Anası elə bərkdən öskürürdü ki, bu səsi eşitdikcə tükü biz-biz olurdu. Xəstəlik bir yana, aclıq da anasını taqətdən salmışdı. Anasının bu halını gördükcə ağlamağı gəlirdi. Amma ağlamaqla nə etmək olardı ki?.. O, qollarını çırmalayıb bir işə girişməli və anasının müalicəsi üçün pul qazanmalı idi. Yoxsa, bu gedişlə yenə də anasını itirmək təhlükəsi ilə üz-üzə qala bilərdi.
Anası hər dəfə öskürdükdə ağzına tutduğu dəsmal qan olurdu. Bu mənzərəni gördükcə az qala nəfəsi kəsilirdi…
Vüqar və anası Sevil xanım Bakıya rayonların birindən gəlmişdilər. Vüqarın atası İlham kişi çörəkpulu qazanmaq üçün illər əvvəl Rusiyaya getmiş və bir daha geri qayıtmamışdı. Görənlər İlhamın sağ olduğunu deyirdilər…
Vüqar özündən asılı olmayaraq ayağa durdu və anasına heç nə demədən evdən çıxdı. Hara getdiyini heç özü də bilmirdi. Yeganə istəyi anasının müalicəsi üçün pul qazanmaq idi. Kirayədə yaşadıqları binanın yaxınlığında yerləşən “qul bazarı”na gəldi və iş axtaran fəhlələrə qoşuldu…
***
Yaşı az olduğu üçün fəhlələr Vüqarın onlara qoşulmasına təəccüb edirdilər. Vüqar ona dikilən baxışlar qarşısında özünü narahat hiss etsə də, büruzə verməməyə çalışırdı. Ancaq bir neçə dəqiqə sonra gördüklərindən o da dəhşətə gəldi. Çünki bir vaxtlar ona dərs deyən müəllimi də “qul bazarı”nda idi. Görünür, keçmiş müəllim də paytaxta köçəndən sonra imkansızlıq ucbatından bura üz tutmuşdu…
***
Fəhlələrin bir neçə addımlığında qara rəngli xarici markalı avtomobil dayandı. Bunu görən fəhlələr irəli cumdular. Fəhlələrdən biri yaxşı suvaq vurduğunu, digəri yaxşı santexnik olduğunu, o birisi isə hər işi bacardığını dedi. Vüqar müştəriyə özünü tərif üçün deməyə bir söz tapmasa da, fəhlələrin arasında idi və ümid edirdi ki, o da özünə nə isə bir iş tapa biləcək.
Müştəri bağ evinin həyətində 4 tondan artıq soğan olduğunu dedi: “Soğanlar təmizlənməli və səliqə ilə kisələrə doldurulmalıdır”. Bayaqkı santexnik də, suvaq ustası da bu işi çox yaxşı bacardıqlarını və 3 günə soğanları kisələrə dolduracaqlarını dedilər. Soğanları təmizləyib kisələrə doldurmaq əslində çox çətin iş olmadığından Vüqar da özünü irəli verdi və: “Dayı, iş axtarıram, məni də aparın, bacararam”, – dedi. Müştəri Vüqarın solğun gözlərini, arıq və qarayanız sifətini görüb, sanki təsirləndi və “gəl” dedi…
***
Bağ evinə gəldilər və tapşırılan işi yerinə yetirməyə başladılar. Havanın həddindən artıq soyuq və şaxtalı olmasına baxmayaraq, Vüqar var gücü ilə işləyir və anasına dərman pulu qazanmağa çalışırdı. Vüqar bir tərəfdən işləyir, bir tərəfdən də müştərinin onunla təqribən həmyaşıd olan övladlarına tamaşa edirdi. Müştərinin hər iki oğlu bahalı velosipedlərini bir kənara atıb, mobil telefon uğrunda bir-biriləri ilə mübahisə edirdilər. Böyük qardaş deyirdi, telefon mənimdir, kiçik qardaş deyirdi, mənim. Qardaşlar dava edir və o tərəf, bu tərəfə qaçdıqca bayaq analarının onlara verdiyi, indi isə yerə atdıqları kotlet-çörəyi tapdalayırdılar. Vüqar işini itirməkdən qorxmasaydı, uşaqları kənara itələyər və yerə atılmış həmin kotlet-çörəyi götürüb ləzzətlə yeyərdi. Ancaq onun buna ixtiyarı yox idi. Onun işi soğanları təmizləmək və kisələrə doldurmaq idi.
Vüqar fikirləşdi, görəsən o da nə vaxtsa çörəyi bu cür yerə atıbmı? Bəlkə, elə buna görə indiki vəziyyətə düşüb? İstədi uşaqları çağırıb, “çörəyi tapdalamayın, günahdır” deyə, ancaq susdu.
Yerə atılmış çörəyi görəndə yadına anası düşdü. Anası neçə gün idi ki, kotlet arzulayırdı. Ancaq imkansızlıqdan evdə iki aya yaxın idi ki, ət yox idi…
***
Axşam saat 9-da işin bir hissəsini bitirdilər. Vüqardan böyük fəhlələrin hər biri 40 manat, o isə 20 manat zəhməthaqqı almışdı. Dəhşətli dərəcədə yorğun idi, üstəlik, barmaqları da ağrıyırdı. Ancaq buna baxmayaraq, evə ət alıb aparmaq istəyirdi. Heç olmasa, bu gün anası az da olsa kotlet yeyə biləcəkdi. Pulun qalan hissəsinə isə anası üçün vacib olan dərmanlardan birini alacaqdı. Fikirləşdiyi kimi də etdi…
***
Mağazadan aldığı çəkilmiş ətlə anasının da köməyi ilə kotlet bişirdi. Anası yataqdan qalxa bilmədiyi üçün ona ancaq bəzi məsləhətlər verirdi. Nəhayət, kotletlər hazır oldu və Vüqar onu anasının qarşısına qoydu.
Anası təkid etsə də, Vüqar kotletdən yemədi, müştərinin işdən sonra onlar üçün süfrə açdığını və orada doyunca yediyini dedi. Əslində isə belə bir şey olmamışdı və Vüqar evə ac gəlmişdi…
***
Anası birtəhər kotletləri yeyib qurtardı və Vüqarın aldığı dərmanı içəndən sonra ona dua etdi. Bir neçə dəqiqə sonra anası yuxuya getdi. Vüqar bir tikə yavan çörək götürdü və sonra evin işığını söndürüb yatağa uzandı. Mənzilin işığını isə ona görə söndürdü ki, anası onun yavan çörək yediyini görməsin. Anası yataqda mışıl-mışıl yatırdı. İndi Vüqar dünyanın ən xoşbəxt övladı idi…
Nicat İntiqam