rejisor

İntiqam Soltan: “Elə şeylər var ki, tərbiyə ilə deyil, genlə ötürülür” – MÜSAHİBƏ

Baxış sayı: 1. 790

“Gənclik” qəzetinin  “Mənim balam” rubrikasında sualları Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, rejissor İntiqam Soltan cavablandırıb. İntiqam Soltan rəhbəri olduğu teatrda uşaqların tərbiyəsinə yansıyan, zaman-zaman gəncləri doğru yola yönəldən tamaşaları ilə hər zaman diqqət mərkəzində olub. O, uğurunun əsas sirrini isə həyatında yoldaş olaraq ssenarist Arzu Soltanı seçməsində görür.

3 uşaq atası olan İntiqam Soltan fərqli çıxışları, açıqlamaları ilə digər sənət adamlarından seçilir. Övladlarına verdiyi tərbiyə üsulu ilə də onu bir qədər fərqli, nümunəvi ata adlandırmaq olar.

– İntiqam bəy, tanınmış bir sənətkar ailəsi olaraq övladlarınızı hansı tərbiyə üsulu ilə böyüdürsünüz?

– Övladların tərbiyə üsulu əslində öncədən qurulmuş bir sxem üzərində hazırlanmamalıdır. Hər insanın bir bazası, təcrübəsi var və övlad tərbiyəsində də o təcrübəyə əsaslanır. Uşaqları tərbiyə edərkən onları çərçivəyə salmaq düzgün deyil. Sadəcə, uşağın tərbiyəsində fasiləyə yol vermək olmaz. Bəzən uşağa verilən milyonlarla məsləhətdən yalnız biri onun taleyində dönüş rolu oynayır. Ola bilər ki, uşağın tərbiyəsində verdiyiniz fasilə həmin ana təsadüf etmiş olsun və uşağınızın tərbiyəsi düzgün formalaşmasın.

– Maraqlıdır ki, siz övladlarınıza həyat yoldaşınızın və özünüzün adlarınızı vermisiniz.

– Elədir. İki qızım, bir oğlum var. Oğlumun adı İntiqamdır, qızlarımın adı Arzu və İnar. İnarın adını Arzu ilə mənim adlarımızın baş hərflərindən götürmüşük.

– Siz də, yoldaşınız da sənət adamısınız. Belə olan halda, valideynlər övladlarını ya nənəyə, ya da dayəyə həvalə edirlər. Bəs sizdə necə oldu?

– Valideynlərin də köməyi olub, müəyyən dövrə qədər dayə xidmətindən də istifadə etmişik. Amma böyük hərflərlə deyirəm ki, uşaqların tərbiyəsi məsələsində bəxtim onda gətirib ki, onların anası Arzu Soltandır. Hesab edirəm ki, uşaqların ilk növbədə analarının kökündə, genində tərbiyə olmalıdır. Axı övladların tərbiyəsi ilə əsasən ana məşğul olur. Ataların işi-gücü çox olur və tərbiyə məsələlərində onların kölgəsi bəs edir. Yeri gələndə ana atanı da əvəz etməyi bacarmalıdır. Arzu Soltanın uşaqlarımızın tərbiyəsində və cəmiyyətdə yer tutmasında çox böyük rolu var.

– Deyirlər ki, əgər övladının tərbiyəli böyüməsini istəyirsənsə, ilk növbədə özünü tərbiyələndirməlisən. Bu fikrə münasibətiniz necədir?

– Çox gözəl bir fikirdir. Övladınızı tərbiyə etmək üçün ilk növbədə özünüzdən başlayın. Çünki övladınız da sizə bənzəyəcək. Cəmiyyətdə sayılıb-seçilən, tanınmış insan olmaq bəzən övladlara mənfi təsir göstərə bilər. Misal üçün, şou-biznes nümayəndələrinin adları daha çox qalmaqallarda hallanır və bu, uşaqlara da təsir edir. Bundan çıxarış edərək uşaq özü tərbiyələnir. Məsələn, Arzu Soltanın ssenari müəllifi olduğu “Pərvanələrin rəqsi” serialındakı obrazım mənfi xarakter idi. Oğlumun müəlliməsi ona demişdi ki, atana denən, biz onun yaratdığı obraza nifrət edirik. Bu söz oğlumu ruhdan salmamışdı. Əksinə, ona daha müsbət təsir etmişdi. Düşünüb ki, atam obrazını o qədər yaxşı canlandırıb ki, tamaşaçıları inandırmağı bacarıb.

– Ata rejissor, teatr direktoru, ana isə ssenarist. Bu ailədə böyüyən uşaqlarda incəsənətə maraq hansı səviyyədədir?

– İncəsənətə meyl o zaman güclü ola bilər ki, onlar üçün bu sahə əlçatmaz olsun. Onlar bu sahədən informasiya əldə edə bilməsinlər. Övladlarım hansı sahəni seçmələrindən asılı olmayaraq, onlarda çox gözəl qələm təcrübələri formalaşıb. Eyni zamanda mənim övladlarım peşəkar tamaşaçıdırlar. Rejissor işinə bələddirlər. Axı həyatda hər bir insan öz işinin rejissoru olmalıdır. İşinə kənardan baxmağı bacarmalıdır. Qızlarımın qələmi mənim də, Arzunun da qələmindən güclüdür. Bir dəfə qızım mənə Qarabağ müharibəsi haqqında hekayəsini oxudu. Mən o hekayəni dinlədikdən sonra bir həftə özümə gələ bilmədim. Oğlum orta məktəbdə oxuyur. Məktəbdə xarici dil seçərkən alman dilinə üstünlük verib. Nə üçün alman dilini seçdiyini soruşanda isə, dedi ki, evdə ingilis dilini bilən var. Bacılarımın biri fransız, digəri isə türk dili mütəxəssisidir. Ailəmizdə alman dilini bilən olmadığından, istəyirəm ki, bu dili öyrənim. Təbii ki, onun bu fikrinə hörmətlə yanaşıram və yanaşmalıyam da. Yaşı az olmasına baxmayaraq, yaradıcı fantaziyası var, maraqlı rep mətnləri yazır və kliplər çəkir. Bu məşğuliyyətini də dəstəkləyirik. Uşaqlar onlara qarşı tolerant münasibətə böyük ehtiyac duyur. Uşaqların elə dövrü var ki, onlara nə desən, “yox” cavabları hazırdır.

– “Yox” cavabı demişkən, İntiqam Soltanın övladları “Yox”, “Olmaz”-ın nə olduğunu bilirmi?

– Əlbəttə. Uşaq “yox” sözü ilə qarşılaşmalıdır. Ən azı dünya malına qarşı münasibətini düzgün qura bilməsi üçün “yox” sözünün nə olduğunu bilməlidir. Biz hələ dünya malından imtina edən bir millət deyilik deyə, cəmiyyətimizdə problemli övladlar yetişməkdədir. Başımıza gələn bəlaların bir qismi də daxili çatışmazlıqlardan, var-dövlətə meylli olmağımızdan, yolumuzu düzgün seçə bilməməyimizdən irəli gəlir.

– Bakı Uşaq Teatrı gəncləri, yeniyetmələri pis vərdişlərdən, əməllərdən uzaqlaşdırmaq üçün bir sıra layihələrə imza atıb. Bəs görəsən İntiqam Soltan öz övladlarına necə, cəmiyyətimizə zərərli ola biləcək bu vərdişlər barədə yetərincə məlumat verə bilirmi?

– Əslində o barədə övladlarıma məlumat verməyimə ehtiyac qalmır. Uşaq informasiyanı üç cür qəbul edir – qulaqla, gözlə və toxunaraq. Səhnədən biz yalnız səs və görüntü ötürə bilirik. Övladlarım da tamaşalarımıza baxır. Və bayaq dediyim kimi, onlar peşəkar tamaşaçıdırlar. Yəni nə demək istədiyimizi daha yaxşı başa düşürlər. Əgər fərdi qaydada həmin informasiyanı övladlarıma qəbul etdirmək istəsəm, özümü blokadaya salmış olaram. İstəmirəm ki, uşaqlar “atam məni tərbiyə edir” fikri ilə məsləhətlərimi qəbul etsinlər.

– Son dönəmlər məşhurların uşaqları ailə qurarkən valideynlərin rəyinə məhəl qoymur və ya valideynlərin onların şad günlərinə şahidlik etmələrindən imtina edirlər. Bu barədə fikirləriniz maraqlı olar.

– Bu yaxında Türkiyənin məşhur aktyorlarından biri xaricdə özünə toy edib və anası onun toyunda iştirak edə bilməyib. Hesab edirəm ki, bu birbaşa olaraq övladın itirilməsi deməkdir. İnsanı nə qədər sevirsə-sevsin, nə qədər məşhur olursa-olsun, onun şad günündə valideyni yanında yoxdursa, anası iştirak etmirsə, demək ki, o uşağın tərbiyəsində böyük qüsur var.

Hər zaman övladlarıma valideyn münasibətindən daha çox dost münasibəti göstərməyə çalışmışam. Valideynlərim mənimlə dost münasibətində olublar. Əgər mən nə vaxtsa yemək yeməmişəmsə, valideynim onun səbəbini bilməyənə qədər özü də yemək yeməyib. Ona görə də valideynlərimin özümə qarşı təbii sevgisini hiss etmişəm. İndiyə kimi heç kimdən valideynlərim haqda pis bir söz eşitməmişəm. İstəyirəm ki, övladlarım da mənim kimi böyüsün. İstəmirəm ki, övladlarım haqqımda utancverici bir söz eşitsinlər. Ona görə də hər zaman ilk növbədə özümü tərbiyə etməyə çalışmışam.

– Siz çox çılğın və üsyankar insansınız. Övladlarınız da sizin kimidirlər?

– Onların damarlarında mənim qanım axırsa, demək haqsızlıqla barışa bilməyəcəklər, heç zaman yaltaq olmayacaqlar. Atam mən balaca olanda böyük bir maldarlıq fermasının müdiri idi. Sovet dövründə ferma müdiri olmaq milyonlara sahib olmaq demək idi. Amma atam anamın keçi yunundan toxuduğu palazı yerə sərdirmişdi. O hər zaman deyirdi ki, əgər mən ayağımı yumşaq palaz üzərinə qoysaydım, ayağım çoxdan yerdən üzülərdi. Ayağım keçi tükündən toxunmuş palaza dəyəndə, tük ayağımı dalayanda mən özümü yerdə hiss edirəm. Ata mülkündən təkcə o palazı götürmüşəm. Mən də o palazın üzərində övladlarımı tərbiyə edirəm. Bu, inkişafdan qalmaq demək deyil. Sadəcə olaraq, kobud şəkildə deyəcəyəm, qudurmamaq, haqsızlıq etməmək, başqalarının haqqına girməmək, haqsızları incitməmək deməkdir. Elə şeylər var ki, tərbiyə ilə deyil, genlə ötürülür. Daxilimdə olan çılğınlıq ikiqat şəkildə övladlarıma ötürülüb. Təbii ki, Arzu xanımın da bu işdə payı var.

– Övladlarınızın təhsil seçimində onlara müdaxilə edirsinizmi?

– Edirəm. Onlara hərdən deyirəm ki, bir az az oxuyun (gülür). Onlar o qədər çox oxuyurlar ki, uşaqları yatmağa güclə göndərirəm. İndiyə kimi övladlarıma “Gedin dərsinizi oxuyun” ifadəsini işlətdiyim yadıma gəlmir. Çünki onlar uşaqlıqdan gözlərini açıb dəftər-kitab görüblər. Kitabın, dəftərin, qələmin içində böyüyüblər.

– Övladlarınızın içərisində sizin davamçınız varmı?

– Əslində arzulamazdım davamçım olsun. Çünki sənətimiz çətindir. Hər gün başqalarının həyatını canlandırmaq sizə elə də asan görünməsin. Amma istəsələr, mane olmazdım.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir