində hər zaman ağrı hiss edilir. Buna görə də çanta alarkən daşınması asan olan çantalar seçin.

Bununla yanaşı, M.Abbasovanın dediyinə görə, çantanı tək tərəfli tutmaq olmaz. Bu zaman uşaqda zamanla skalioz xəstəliyi əmələ gələ bilər. “Ümumiyyətlə, uşaq çəkisinin 10 faizi qədər ağırlıq qaldıra bilər. Yəni 20 kq çəkisi olan uşaq 2 kq-dan ağır qaldırmamalıdır. Əks halda, bel əyilir və uşağın beli “C” şəkli alır”.

Qeyd edək ki, günümüzdə məktəblilərin 70%-i bel sümüyü problemləri ilə üzləşməkdədir. Və çox vaxt bu problemlərin yaranma səbəbi məhz arxa çantasıdır. Bu səbəbdən, portfelin rahat və praktik olması çox mühümdür. Son illərdə getdikdə daha çox valideynlər ortopedik arxa çantalarına üstünlük verirlər. Bu cür arxa çantalarının əsas fərqli xüsusiyyəti onların ortopedik belliyidir. O, möhkəmdir və məktəb ləvazimatlarının çəkisini düzgün paylaşdırmağa imkan verən xüsusi materiallardan hazırlanmışdır. Beləliklə, uşaq arxa çantasının təzyiqi altında belini əyməyəcək.

Qeyd etmək lazımdır ki, hazırda anatomik belliyə malik bir çox arxa çantaları mövcuddur. Onlar bel sümüyünün əyilməsinin qarşısını almaq üçün onurğanın düzgün formasını təkrar edir.

Bəzən şagirdlər təkərli çantalara üstünlük verirlər. Həkim bildirir ki, bu, onlar üçün xeyirlidir. Çünki uşaq ağırlığı təkərlərin üzərində gəzdirir. Ancaq pilləkanları qaldıran və düşürərkən təkərli çantalar böyük problem yaradır.

Ümumiyyətlə, uşaq üçün məktəbli çantası alan zaman çiyin asqıları rahat və qalın olan, görünüşü kiçik, içi böyük olan çantalara üstünlük vermək lazımdır.

Azad İstehlaçkılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, hər xoş görünən çantanı uşağa almaq olmaz. “Bu çantaların mənşəyi bəlli deyil. Bəzi məktəblər bütün dərs vəsaitlərini çantasına yığır ki, bu da bel əyriliyinə, zamanla ağrılar baş qaldırmasına səbəb olur”.

Müsahibimiz qeyd edir ki, bazarda satılan çantaların əksəriyyəti Çin istehsalıdır və onların hazırlanması zamanı müxtəlif zərərli maddələrdən istifadə edilir: “Məktəb ləvazimatları gigiyenik tələblərə cavab verməlidir. Bu məhsulların əksəriyyəti Çindən gətirilir. Bəzi mağazalarda yüksək qiymətlə, keyfiyyətli məhsul adı ilə satılan çantalar adətən saxta olur”.

Rəng-boyalar, yapışqan və s. kimi maddələr insan orqanizmi ilə əlaqəyə girərək əks reaksiya verir, bədəndə səpmə, qaşınma v s. bu kimi hallara səbəb olur.

Qeyd edək ki, hazırda bazarlarda, ticarət mərkəzlərində satılan çantaların qiyməti 15-100 manat arasındadır.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir