Gənc və aztəminatlı ailələrin mənzil probleminin həlli üçün tətbiq olunan əsas mexanizmlərdən biri də ipoteka kreditləşməsidir. Lakin bu kreditləşmə o qədər də əlçatan olmadığı üçün bu istiqamətdə daha uğurlu və hər kəs üçün əlçatan olacaq sosial evlər layihəsinin tətbiqinə ciddi ehtiyac var. Ekspertlər və millət vəkilləri bu layihənin ölkədə mənzil probleminin həlli üçün uğurlu olacağını bildirirlər. Yeri gəlmişkən, qeyd edək ki, dünya təcrübəsində istifadə olunan bu mexanizm artıq Azərbaycanda da tətbiq olunacaq. Belə ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında danışıb. Bildirib ki, Azərbaycanda aztəminatlı əhalinin mənzillə təminatı məqsədilə sosial mənzillərin tikintisi layihəsinə başlanır.
Prezident deyib ki, sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək. Dövlət başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi iki məqsəd daşıyır – aztəminatlı əhalinin mənzillə təmin edilməsi və işsizliyin azaldılması. Sosial evlər həm Bakıda, həm də rayonlarda tikiləcək və aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzunmüddətli kreditlərlə veriləcək. Sonradan həmin ailələr bu mənzillərə mülkiyyət hüququ alacaqlar: «Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir».
Prezident bildirib ki, bu mənzillərin verilməsi yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahəsinin də inkişafına səbəb olacaq.
Mənzil probleminin qısa müddətdə həlli yolu
Millət vəkili Musa Quliyev açıqlamasında bildirdi ki, sosial evlər layihəsi müxtəlif ölkələrdə müxtəlif cür tətbiq olunan ən uğurlu layihələrdəndir: “Bu iş əhalinin, xüsusilə aztəminatlı ailələrin mənzilə olan tələbatını qısa müddətdə həll etməkdə dövlətin, dövlət təşkilatlarının, özəl sektorun birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Azərbaycanda sosial evlərin tikilməsi üçün qanunvericilik bazası kifayət qədər genişdir. Cənab Prezidentin göstərişi ilə həm Bakı şəhərində, həm də regionlarda sosial evlərin tikilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb. Layihəyə əsasən, sosial mənzil fondu yaradılır və bu fondun maliyyələşməsi hesabına qısa müddətdə maya dəyəri ucuz başa gələn mənzillər inşa olunaraq ehtiyacı olan ailələrə uzun müddətə kirayəyə verilir. Kirayə haqqı tam ödənildikdən sonra isə ev ailənin mülkiyyətinə verilir”.
Millət vəkilinin sözlərinə görə, belə mənzillərin tikilməsi təkcə əhalinin mənzilə olan tələbatını ödəməklə kifayətlənmir, eyni zamanda iqtisadiyyatın 20-yə yaxın sahəsində canlanmaya səbəb olur: “Birinci növbədə tikinti sahəsində, mənzil tikintisində istifadə olunan tikinti materiallarının istehsalında canlanma olur, əhalinin məşğulluğu təmin olunur. Azərbaycanda tikinti materiallarının böyük hissəsi istehsal olunur. Bazar güclənir, iaşə, ticarət xidmətində canlanma əmələ gəlir və s. Bu, təkcə mənzil tikintisi və mənzillə təminat məsələsi deyil, həm də ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda qeyri-neft sektorunun 20-yə yaxın sahəsinin inkişafına səbəb olacaq bir layihədir. Sosial evlərin tikintisinə başladıqdan sonra qısa müddət ərzində Azərbaycanda mənzilə ehtiyacı olan insanların böyük əksəriyyətinin bu ehtiyacları təmin olunacaq”.
“Qiymətlər baxımından da töhfəsi ola bilər”
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirdi ki, əsas məsələ bu işin hansı formada görülməsindən ibarət olacaq: “Sosial evlər vacib məsələdir. Amma biz bu işin hansı formada icra olunacağını gözləməliyik. Ölkəmiz bu prosesə nə qədər hazırdır? Bunun icrası üçün tələb olunan maliyyə resurslarımız mövcuddurmu? Eyni zamanda sosial evlər layihəsinin paytaxt və regionlarda paralel icra olunması ilə bağlı məsələlər hansı səviyyədə öz həllini tapacaq? Sosial evlər bu gün kifayət qədər aktual mövzudur. Azərbaycanda sosial evlərə tələbat həddindən artıq böyükdür. Bu, əhalinin orta və aztəminatlı təbəqəsinin mənzil təminatının həyata keçirilməsi və yaxşılaşdırılması baxımından zəruri proqram ola bilər”.
R.Osmanlı deyir ki, Azərbaycan qanunvericiliyində, Mənzil Məcəlləsində sosial mənzil fondunun yaradılması, idarə olunması, digər istiqamətləri ilə bağlı müvafiq bəndlər mövcuddur. Qanunvericiliyin o istiqamətinin işlək vəziyyətə gətirilməsi istiqamətində addımlar atılmalıdır. Ekspertin sözlərinə görə, sosial evlər layihəsinin əsasında böyük mənzil fondunun yaradılması, onlarla yaşayış binalarının mənzillərinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu, tikinti materiallarının topdan və ya pərakəndə satışı ilə məşğul olanlar üçün bir növ yeni bir mərhələnin başlanğıcı ola, bu sahəni xeyli aktivləşdirə bilər.
R.Osmanlı onu da bildirdi ki, layihənin icrası həm alış-satış, həm də kirayə qiymətlərində ucuzlaşmaya səbəb olacaq: “Fondun yaradılması Azərbaycanda mənzil qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Çünki bir tərəfdən mənzilə olan tələb aşağı düşəcək, digər tərəfdən isə kirayə bazarında qiymətləri azaldacaq. Çünki sosial ev formasında bazara mənzillər çıxarılacaq. Qiymətlər baxımından da bazara töhfəsi ola bilər”.
Bu, mənzil problemini yaxın 10 ildə həll edə bilər
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, əslində dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsaitin ayrılması barədə göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması aktuallaşıb: “Ölkə Prezidenti ayrılan vəsaitin bir hissəsinin sosial evlərin inşası üçün istifadəsi ilə bağlı da tapşırıq vermişdi. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir”.
V.Bayramov deyir ki, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür. İqtisadçının sözlərinə görə, neftin dünya bazarında qiymətinin aşağı düşməsinə baxmayaraq, bunun üçün ölkənin vəsaiti var: “Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcəllənin 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, hətta aztəminatlı ailələrə yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur”.
İqtisadçı bildirdi ki, bu fondun formalaşdırılması heç də mənzilə sahib olan hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir: “Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər. Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir.
İldə 12 min yeni mənzil
İqtisadçı bildirdi ki, dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar: “Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 350 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadratmetr mənzil “malaaltı” 310 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına – divarın ağardılmasına, döşəməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 12 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 150 manat ödəməli olar”.
V.Bayramov deyir ki, dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir. “Bu məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu, aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri sabitləşdirəcək. Həmçinin dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə olaraq paytaxtda deyil, eləcə də regionlarda formalaşdırılacaq”.
V.Bayramov onu da əlavə etdi ki, mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondunun formalaşdırılmasıdır. Bu zaman dövlət artıq bazarda təklifçi kimi çıxış edir ki, bu da tələbin bir hissəsinin sözügedən fond tərəfindən qarşılanmasına və nəticədə qiymətlərin tənzimlənməsinə imkan verir: “Hələlik dövlət bazarda təklif deyil, tələb formalaşdırır. Beləliklə, əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi yalnız tətbiq mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.