ANS-in aparıcısı: “Bunu bilə-bilə mənimlə ailə qurdu…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 919

“Gencaile.az” ANS telekanalının xarici əlaqələr bürosunun rəhbəri, tanınmış aparıcı Afət Telmanqızının Aile.lent.az-a müsahibəsini təqdim edir.

– İkinci övladınız dünyaya gəldi. Analıq hissini yenidən yaşadınız. Təəssüratınız necədir? 

– Çox yaxşı. İkinci dəfə bu hissi fərqli yaşayırsan, amma yenə də analıq xoş bir duyğudur. Qızım Cəmilə 5 aylıq olanda işə qayıtdım, uzun zaman keçmədiyi üçün işə uyğunlaşmaq çətin olmadı. Amma oğlum Ülvidə bir il gözlədim. Düşündüm ki, heç olmasa bir il onun yanında olum. Düzdür, dayələri var, amma yenə də bütün günü fikrim yanlarında qalır. Övladlarımdan doymuram. Mən evə girən kimi oğlum əllərini uzadıb qaçır qucağıma. Yeriyə bilmir, amma manejdə qaça-qaça gəlir. Bu, mənim üçün dünyalara bərabərdir.

– Yenidən ANS telekanalında işə başladınız. Aradan bir il ötüb. İşə uyğunlaşa bilmisiniz?

– Jurnalistikada hər dəqiqənin bir hökmü var. Bir ildə çox şey dəyişib. Düzdür, özümü heç vaxt jurnalistikadan kənarda hiss etməmişəm, televiziyanı, xəbərləri izləyirdim. Xəbər eşitməsəm, heç nədən xəbər tutmasam, yaşaya bilmərəm. Bu, mənim içimdə olan bir tələbatdır. Mütaliə edirdim, tez-tez internetə girirdim. Kənarda olsam da, xəbərin içində idim. Amma yenə də işə qayıtmaq ərəfəsində fikirləşirdim ki, görəsən necə olacaq, uyğunlaşa biləcəmmi? Bir il az müddət deyil. ANS-ə gələndə ətrafa baxdım, çox az tanış simalar qalıb. Köhnə, yəni birlikdə işlədiyim həmkarlarımın çoxu yoxdur. Yeni simalar gəlib. Onları görəndə çaşırdım, elə bilirdim təzə, başqa bir iş yerinə  gəlmişəm. Hətta sistem də yadımdan çıxıb, operator, sürücülərlə əlaqə saxlamaq istəyirdim, daxili telefon nömrələrini unutmuşdum. Otaqlar da dəyişib. Hər şey mənim üçün yeni oldu. Lakin tez – bir həftəyə tam olaraq işə uyğunlaşdım. Artıq işimin başındayam. ANS-in xarici əlaqələr bürosunun rəhbəriyəm.

– Efir üçün darıxmısınız?

– Efir üçün deməzdim, jurnalistikanın içində olmaq  – reportajlar etmək, çəkilişə qaçmaq, bir sözlə, əvvəlki vaxtlarımız üçün darıxmışam. Qaçaqaçı özləmişəm (gülür). İndi də eləyəm. Eksklüziv xəbər olanda onu efirə vermək üçün tələsirəm. Xəbərlə yaşayıram. Xarici əlaqələr bürosu ilə işləsəm də, yenə də işim jurnalistikadır. ANS-in 5 xarici, 5 yerli bürosu var. Onların süjetləri ilə məşğul oluram. Bu da yaradıcılıqdır. Amma mən düşünürəm ki, jurnalist özü süjet, reportaj edəndə onu daha çox sevə-sevə hazırlayır, efirdə görəndə daha çox sevinir, zövq alır. Çünki o, sənin zəhmətindir, “mən də ortaya nəsə qoydum”, “mən də nəsə etdim” deyirsən. Çox vaxt keçməz, yəqin ki, özüm də reportajlar etməyə başlayacam. Televiziya üçün material hazırlamasam, dayana bilmərəm.

– Bəzi analar deyir ki, ilk övladı dünyaya gələndə analıq hissini yaşaya bilmir, çünki yad olur, sanki sürprizlə qarşılaşır. Lakin ikinci övlad olanda bu duyğudan daha çox zövq alırlar.

– Məndə belə olmayıb. İlk övladımda da o hissi yaşadım və zövq aldım, ikincidə də. Mən də eşitmişəm bəzi analar deyir ki, “ana olmaq mənə tam çatmadı” və s. Düzdür, ilk günlər bunu dərk etmirdim, amma sonradan yaşadım. Çünki analıq güclü bir hissdir.

– Jurnalist qadınların peşəsi kimi, həyatları da gərgin keçir. Bəzən vaxt məhdudiyyəti olmadan çalışmaq lazım gəlir. Bu, ailənizdə problem yaratmır? Ola bilərmi ki, məhz bu gərginlik səbəbindən jurnalist xanımların çoxu gec ailə qurur.

– Təbii ki, gərginlik var. İki cəbhəyə işləyirəm: iş və ev. Gəlirəm işə işlə məşğul oluram, təbii ki, işimin yaxşı, keyfiyyətli olmasına çalışıram. İşdə oturub ev qayğıları ilə yaşamaq düzgün deyil. Gündəlik qrafikimi elə planlı şəkildə qurmuşam ki, birini digərinə qatmıram. Axşamdan, çox zamansa səhər tezdən oyanıb xörək hazırlayıram, evləri axşamdan səliqəyə salıram, səhər oyananda əl gəzdirirəm. İşdən evə gedəndə hər şey qaydasında, yerli-yerində olur. Ona görə də işdən çıxıb evə gedəndə narahat olmuram. İşimi paralel şəkildə qura bilirəm. Güman edirəm ki, bunu davam etdirməyə gücüm, enerjim çatacaq. Əvvəl bir köynək ütüləyirdim, indi bir neçə köynəyi yuyub, qurudub, ütüləyib asıram ki, bir həftə mənimlə heç kimin işi olmasın, köynək-şalvar arxasınca qaçmayım. Tarazlaya bilirəm. Fikirləşirəm ki, insan hər şeyi paralel şəkildə qura bilməyə çalışmalıdır. İşi ailəyə, ailəni işə qurban vermək olmaz. Təbii ki, bəzən insanın karyeraya başı qarışır, təhsil qalır kənarda. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsində təhsil aldım, magistraturanı bitirdim. Elmi iş müdafiə etmək fikrim var. Hələlik jurnalistikanın elm tərəfini dondurmuşam, praktiki tərəfi ilə məşğulam. Bu sahədə çalışanların çoxunun vəziyyəti eynidir. Beləcə, bir də baxırsan ki, vaxt uçub, zaman gedib, hər şey gecdir. Ona görə də jurnalist qızların ailə qurması gecikir. Səbəb işə, peşəsinə bağlı olmaqdır. Karyera, işə-gücə başları qarışır, ailə qurmaq unudulur və gecikir.

– Həyat yoldaşınız bu sahədən uzaq adamdır. Peşənizə qarşı nə dərəcədə anlayışlıdır?

– Jurnalistikadan uzaq adam olsa da, bu sahəni sevir, hər şeyə özünün subyektiv baxışları var. Jurnalistikaya aid olan çox şeyi onunla məsləhətləşirəm. Hər hansı süjetə baxanda orada bəlkə də peşəkar jurnalistin gözündən yayınan detalı tutur. Özü İqtisad Universitetini bitirib, mühəndisdir, neft şirkətində çalışır. Sahəsi başqa olsa da, jurnalistikadan başı çıxır. Bu sahəyə yaxın adamdır. Azərbaycan dilini çox gözəl bilir. Filologiyanı bitirən elə adamlar var ki, orfoqrafiya, orfoepiyadan xəbəri yoxdur. Amma o, Azərbaycan dilinin qrammatikasını çox yaxşı bilir. İstənilən Azərbaycan və xarici ədəbiyyat nümunəsindən xəbəri var, hətta çoxunu əzbər bilir. Bu da ondan irəli gəlir ki, atası filologiya elmləri namizədidir. Humanitar sahəyə, Azərbaycan dili, ədəbiyyatına olan meyli ona atasından keçib.

– Bəlkə daha çox bu xüsusiyyətlərinə görə sizin münasibətləriniz alınıb?

– Ola bilər. Ailə qurduqdan sonra jurnalist qadınların çoxunun qarşısında işləməmək qadağası qoyulub. Amma mənim qarşımda belə bir qadağa olmayıb. Jurnalist olduğumu bilə-bilə mənimlə ailə qurub. Mən əvvəllər süjet edəndə baxırdı və fikrini bildirirdi, yeri gəlsə, tənqid edirdi, məsləhətlərini verirdi. Görürdüm ki, jurnalistikaya məndən daha çox maraq göstərir. Reportajlara diqqətlə baxır, öz fikrini bildirir.

– Yeri gəlmişkən, tanışlığınız necə oldu?

– Qəribə (gülür). Tanışlığımız sırf mənim sahəm və ANS-lə bağlı olub. ANS-in xəbərlər xidmətində baş redaktor işləyəndə dedilər ki, bir şikayətçi “İç xəbər”ə müraciət etmək istəyir. Amma hökmən rəhbərlikdən kiminləsə görüşməkdə israrlıdır. Deyir, “baş redaktor gəlsin, şikayət məktubunu poçt qutusuna atmamış heç olmasa dərdimi deyim”. İstənilən halda sonunda o məktub yazılmalı və poçt qutusuna atılmalıdı. Yəni ANS-də prosedur qaydası belədir. Mənim lap yaxınım da olsa, fərqi yoxdur, şikayəti varsa, məktub yazıb poçt qutusuna atmalı, sonra müraciətə baxılmalıdır. Təhlükəsizlik xidmətinin əməkdaşları məni çağırdı. Düşündüm ki, bir dinləyim görüm nə məsələdir. Gəldim, məişət mövzusunda şikayəti vardı, danışdı, dinlədim. Məlum oldu ki, şikayət özü yox, dostu ilə bağlıdır. Dedi ki, dostu utanıb gəlməyə, bu da ona kömək məqsədilə məktubu gətirib. Təbii ki, mən onu şikayətçi kimi qarşıladım və o cür tanıdım. Sonra bir neçə dəfə guya məktubla maraqlandı, axırda isə etiraf etdi ki, məqsədi məni canlı, real olaraq görmək olub. Çünki məni efirdən görüb, bəyənib. Dedi “siz hər zaman mənə maraqlı gəlirdiniz, istəyirəm, sizinlə ciddi münasibət quram”. Noyabrda tanış olduq, martda nişanlandıq.

– Tez bir zamanda onu tam olaraq tanıdığınıza əmin oldunuz?

– Söhbət əsnasında gördüm ki, dünyagörüşü dar, kasad deyil. Davranışı, özünü aparması diqqətimi çəkdi. İstənilən mövzuda söhbətimiz alınırdı. Ona görə də fikirləşdim ki, biz uyğun adamlarıq. Məni özünə çəkən çox jestləri olub. Əsas da sürpriz etməyi sevir.

– Evlilik təklifini necə etdi?

– Evlilik təklifi gözləmədiyim anda oldu, anidən. Onunla tanış olduqdan, bir az tanıdıqdan sonra düşünürdüm ki, biz yaxşı dost olarıq. Çünki insan içindəkini, problemini paylaşa bilirsə, ondan yaxşı dost olar. Onu bir dost kimi görürdüm. Ağlımdan başqa bir şey keçmirdi. Ona görə də evlilik təklifi mənim üçün qəfil oldu. Hərdən özü də deyir ki, “hər şey o qədər ildırım sürətilə oldu ki. Heç özüm də bilmədim, sənə qəfil evlilik təklifi etdim” (gülür). Dekabrın 31-i idi, ANS-dəki iş yoldaşlarımız, dostlarımızla Yeni il şənliyində idik. Həmin gün zəng edib dedi ki, “bizimkilər sizə gəlir”. Əvvəlcə təəccübləndim, dondum qaldım. Onun valideynləri Tovuzda yaşayırlar. Heç məndən soruşmamışdı ki, mən onunla ailə qurmaq istəyirəm, ya istəmirəm (gülür). Biz ancaq ümumi söhbətlər edirdik. Amma evlilikdən danışmamışdıq. Yalnız elçi gəlmək üçün məndən razılıq istədi. Təbii ki, mən də razılıq verdim. Gəldilər, sonra nişan təyin olundu. 8 martda mənə hədiyyəsi nişan üzüyü oldu. Novruz bayramında da nişanlandıq. Hərdən mənimlə zarafat edir, deyir, “Afət, gözlədim ki, bütün bayramlar keçsin, özümü çox əziyyətə salmayım, amma Novruz bayramını ötürə bilmədim”.

– Azərbaycanda qızların ailə qurması üçün gec hesab edilən yaşda ailə qurdunuz

– Heç də gec deyil. Bu, yalnız Azərbaycan mentallığında belə sayılır. Ailələr bunu faciə edir. Şəxsən mənim valideynim heç vaxt ailə qurmağım üçün təkid etməyib. Fikirləşirdim ki, karyera qurum, maşın alım, onu edim, bunu edim. Evdən də mənə demirdilər ki, yaşım keçir, ailə qurum. Bundan qorxmayıblar. Qızlar var ki, bu söhbətlərdən bezib evə getmək istəmirlər. Mənə bu mövzuda heç bir tərəfdən təzyiq, təpki gəlməyib. Bilirdilər ki, əgər ürəyimə yatan, özümə uyğun bildiyim adam olsa, ailə quraram. Əgər o yaşa qədər ailə qurmamışamsa, demək, elə bir adam olmayıb. Heç vaxt da gec ailə qurduğuma görə peşmançılıq çəkmirəm. Bizdə deyirlər ki, kişi üçün 30 kamil yaşdır. Amma mən deyərdim ki, qadın üçün 30-dan sonrakı yaş kamildir. Çünki 30 yaşdan sonra qadınlar ailənin nə olduğunu dərk edirlər, onu qeyri-ciddiyə almırlar. O məsuliyyəti dərk edib ailə qururlar. Ailə bir günlük deyil ki, toy edib, bir neçə gün yaşayıb, sonra ayrılasan. Ailə quranda dərk edirsən ki, bu yükü daşımaq məsuliyyətini öhdəliyinə götürürsən. Xarici ölkələrdə qadınlar 30 yaşından sonra ailə qururlar. Mən də təhsilimi tamamladım, karyera qurdum, işimdə istədiyim səviyyəyədək yüksəldim, xarici ölkələrə ezamiyyətə getdim, müxtəlif ölkələrdə, tədbirlərdə oldum. Bir ay Amerikada televiziya ilə bağlı kurs keçdim. Heç vaxt demərəm ki, o günlərimi boşuna keçirdim. O günlər də, indiki həyatım da mənim üçün dəyərlidir. Hər şeyin öz vaxtı var. Amma yenə də deyirəm, gec ailə qurmağıma peşman deyiləm.

– Əsasən də fizioloji baxımdan ana olmaq üçün gec olduğunu deyirlər…

– Mən heç bununla da razılaşmıram. Qızım Cəmilə 6 yaşına keçdi, oğlumun da bir yaşı tamam oldu. Heç vaxt demərəm və fikirləşmərəm ki, bunlar niyə balacadır? Vaxtında ailə qursaydım, indi məktəbə gedirdilər. Mənim tələbə yoldaşlarım arasında övladları 11-ci sinfi bitirənlər var. Amma mən heç vaxt buna qibtə etməmişəm. Öz uşaqlarımın balaca olmalarına təəssüflənməmişəm. Övlad hər yaşda övladdır. Allah ömür versin mən onların ailə məktəbə daxil olmalarını, ailə qurmaqlarını görüm. Allah verirsə, istənilən yaşda ana ola bilərsən. Ana olmağın yaşı yoxdur.

– Həya yoldaşınızın valideynləri sizin münasibətinizə nə dərəcə müdaxilə etdilər? Tanımadıqları, lakin tanınmış bir simanı gəlin kimi qəbul etmək asan oldu, yoxsa çətin?

– Məni əvvəldən çox yaxşı qarşıladılar. Tanıyanlar da bilir ki, qayınatamın, qayınanamın mənə, eləcə də mənim onlara münasibətim ana-bala kimidir. Onlar məni necə qarşıladılarsa, mən də onları o cür qarşıladım. Ola bilər düşünərdilər ki, mən Bakıda doğulmuşam, burada böyümüşəm, tanımırlar, bilmirlər. Amma onlar da oğlanlarının qərarlarına hörmət etdilər və özlərinin dediyinə görə, peşman deyillər. Təbii ki, yeri gələndə mənimlə fəxr edirlər. Bunu dana bilmərəm. Mən xəbər aparıcısı olanda qayınatam, qayınanam xəbərlərə daha diqqətlə baxırdılar. Bir neçə dəfə verilişlər aparmışam, hamısına baxıblar, diqqətlə izləyiblər. Özləri də ziyalı ailədir. Hər ikisi müəllimdir.

– Uzun illər xəbər aparıcısı olmusunuz, tanınmış simasınız. O vaxta qədər sizə evlilik təklif edən olmamışdı?

– Yəqin ki, efirdən tamaşaçı kimi bəyənən, ünsiyyət qurmaq istəyənlər olub. Hər bir aparıcını sevən, dəyərləndirən tamaşaçısı var. Yəqin ki, mən də efirdə olan müddətdə belələri olub. Ola bilməz ki, qıza qıraqdan göz qoyan olmasın, bəyənməsin. Amma mən öz istədiyimi adamıtapdım, o da həyat yoldaşımdır. Ona görə də başqa seçim etməmişəm.

– Sanki ana olduqdan sonra görünüş baxımından yaxşı mənada çox dəyişmisiniz.

– Bunu mən çox adam deyir. Hər zaman da gülüb, yarı zarafat qəbul edib keçmişəm. Özümə kənardan baxa bilmirəm, yəni xarici görünüşümdəki bu dəyişikliyi hiss etməyə bilərəm. Amma yəqin ki, övladlarıma, ailəmə olan istəyim, sevgim məni belə göstərir. Bəlkə də onların nurudur üzümə çöküb, onlara olan sevgimdir üzümə yansıyır.

Qızım və oğlum mənim üçün bir dünyadır. Allah ömür versin, onların xoş günlərini görüm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir