Son günlər facebook sosial şəbəkəsində bananla bağlı insanları qorxuya salan faktlar yayılıb. İddiaya görə, belə bananların tərkibinə QİÇS xəstələrinin qanı vurulurmuş. Bu barədə yazılanlara Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, C. Quliyev qeyd edib ki, son günlərdə bəzi Kütləvi İnformasiya Vasitələrində banan meyvələrində qeyri-adi qırmızı ləkələrinə rast gəlinməsi, meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb olur.
“Dövlət Xidmətinin müfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilən zaman bu tip meyvələrə rast gəlinməyib. Məsələnin aktuallığını nəzərə alaraq, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb. Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi…” barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib”.
Camal Quliyev onu da əlavə edib ki, Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilib: “Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib”.
Bu xəstəliyə nadir hallarda rast gəlindiyini söyləyən Dövlət Xidməti rəisi, bakteriyanın ilk dəfə 1920-ci illərdə İndoneziyanin Sulavesi (keçmiş Celebes) bölgəsində cır banan üzərində aşkar edildiyini diqqətə çatdırıb: “Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsi ilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilib və aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib”.
DFNX rəisi sonda vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil: “Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur. Onu da qeyd edim ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir”.