efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – SONUNCU YAZI

Baxış sayı: 529

Keçən məqalələrimizdə ailə münasibətlərinə mənfi təsir qoyan 10 yanlış idrak xətasından doqquzu haqqında, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə”, “şəxsiləşdirmək”, “iki qütblü düşüncə tərzi”, “fəlakətləşdirmə”, “olmalı ifadələri – malı, məli düşüncə tərzi”, “etiketləmək” haqda məlumat verdik. Bu məqalədə də yanlış qavramlar haqda söhbətimizi onlardan sonuncusu olan “ifrat böyütmək-kiçiltmək” barəsində davam etdiririk:

10- İfrat böyütmk-kiçiltmək

İfrat böyütmək-kiçiltmək dedikdə, məqsəd hər hansı bir məsələdə mənfini böyütmək, şişirtmək və müsbəti minimuma endirməyə meyilli olmaqdır.  Deməli, ifrat böyültmə-kiçiltmə düşüncə tərzinə düçar olan insanlar daim yaxşı cəhətləri gözardına vurur, amma pis cəhətləri isə həddindən artıq şişirdir. Bu iki formada olur:

1) Özünə qarşı

İnsan öz yaxşı və üstün cəhətlərini heç sayaraq, uğursuz xüsusiyyətlərini və addımlarını sanki mikraskopla böyüdərək incələyir, birəni dəvəyə çevirir. Etdiklərini kiçik, edə bilmədiklərini isə böyük görür. Məsələn, insanlar qarşısında çıxış edən şəxs, söhbət zamanı bir-iki dəfə dilinin topuq vurmasını şişirdərək, danışa bilmədiyini və bir daha çıxış etməyəcəyini deyir. Halbuki, onun izdiham qarşısına çıxıb danışması özü elə ən böyük uğurdur, burada dilinin bir-iki dəfə topuq vurması isə həyəcanın təbbi nəticəsidir.

Yaxud bəzi hallarda bu işarə şəklində də qavrana bilir. Məsələn, hansısa xəstəliyə tutulan bir şəxs, müalicə etməsinə baxmayaraq “gecə yata bilmədim, xəstəliyim getdikcə pisləşir”-deyə məsələni faciyəvi hala gətirir, halbuki, onun xəstəliyində bir sıra irəliləyişlər mövcuddur və o, bunları görməzdən gəlir.

Bu bəzən öz bacarığını dəyərsizləşdirmək, başqalarının uğurlarını isə şişirtmək formasında da ola bilir. Məsələn, 20 nəfərlik dadlı bir yemək hazırlayan xanım, yeməyinin görünüşünü 4 nəfərlik yemək hazırlayan görünüşü gözəl olan amma dadı olmayan başqa bir xanımın yeməyi ilə müqayisə edir. Halbuki, 20 nəfərə dadlı yemək hazırlamaq olduqca çətin və məharət tələb edən bacarıqdır. 4 nəfərlik dadsız, lakin görünüşü gözəl olan yemək isə sadəcə zahiri bəzənmiş amma tikinti materialları çürük olan binaya mənzəyir. Burada xanım başqasını müqayisə etməklə özünə haqsızlıq etmiş olur və öz əməyini dəyərsizləşdirir.

2) Başqasına qarşı

İnsan başqalarının müsbət cəhətlərini əhəmiyyətsiz dərəcədə kiçildərək, onların mənfi yönlərini şişirdir. Məsələn, valideyn övladının dərslərdəki uğurunu qiymətləndirərkən, aldığı aşağı qiymətlərə daha çox əhəmiyyət verir, amma yüksək qiymətlərə məhəl qoymur.

Bir sözlə, böyütmə-kiçiltmə düşüncə tərzi hadisələrin müsbət cəhətlərini olduğundan daha əhəmiyyətsiz və kiçik, lakin mənfi cəhətlərini isə olduğundan daha böyük və şişirdilmiş şəkildə qəbul etməkdir.

Ailədə cütlüklər arasındakı münasibətlərdə böyütmə-kiçiltmə düşüncə xətası olduqca əhəmiyyətli rol oynayır. Bu onların hadisələri düzgün qavrama və təhlil etmə qabiliyyətinə mənfi təsir göstərir. Məsələn, bəy xanımını onun ailəsini xor görməsi ilə günahlandırır. Səbəbi isə “dünən anamgilə getmək istədiyim zaman sən yorğunam deyib gəlmədin” -deyə ortaya qoyulur. Halbuki, xanımı ona “anan xəstə olduğu zaman onun yanında mən qaldım və ona bir müddət qulluq etdim”-deyə bu ittihama etiraz edir. Baxın, burada kişi “ona bir həftə baxmaq sənin borcun idi”-deyə xanımının fədakarlığını kiçildir və dəyərsizləşdirir. Eyni zamanda isə onun “yorğun olduğu üçün anasıgilə getmək istəməməsini” böyüdərək, faciələşdirir.

Yaxud xanım ərinə “sən üç gündür ki, bizi gəzməyə çıxarmırsan -deyə onun “ailəsini sevmədiyini, dəyər verməyini və çox pis ata və ər olduğunu” iddia edir. Birhalda ki, qadın isə onun bu günə qədər olan zəhmətlərini, yaxşı əməllərini görməzdən gələrək, kiçildib dəyərsizləşdirir. Eyni halda sırf üç gün onları gəzməyə çıxarmamasını isə şişirdərək, böyüdür.

 

Nəticə

Dr. David Burn bu yanlış qavramı “durbin hiyləsi” adlandırmışdır. Bildiyiniz kimi durbində həm böyütmə, həm kiçiltmə imkanı mövcuddur. Şəxs mənfi hadisələri həddən artıq böyüdür, müsbətləri isə kiçildir. Belə insanlar hadisələri təhlil etməmişdən öncə, ilk növbədə özünə sual verməlidir ki, “mənim bu məsələni böyütmək və yaxud kiçiltmək ehtimalım varmı?” Bu zaman hadisənin real olaraq mənfi və müsbət cəhətlərini iki ayrı səhifəyə yazması və onları müqayisə etməsi daha uyğundur. Əlbəttə, bu zaman reallıq və həqiqətlər gözardı edilməməlidir. Bəzən cütlüklər bir-birilərinin rəftarlarını təhlil etdikləri zaman onun keçmişdəki bəzi yanlışlıqlarını da hesaba qataraq hadisəni dəyərləndirirlər. Birhalda ki, artıq o xətalar həmin şəxs tərəfindən təkrarlanmır və arxiv məsələləri ortaya çıxarmağın mənası yoxdur.

Ümumiyyətlə, bir insanın şəxsiyyətini, keçmişdəki səhvləri və qüsurları baxımından təyin etmək, əslində insanın əsl kimliyini təyin etməsinə icazə verməməkdir. Keçən məqalələrdə işarə etmişdik ki, Heiderə görə, insanlar kiminsə barəsində səbəbli nəticələr çıxardıqda bunları iki fərqli səbəbdən birinə bağlaya bilərlər. Bunlar daxili səbəblər və xarici səbəblərdir.

Daxili səbəblər; şəxsiyyət xüsusiyyətləri, motivlər, münasibətlər, əhval-ruhiyyə, istedad və səy kimi fərdi xüsusiyyətlərdən ibarət olsa da, xarici səbəblər; adətlər, şanslar, tale, ətraf mühit və ya digər insanlar kimi fərdin xaricində meydana gələn amillərdən ibarətdir. Yəni insanlar bir hadisənin səbəbləri ilə bağlı nəticə çıxaranda ya daxili səbəblər, ya da xarici səbəblər ilə əlaqələndirirlər. Beləliklə, müəyyən mühitlərdə, fərqli şərtlərdə yanlış qavramalara görədir.

Amma Weiner Heiderin nəzəriyyəsini genişləndirərək səbəbləri daxildən xaricə, sabitdən qeyri-sabitə, idarə olunandan idarə olna bilməyənə bölmüşdür. Weinerə görə, insanların bacarıq ya da bacarıqsızlığını düşündüyümüz zaman dörd önəmli məsələyə diqqət etməliyik:

  1. a) İstedad b) Səy c) İşin çətinlik-asanlıq miqdarı d) Şans

Bunlar da, iradə (davamlılıq), nəzarətdə saxlamaq və idarə (kontrol) edilmə qabiliyyətina malik olub-olmadıqlarını nəzərə almaqla qruplara bölünür.

Səy göstərmək və Şans, qeyri-sabit və dəyişən səbəblərdir. İstedad və İşin çətinliyi-asanlığı isə sabit və dəyişməz amillərdir. İdarə etmək qabiliyyətinin miqdarı isə bacarıq və bacarıqsızlığın fərdin iradəsinə bağlı olduğunu təyin edir. Nəzarətdə saxlamaq, kontrol etmək miqdarı isə əslində daxili və xarici amillərlə əlaqədardır. Yəni nəzarətdə saxlamaq, uğur və uğursuzluğun istedad və səy, yoxsa şans və yaxud işin çətinliyi-asanlığına bağlı olmasını aydınlaşdırır.

İnsanlar bəzən daxili səbəbləri xarici səbəblərə yönləndirirlər. Bəzi insanlar hadisələrdə əsas rolun özünün oynadığına inanırlar. Fəaliyyətə başlayır, nəticənin yaxşı-pis olmasından asılı olmayaraq məhz üzünün məsuliyyət daşıdığına inanırlar. Uğur qazanıblarsa “mən etdim və bacardım”-deyir. İşi uğursuzluqla nəticələnibsə, “mən çalışdım amma alınmadı, nəyisə səhv etmişəm və yenidən cəhd edərəm”-deyirlər. Bəzi insanlar isə daxili səbəbləri xarici amillərdən təsirləndiyini iddia edilər. Buna şahmatdakı “piyada” rolu da deyilir. Bacarmadığı zaman daxili səbəbi xarici səbəbin üzərinə atır, “uğursuzluğumun səbəbi şanssızlığımdır, mənim bəxtim heç gətirmir”-seyir. Uğurlu olduqları zaman isə “bəxtim gətirdi, yoxsa mən bacarmıram”-deyirlər.

İnsanlar bəzən də sabit səbəbləri qeyri-sabit amillərə yükləyirlər. Bir şəxsin uğuru bəzi hallarda istedadına aiddir, yəni şəxsi xüsusiyyəti ilə əlaqədardır. Bəzi hallarda isə səy və çalışqanlığının, yəni dəyişkən amillərlə əlaqədadır. Şəxslər bəhanə gətirərkən, çətinliyi (dəyişməz amil) olaraq şansa (dəyişən amilə) yönləndirirlər. Məsələn, “çox çətin bir mövzudan gəldiyinə görə testi yaza bilmədim və şansım gətirmədi.” Əslində isə bu şəxs, mətni tam və layiqincə oxumayıb, çətin mövzulara hazırlaşmayıb deyə, günahı şansının olmayasına yönləndirir.”

İnsanlar bir sıra hallarda isə idarə (kontrol) edə bildikləri işin idarə olunmaq qabiliyyətinin olmadığını iddia edirlər. Səy göstərməmək və yaxud xəstələnmək uğursuzluq üçün daxili səbəblərdir. Amma ikisinin arasında ciddi bir fərq vardır. Səy göstərməmək idarə edilə bilən amildir (daha çox çalışa bilər). Xəstəlik isə idarə edilməsi mümkün olmayan səbəbdir (qızdırmam olduğu üçün imatahanda uğur qazana bilmədim).

Bu kimi səbəbləndirmələr iki qrup bölünür:  Birinci bölümdə səbəblər daxili və xarici olaraq fərqli səciyyə daşıyır. İstedad və çalışmaq insanın daxilində yerləşdiyi üçün və ondan qaynaqlanan bir ünsür olduğuna görə daxili səbəblərdir! Amma işin çətinliyi və şans isə insanın iradəsindən xaricdə baş verdiyi üçün xarici səbəblər sayılır. İkinci bölümdə, zamanda səbəblərin sabitliyi aspektindən ölçülür. İstedad və işin çətinliyi zaman axımında dəyişmədiyi üçün dəyişməz səbələr olaraq bilinir. Çalışmaq və şans isə zamanla dəyişdiyi üçün dəyişkən səbəblər adlanır.

Belə nəticə alırıq ki, bacarıq və uğurda istedad və çalışmaq təsirlidir. Bu o deməkdir ki, istedadın olmaması və çalışmamaq uğursuzluqda təsirlidir. Amma bunu şansa bağlamaq doğru deyildir. İndiyə qədər deyilənlər müvəffəqiyyətlə əlaqəli olduqda, müvəffəqiyyətin qabiliyyət və ya səylə, uğursuzluğun isə qabiliyyət çatışmazlığı və ya səy göstərilməməsi ilə əlaqəsi olduğu qənaətinə gələ bilərik.

Bütün bunları nəzərdə aldıqda, insan hadisələri və rəftarları düzgün dəyərləndirmə qabiliyyətini əldə edə bilər. Ailədə cütlüklərin hansısa bir məsələ barəsində ilk növbədə ona uyğun istedadının olub-olmamasına fikir verməliyik. İkinci məqamda isə bu sahədə göstərdiyi səy və çalışmasını dəyərləndirməliyik. Üçüncü məqamda məsələnin idarə olunmağa qabiliyyətinə sahib olub-olmamasına baxmalıyıq. Məsələ həqiqətən qəliz və çətindirsə, onu elə bu müstəvidə dəyərləndirməliyik. Asandırsa, baxış bucağımız fərqli olmalıdır. Dördüncü məqamda isə şans, yəni gözlənilməz hadisələrin ortaya çıxması amilidir. Məsələn, yoldaşınız ailə qurduğunuz zaman sizə “iki ilə ev alacam və bizim öv evimiz olacaq” -deyə söz veribsə, burada onun sözügedən evi almaq potensialına malik olub-olmamasını dəyərləndirməlisiniz. Əgər bu potensial varsa, ardınca bu sahədə lazımı səyi göstərib-göstərməməsi önəmlidir. Səy göstərirsə onu ev ala bilmədiyi üçün danlamaq mənasızdır.  Sonra isə ev almaq ağır və çətin iş sayılırsa, bunun 2 il deyil, 4 ilə uzanmasını təbii qarşılamalısınız. Burada vəziyyəti nəzərə alaraq problemi böyütmək olmaz. Sonda isə evi hazırlamaq üçün potensialı olan, bunun üçün səy göstərən, məsələn dörd ilə evi alacaq olan yoldaşınızın gözlənilmədən işdən çıxarılması nəticəsində bəxti gətirmirsə, burada artıq yenə vəziyyət dəyişir. Biz yenə də həmin şəxsin ev ala bilmədiyini şişirdib, onu tənqid atəşinə tuta bilmərik. Bu əlbəttə, bir misal idi. Həyatda hadisələrə və davranıçlara real yanaşmaq lazımdır. Əks halda onun mənfilərini şişirdib, müsbətlərini kiçildəcəyik.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir