evlilik

Evlilikdə hiss və məntiq barədə nə bilirsiniz?

Baxış sayı: 1. 538

Evlilik ərəfəsində hiss (ya da hisslər) nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Bunlardan hər hansı birinin yoxluğu evlilik ərəfəsində tərəfləri çətin vəziyyətdə qoya bilər. Əvvəlcə hisslərdən başlayaq. Əsasən qarşı tərəflə ilk tanışlığa hisslərimizlə başlayırıq. Məntiqə daha çox üstünlük verənlər belə qarşı tərəf haqqında danışarkən “O qədər də xoşuma gəlmədi” və ya “Məncə əsl mən deyən adamdır” deyə hisslərini ifadə edirlər. Bu da onların hissləri ilə hərəkət etdiklərini göstərir. Əlbəttə ki, emosinal baxımdan ilk təəssüratlar çox vacibdir. Ancaq unutmaq olmaz ki, bu təəssüratlar kifayət deyil və sonrakı mərhələdə sizi aldada bilər. Başqa sözlə, bu təəssüratlara “bel bağlayaraq” hərəkət etmək birtərəfli qərar qəbul etmək deməkdir. Hər bir tərəf evlənməzdən əvvəl evliliyə hazır olmalıdır. Ancaq bu, çoxlarının başa düşdüyü kimi qorxularla və ya həyəcanlarla (əlbəttə ki, yaxşı mənada) olmamalıdır. Burada ifadə etmək istədiyimiz “Məncə hələ evlənməyə hazır deyiləm” və ya “Özümə inanıram, deyəsən artıq evlənə bilərəm” kimi cümlələr emosional baxımdan hazır olmaq deməkdir. Əlbəttə ki, biz bununla məsələyə emosional baxışın vacibliyini inkar etmək istəmirik. Ancaq məsələyə təkcə emosional baxışla da kifayətlənmək doğru deyil. Başqa sözlə, istər hisslərinizə arxalanaraq evliliyi rədd etmək, istərsə də hisslərinizə arxalanaraq evliliyə razılıq vermək gələcək üçün sağlam başlanğıc sayılmaya bilər. Elə isə, hər şeydən əvvəl, tərəflər məntiqlərini ortaya qoymalı və evliliklərindən və evləndiklərindən nə gözlədiklərini konkretləşdirməlidirlər. Əgər bir tərəf qarşı tərəfdə istədiklərini tapa biləcəyinə inanırsa, bu dəfə hisslərini yoxlamalıdır. Məntiqə gəlincə, bəzən məntiqin yüz faiz qəbul etdiyi bir “namizədi” də qarşı tərəf sevməyə və ya özünü onun yanında rahat hiss etməyə bilər. Bu cür vəziyyətlərdə də yenə evliliyə razılıq verilməməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, əvvəlcə məntiqlə düşünməli, daha sonra hisslərinizi dövrəyə qoşmalısınız. Bir sözlə, hisslərinizlə “hə” deməyi bacardığınız kimi, məntiqinizlə də “hə” deməyi bacarmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir