Hər zaman dəbdə olan klassik geyimləri– yəni kostyumları qalstuksuz təsəvvür etmək çətindir. Çünki qalstuk libası tamamlayan aksessuar rolunu oynayır. Bəs görəsən qarderobumuzun əsas elementlərindən biri olan qalstuklar nə zaman yaranıb? Onun funksiyası nədir? Kulturoloq Mir Teymur Məmmədov deyir ki, qalstukların yaranma tarixi çox qədimlərə – Çin imperatorluğu dövrünə gedib çıxır.
Qalstukun avropa mədəniyyətinə gəlişi isə 17-ci əsrin ortalarına təsadüf edir. Belə ki, 1635-ci ildə 30 illik müharibə dövründə, Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi. Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boynundakı rəngli dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə “croat” yəni “xorvat” olur.
Bundan sonra qalstuk fransız elitası arasında geniş yayılır. Daha sonra bu dəb İngiltərədə də populyarlaşır. Əvvəllər qalstuk elə möhkəm bağlanırdı kı, insanlar başlarını belə çevirə bilmirdilər. Ilk vaxtlarda fransada qalstuku 5 formada bağlamaq mümkün idisə, hazırda bu rəqəm 200-ə yaxındır. Müasir dövrümüzdə isə bu geyim aksessuarlarının əhatə dairəsi 70-ci illərdən sonra daha çox genişləndi
Göründüyü kimi xarizmatik geyim növlərindən biri olan kostyumların ayrılmaz hissəsinə çevrilən qalstuklar, yarandığı vaxtdan daim diqqət çəkib. Rəsmi geyim forması sayılan kostyumların ayrılmaz bir hissəsi olan qalstuk dövlət rəsmiləri, siyasətçilər və iş adamları tərəfindən daha çox istifadə olunur. Lakin bir çox müsəlman ölkələrində qalstuka olan münasibət heç də birmənalı deyil. Belə ki, qalstuk qərb mədəniyyətinin nümunəsi sayıldığından 1979-cu ildə İranda istifadə olunması qadağan edilmişdi. 2010-cu ildə isə qonşu ölkənin mütəxəssisləri İslam dəyərlərinə uyğun qalstuklar hazırlamağa başlayıb. Qeyd edək ki, hər il dünyada 900 milyondan artıq qalstuk satılır.