is

İş həyatında uğur üçün 7 təklif

Baxış sayı: 1. 396

Müraciət etdiyiniz və cavabını həyəcanla gözlədiyiniz işdən müsbət cavab aldınız. Artıq sizi qane edən bir işiniz var və siz müvəffəqiyyət qazandığınızı düşünürsünüz.

Ancaq yanılırsınız! Çünki hələ pilləkənin ilk pilləsindəsiniz. Hələ ki yeni iş yerinizdə sınaq mərhələsini keçməlisiniz. Həyəcanlanmayın. Qorxulu heç bir şey yoxdur. Sadəcə olaraq, sizi iş yeri ilə təmin edən müdirin sizdən nə gözlədiyini və işin gedişində daha çox nəyə fikir verdiyini aydınlaşdırın.

1. Yaxşı münasibətlər qurun. Müdiriniz üçün iş yerinizə uyğunlaşıb-uyğunlaşmayacağınız və ya iş yoldaşlarınızla işləyib-işləyə bilməyəcəyiniz əsasdır. İş yoldaşlarınızla quracağınız münasibətlərin peşə biliklərinizdən öndə gəldiyini unutmayın.

2. Dinləməyi bacarın. Ətrafınızda nə baş verdiyini öyrənmək istəyirsinizsə, dinləməyi bacarmalısınız. Həm iş yeriniz, həm də işçilər haqqında lazımi məlumatlara sahib olana qədər sizin üçün danışmaq dinləməkdən daha vacibdir. Kimlərə etibar edəcəyinizi, kimin pis, kimin yaxşı olduğunu müəyyən etmədən çox danışmaq sizə ziyan gətirə bilər. Buna görə də yeni işə başladığınız yerdə, ilk növbədə, dinləməyə üstünlük verməli, orada işləyənlər və iş yeriniz barədə məlumat toplamağa çalışmalısınız.

3. Geyiminizə diqqət yetirin. Əgər idarənizdə hər kəs bir-birinə bənzər geyinirsə, siz də sınaq müddətini keçənə qədər bu dəbə uyğunlaşın. Öz geyim tərzinizi sonraya saxlayın.

4. Gülərüzlü olun. Səmimi söhbətlərdən çəkinməyin. Ancaq məsafə saxlamağı da unutmayın. Sadə və gülərüzlü olmaq sizə yeni imkanlar aça bilər.

5. Sizə kömək etmək istəyənlərə imkan verin. Heç kim sizdən hər şeyi bilməyinizi gözləmir. Buna görə qorxuya düşməyin. Sizə kömək etmək istəyənlərə arxa çevirməyin. Üstəlik, köməyə ehtiyacınız olduqda yardım istəyin. Bu sizin işçilərlə münasibətinizi yaxşılaşdırar.

6. Sizdən nə tələb olunduğunu öyrənin. İşə başladıqdan 7-8 ay sonra müdirinizlə görüşün. Sizdən razıdırmı? Yoxsa sizin başqa sahədə işləməyinizi istəyir? Bəlkə özünüzü bir az da yetişdirməlisiniz? Ancaq bu sualların cavabını öyrənmək üçün çox gözləmək də lazım deyil. Müdirinizin sizə münasibəti, gördüyünüz işlərə baxışı onun mövqeyini büruzə verəcək. Sizə isə, sadəcə olaraq, müdirinizin hərəkətlərindən nə istədiyini, nədən razı qaldığını ayırd etmək və işinizi buna görə qurmaq düşür.

7. İş yerinizi yenidən nəzərdən keçirin. İşiniz, həqiqətən də, xoşunuza gəlirmi? Yeni tanış olduğunuz iş yoldaşlarınızla illər boyu bir yerdə işləyə biləcəksinizmi? İş yeriniz sizə özünüzü yetişdirməyə imkan verəcəkmi? Bu suallara cavab tapdıqdan sonra artıq hədəflərinizi müəyyənləşdirə və buna görə hərəkət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir