(IV hissə)
Müqəddəs kitablarda(Tövratda)Adəmin 930 il yaşadığından xəbər verilir. Bir halda ki, Quran bu barədə hər hansı bir məlumat vermir. Hərçənd hədislərdə bu rəqəm 1000 il göstərilir. Nə üçün Quran bu barədə bir xəbər vermir? Bizim qənaətimizə görə, Quran insan oğlunu sahib olduğu bilgidən xaric,başqa sözlə desək, bilə bilmədiyi və bilməsinin ona lazım olmadığı məlumatların üzərində dayanmır. Və əgər hardasa bu barədə xəbər verilirsə, bu sadəcə ibrətamiz işarələrdir. Adəmin harada dəfn olunduğu barədə nəql olunan rəvayətlər də kifayət qədər fərqli, hətta ziddiyyətlidir. Belə ki, bəzi rəvayətlərdə (bu rəvayət onun Cənnətdən endirildiyini dəstəkləyənlər tərəfindən nəql olunur) onun ilk dəfə endiyi Hindistan yarımadasında,bəzi rəvayətlərdə isə ilk ibadətgahın yerləşdiyi Məkkə şəhərində, daha dəqiq desək, Əbu Qubeys dağında dəfn olduğundan xəbər verillir. Ümumiyyətlə, nəinki Adəmin, hətta ondan sonrakı və sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) yaxın zamanlarda yaşamış peyğəmbərlərin belə harada dəfn olunduğu barədə hər hansı dəqiq məlumatımız yoxdur.Və əgər hansısa peyğəmbərin dəfn olunduğu yer barədə məlumat verilir və yer göstərilirsə, bu adi ehtimaldan başqa bir şey deyil.
Adəmin kitabı
Adəmin ilk peyğəmbər olduğuna dair verilən məlumatlarda ona 21 səhifəlik kitabın nazil olduğu da xəbər verilir. Kitab ifadəsi barədə yaranan fikir ayrılıqlarının əsas səbəbi bir çoxlarının kitab deyildikdə iki cild arasında qərar tutan yazılı səhifələrin nəzərdə tutulduğu qeyd olunur. Bir halda ki, Qurana görə kitab məlumatlar toplusudur ki, bəzi ayələrdə “suhuf” olaraq keçir. Və əgər Adəm də ilk peyğəmbər olmuşsa, ona verilən bilgi toplusuna da kitab deyilə bilərdi.
Yaş həddi
Həzrət Adəmin ilk insan və ilk peyğəmbər olduğunun üzərində dayansaq onun bu vəzifəyə hansı yaş həddində çatması, uşaqlıq, yeniyetməlik və cavanlıq dövrlərinin də keçməsi barədə bir sıra suallar yarana bilər. Bir halda ki, bu barədə məlumat yoxdur. Əldə olan məlumat isə onun peyğəmbərlik dövründən sonradır. Belə ki, əgər onun uşaqlıq dövrü müzakirə edilərsə, anasının kimliyi müzakirə olunacaq, bu da silsiləvarı əlaqələrin yarandığına və heç bir nəticə əldə olunmayacağı ilə nəticələnə bilər.
İlk ibadətgah
Quran yer üzündə inşa olunan ilk ibadətgahın Məkkədəki Kəbə evinin olduğunu vurğulayır: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 96). Və əgər ilk ibadətgah Kəbə evi olmuşsa, onun insanlığın ilk nümayəndəsi olan Adəmə aid olması da mümkündür. Sonrakı dövrdə İbrahim peyğəmbərlə (ə) oğlu İsmail (ə) həmin binanı təməldən inşa etmişlər.
Allah nə üçün bizi yaratdı?
Allahın heç nəyə və o cümlədən bizə ehtiyacı olmadığı bir halda, nə üçün bizi yaratdı?
Quranda bu sualın dörd cavabı var:
- Məqsəd və səbəb
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).
- Allaha dua edilsin deyə
“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”” (Furqan, 77).
- Həyatın imtahan olduğunu bəyan etmək
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mulk, 2).
- Mərhəmətin qaynağı olaraq insanı yaratdı
“Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır” (Hud, 119).
Məntiqi cavablandırma
Allah bütün ismlərinə əzəli və əbədi sahibdir. Və bu ismlərdən biri də “Xaliq” (yaradan) ismidir. Yaradıcı olana isə “nə üçün yaratdın?” sualı verilməz. Əgər günəş yer üzünə işıq verirsə, “nə üçün günəş işıq saçır?” sualı verilməz. Eyni qaydada olaraq hər hansı bir əsəri yaradan sənətkar barədə də belə bir sual verilməz. Çünki bu onun zati xüsusiyyətidir. Yənı varlığının ayrılmaz hissəsidir. Allaha gəlincə, Onun sifətləti yaradılış aləmində təcəlli etməlidir. Demək əgər Allah üçün yaradıcı ismindən istifadə olunursa, bu kimi sullar verilməməlidir. Necə ki, dülgərə “sən nə üçün dülgərlik edirsən?” sualı verilmir. Hədisi Qüdsidə nəql olunan hədislərdən birində buna cavab verilir (Allahın dilindən deyilir): “Mən gizli bir xəzinə idim, bilinməyi istədim”. Hətta bəzən belə bir sual da verilir: “Allah məni yaratmazdan əvvəl nə üçün məndən bunu soruşmadı? Soruşsaydı bəlkə mən yaradılmaq istəmədiyimi deyəcəkdim…”. Sualı vermək asandır, amma bir qədər məntiqi olmaq lazımdır. Çünki bu sualı vermək üçün insan oğlunun ilk növbədə var olması lazımdır. Var olmadan, yəni şüur sahibi olmadan necə belə bir sual vermək olar?!
İki əlimlə yaratdım
Sad surəsinin 75-ci ayəsində insanın yaradılışı barədə belə bir ifadədən istifadə olunur: “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?””. Bildiyimiz kimi hər dilin özünəməxsusluğu var. Və hər bir dildə kəlmələrin həqiqi və məcazi mənalarda işləndiyi yerlər var. Məsələn, biri barədə “filankəs əliuzunluq edir”, “filankəs çox əliaçıq insandır” və ya “əlim üstündədir” kimi ifadələrdən istifadə olunur. Dil ilə azacıq tanış olan istənilən şəxsdən bunların mənasını soruşsan “bunlar məcazdır” – deyə cavab verəcək və birinci ifadədən məqsəd birinin başqalarının malına əl uzatdığını, ikincinin səxavətli olduğunu, üçüncünün isə nəyinsə və ya kimlərinsə nəzarət altında olduğunu vurğulayacaq. Demək “Allahın əli” ifadəsi məcazi anlam daşıyır. Belə ki, eyni məntiqdən çıxış edərək yəhudilər də Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” (Maidə, 64) ayəsinin zahiri mənasını əsas götürərək Allahın paxıl olduğunu bildirməkdən belə çəkinməmişlər. Bir halda ki, Allah barədə hər hansı bir fiziki xüsusiyyət nisbət verilə bilməz. Çünki fiziki varlığın əsas xüsusiyyəti yaradılmış olmasıdır. Yaradıcı barədə isə bunu söyləmək son dərəcə qeyri- məntiqi yanaşmadır. Allahın zatı barədə söylənilən ifadələrdən birində deyilir: “Zehninə hər nə gəlirsə bil ki, o Allah deyil”. Bunu Quranın özü də təsdiqləyir: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Və Quranda Allah Quranda Özünə göz və üz də nisbət verilir. Amma bütün bunlar hamılıqla məcazi anlamlardır. Yəni əl kəlməsi Allah barədə işləndikdə güc və səxavət, insan barədə işləndikdə isə fiziki üzv mənasında işlənmişdir. Yəhudilərin Allaha paxıllıq vermələrinə gəlincə Allah onlara belə bir cavab verir: “Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər”. Fəth surəsinin 10-cu ayəsində “Allahın əli sizin əlinizin üzərindədir” ifadəsindən istifadə olunur. Ayə müsəlmanların Peyğəmbərlə beyət etmə ərəfəsində nazil olur. Məlum məsələdir ki, beyət olunarkən iştirakçılar əllərini bir-birlərinin əllərinin üzərinə qoyurlar. Ayədə belə bir ifadədən məqsəd Allahın belə bir beyətə razı olduğunu bildirməkdir. Və yuxarıda qeyd olunan ayədən məqsəd “iki əlimlə yaratdım” ifadəsindən məqsəd “qüdrətinlə yaratdım” anlamına gəlir. Belə ki, Quranın digər ayələrində də “yəd” (əl, cəm halda əyd) kəlməsi güc mənasında da işlənmişdir. Necə ki, Zariyat surəsinin 47-ci ayəsində buyurulur: (vəssəma-ə bənəynahə bi əydin və inna ləmusiun) – “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik”.