Azərindən ETİRAF: “Övladlığa uşaq götürə bilərəm – MÜSAHİBƏ

Baxış sayı: 1. 672

“Gencaile.az”  xalq artisti Azərinin Aile.lent.az-a müsahibəsini təqdim edir.

– Azərin xanım, son gördüyünüz işlər barədə məlumat almaq istərdik…

– Yeni albomum işıq üzü görüb. “Ürəklərdə bir iz” adlanır. Türkiyədə konsert proqramlarım olur. Müxtəlif təşkilatlardan dəvətlər alıram. Yeni mahnılar yazdırıram.

– Azərbaycanla əlaqələriniz necədir?

– Şou-biznesə qatılmıram. Nə burada, nə də orada. Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgələrində mütəmadi olaraq hər ay öz musiqiçilərimlə birgə konsertlər verirəm. Bu yaxınlarda Bərdədə, Şəmkirdə, Tovuzda konsertlərim oldu.

– Türkiyə və Azərbaycanda sənət mühitini necə təsvir edə bilərsiniz?

– Hər ölkənin özünə görə mühiti var. Türkiyədə musiqiçilərin albom satışından o qədər də gəliri olmur. Amma bölgələrdə bələdiyyələr tərəfindən çoxlu konsertlər təşkil olunur. Müğənnilər bu baxımdan gəlir əldə edə bilirlər. Orada sistem var. Bizdə əfsuslar olsun ki, yoxdur. Biz bölgələrə konsertə gedəndə gəlir əldə edə bilmirik. Eləcə də albom satışlarından. Bizdə sənət insanı pul qazanmaq istəyirsə, ya toya gedir, ya da restoranda çıxış edir. Türkiyədə isə belə deyil. Orda da toylara gedən müğənnilər var, amma burdakı kimi şişirdilmiş şəkildə etmirlər. Onlar üçün toy daha aşağı yerdədi. Əsas konsertlərdir.

– Siz necə, gəlir əldə edə bilirsinizmi?

– Özümə görə ad-sanım var, tanınıram. Təbii ki, gəlirim var.

– Azərbaycana tez-tez gəlirsiniz?

– Tez-tez gəlirəm. Sadəcə, efirlərə az çıxıram, çox müsahibə vermirəm. Bu mövzuda seçiciyəm. Hər proqrama qatılmıram, hər insana müsahibə vermirəm. Zamanında bunu çox eləmişəm. Amma gördüm ki, insanlar ya mütaliə etmək, ya da özünü inkişaf etdirmək istəmir. Biz bunu deməliyik. Tənqid etmək lazımdır ki, düzəliş olsun. Buna görə də mediadan imtina etdim. Dəvət aldığım verilişə, müsahibə alacaq insanın qələminə baxıram. Ona görə də insanlarda belə təəssürat yaranır ki, mən Azərbaycanda yoxam. Çox danışırlar ki, Azərin köçüb gedib. Xeyr, Azərbaycanı atıb heç yerə gedən deyiləm. Xasiyyətcə vətənpərvərəm, xalqımı çox sevirəm. Hara da getsəm, yenə də bura gəlirəm. Əslində, maraqlanmaq istəyən öyrənər. Mətbuatda cəbhə bölgəsindəki konsertlərimlə bağlı çox yazılar çıxır. Müdafiə Nazirliyinin internet səhifəsində məlumatlar daim dərc olunur. Dünya reklama alışıb. Amma mən reklamı, dolayısıyla gördüyüm işlər barədə danışmağı sevmirəm.

– Bəs hansısa məqamda düşünmüsünüzmü ki, reklam lazımdır?

– Yox. Maraqlanmaq istəyənlər məlumatları əldə edirlər, yəni lazımi insanlar məlumatlı olurlar. Oturub gözləmirəm ki, gördüyüm işlər haqda yazılsın. Belə dərdim yoxdur. Çox böyük arzularla yaşayan insan deyiləm. İnancım budur ki, insan Allah üçün nəsə edirsə, bunu görən olur. Bəlkə maddi cəhətdən zəngin insan deyiləm, amma dövlət üçün gördüyüm işlərin müqabilində ölkə başçısından və xalqdan hörmət, rəğbət görürəm. Buna görə də oturub dərd etmirəm ki, gördüyüm işləri reklam edim. Özüm istəmirəm. Bilən bilir.

– Bu il xalq artisti adına layiq görülmüsünüz…

– Bəli. Cənab prezident Silahlı Qüvvələr günündə məni mükafatlandırdı. Xalqımın sevgisini məhz bundan sonra gördüm. Çox yazılar yazıldı, çox danışıqlara səbəb oldu. Yaxşı mənada. Mənim ad almağımla bağlı xəbər ayrı verildi. Gileyli deyiləm. Bu günə qismət imiş. Çoxları dedi ki, gec idi, daha tez olmalı idi. Bilirsiz, nəticə etibarilə sənətçi xalqı üçün çalışır. Dinləyicilərin münasibəti məni sevindirdi. Çünki ancaq müsbət rəylər gördüm.

– Yeri gəlmişkən, sosial şəbəkələrdə necə, aktivsinizmi?

– Çox da aktiv deyiləm, ancaq çalışıram yazılanların çoxunu özüm cavablandırım. Şanslıyam, çünki mənə ancaq müsbət rəylər gəlir. 1 saatdan bir şəkil çəkib qoyanlara münasibətim yaxşı deyil. Konsertlərdən, yaxud sevimli insanlarla olan şəkillərimi paylaşıram. Ağacın kolunda şəkil çəkdirib qoyanları anlamıram, açığı. Hər bir insanın özəli var. Sosial şəbəkəyə aludə olanda özəl qalmır. Şəxsi həyat hər insana açıq olmamalıdır. Nə qədər açıq olsaq, bir o qədər maraqsız olacağıq.

– Türk izləyicilərinin münasibəti necədir?    

– Onlar daha mülayimdirlər. Azərbaycanlılar daha diqqətcildirlər. Məsələn, əvvəllər konsertlərdə tamaşaçılar alqışlayanda belə seçici idilər. Müğənnilərin çıxışına çox diqqət edirdilər. Türkiyədə konsertə gələn tamaşaçılar çox fəaldırlar. Çıxışdan sonra yaxınlaşıb sanki doğma insan kimi qucaqlayırlar. Azərbaycan mahnılarını əzbər oxuyurlar. Konsertlərdə həm Azərbaycan, həm də türk mahnılarını ifa edirəm. Ünsiyyətə can atırlar. Bizdə də mən düşünürəm ki, bu, zamanla öz yerini alacaq. Sənət insanı restorandan tanınmamalıdır. Sənət insanı səhnədə görünməlidir. Azərbaycanda Azərbaycan sənətçisinə, Azərbaycan musiqisinə dəyər verilməlidir. Xaricdən gələni yox, özümüzünkünü yüksəyə qaldırmalıyıq.

– Necə hesab edirsiz, Azərbaycan musiqi sənətində dəyərlərin dəyişməsi nə ilə əlaqədardır?   

– Pərdə götürüldü aradan. Bunu da edən sənət insanları oldu. Yəni, bunda xalqı günahlandıra bilmərik. Əgər mən şəxsi həyatımın toxunulmaz olduğunu deyirəmsə, başqaları bunu etmir. Əvvəllər sənətkarlar yalnız sənətlə tanınmağı üstün tuturdularsa, bu gün sənət səviyyəsi aşağı enib. Buna görə də sənət adı ilə ortaya çıxanlar başqa vasitələrlə gündəmə gəlirlər. Media da günahkardır. Azərbaycan mentallığında müəyyən dəyərlər var ki, onları qorumaq lazımdı. Media da göstərməməlidir, sənət insanı da özünü bu qədər açmamalıdır. Kimin göstərməyə sənəti varsa, özünü açıb ortaya qoymur. Amma medianın özündə də bəlli bir sərhəd olmalıdır. Senzuranı siz yaratmalısınız. Dəyərlərin dəyişməsi millətin adına ləkədir. Sosial şəbəkəyə heç kim qarışa bilmir. Buna görə də insanın özünə hörməti olmalıdır.

– Uzun müddətdən sonra xarici görkəminizdə dəyişiklik etmisiniz…

– Müəyyən məqam gəlir ki, insan dəyişiklik istəyir. Şəxsi həyatımda dəyişiklik etməyən biri olaraq, bunu etməyə gücüm çatdı. Çoxdan istəyirdim. Saçım heç vaxt belə qısa olmayıb. Konservativ adamam, buğa bürcüyəm. Nəyəsə bağlananda 10-15 il gedir. Ustam çox təəccübləndi, dedi ki, “çox şadam”.

– Həyatınızda bir boşluq var…

– Mən bunu boşluq hesab etmirəm. Hər şey Allahın əlindədi. Belə bir deyim var: səndən hərəkət, məndən bərəkət. Hər şey qismətə bağlıdır. Taleyimdə ailə qurmaq varsa, olacaq. Bunun dərdini çəkmirəm. Ailə qayğılarım çoxdur. Ailəm üçün yaşayıram. Laqeyd insan deyiləm.

– Yalnız qalmaq qorxusu varmı?

– Elə qorxum yoxdur. Bu mənada rahat insanam. O qədər ailələr var ki, övladları olsa belə, valideynlərə heç bir köməklik göstərmirlər. Təklikdən qorxmuram. Tək olacağıma inanmıram. Çünki məni sevən insanlar var. Mənim sevdiyim insanlar var. Hər şey Allahın əlindədi.

– Azərin xanım övladlığa uşaq götürə bilərmi?

– Bilər. Bu məsələ gənclik illərindən daim məni düşündürüb. Deyə bilmərəm ki, arzusundayam, amma bu addımı ata bilərəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir