Çində heyvanların klonlaşdırılması üzrə dünyanın ən böyük zavodu tikiləcək. Bununla bağlı zavodun tikintisinə 31,3 milyon dollar investisiya yatırmaq planlaşdırılır. Zavodun əsas korpusunun tikintisinə artıq başlanılıb.
Verilən məlumatlara görə, müəssisədə xidməti və ev itlərinin, inəklərin və çapar atların klonlaşdırılması nəzərdə tutulur. Burada ildə 100 min inək embrionlarının istehsalı planlaşdırılır ki, bu da daxili bazarda mal əti çatışmazlığı problemini həll etməyə hesablanıb.
Qeyd edək ki, dünyada bəzi alimlər insanların da klonlaşdırılmasının mümkün olmasını istisna etmirlər. Bu, mümkün olarsa, cəmiyyəti hansı dəyişikliklər gözləyə bilər?
Həkim terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, elm və texnika o qədər inkişaf edib ki, hər şeyi etmək mümkündür. Bu gün əgər Çində heyvanları klonlaşdırmağa başlayıblarsa, yaxın gələcəkdə insanları da klonlaşdırmaq mümkün olacaq. Bunu inkar etmək düzgün deyil. “Belə getsə, insanları da klonlaşdıracaqlar. Çünki bütün təcrübələrin əvvəli heyvanlarla başlayır. Heyvan üzərində təcrübə aparıb sonra insanlara keçirlər. Mən buna təəccüblü bir hadisə kimi də baxmıram”.
Müsahibimiz hesab edir ki, insanların klonlaşdırılmasının mənfi cəhətləri daha çox ola bilər: “Sözsüz ki, eyni tipdə iki insan yaratmaq cəmiyyətin korlanması deməkdir. İnsanların klonlaşdırılmasının mənfi təsiri də ola bilər. Mən bu yenilikdən müsbət heç nə gözləmirəm. İnsanların klonlaşdırılması gələcəkdə cəmiyyətin məhvi deməkdir. Cəmiyyət bununla da məhv olacaq”.
Tanınmış ilahiyyatçı Hacı Şahinin sözlərinə görə, İslam dini heyvanların klonlaşdırılmasına qadağa qoymur: “Dini nöqteyi nəzərdən heyvanların klonlaşdırılması icazəlidir. Amma insanlarla bağlı belə bir elmi nailiyyət hələ ki, əldə olunmayıb. Bu, hal-hazırda qeyri-mümkün bir işdir. Gələcəkdə bu mümkün olacaqsa, dinşünaslar bu məsələyə yenidən baxacaqlar və bu məsələ ilə bağlı bir fikrə gələcəklər”.
Süni insanların yaradılmasının mənfi tərəflərinə gəlincə, həmsöhbətmiz hesab edir ki, insanların klonlaşdırılmasının fəsadları ola bilər: “Hər hansı dini fikir ortaya qoyarkən məsələnin müsbət və mənfi tərəfləri hesablanır və bunun fəsadları olacaqsa, dini nöqteyi nəzərdən bunu qadağa edən bir hökm çıxarılır. Bu, elə bir ciddi məsələdir ki, bunun bütün mənfi və müsbət cəhətləri təhlil olunandan sonra din alimləri bu haqda hansısa bir rəy bildirə bilərlər”.
Hacı Şahin bildirib ki, dini hökmlərdə insanların klonlaşdırılmasını icazə verən bir dini dəlil görməyib: “Amma insanların klonlaşdırılmasını qadağan edən bir dini hökm də qarşıma çıxmayıb!”
İlahiyyət üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da hesab edir ki, insanların klonlaşdırılması mümkün deyil: “Hətta cismi olaraq da insan yaratsalar da, ona ruh verə bilməzlər. İnsanların klonlaşdırılması dinimizə görə icazəli sayılmır. Dinimizə görə bu, haramdır”.
Ə.Həsənovun sözlərinə görə, süni insanların yaradılması, klonlaşdırma insanlar arasında anarxiya yarada bilər: “İnsan klonları insanların özlərinə qarşı çıxa bilərlər. Hər yeri dağıda, dünyanı məhv edə bilərlər”.
Aynurə Məmmədova