Ailə, insan həyatında ilk sosial mühit, ilk emosional bağ və ilk münasibət modelidir. Psixologiyada ailə, fərdin şəxsiyyətinin formalaşdığı əsas sistem kimi qəbul olunur. Məhz bu sistem daxilində insan sevgi, bağlılıq, konflikt, məsuliyyət, rol bölgüsü və emosional ifadə kimi fundamental bacarıqları öyrənir. Bu baxımdan ailə, sadəcə bioloji deyil, eyni zamanda psixoloji və sosial bir məktəb funksiyası daşıyır.
Lakin müşahidələr və elmi araşdırmalar göstərir ki, böyüdüyümüz ailədə formalaşan münasibət modellərini yeni qurduğumuz münasibətlərə avtomatik və dəyişdirilmədən tətbiq etmək çox zaman problemlərə yol açır. Çünki hər bir münasibət özünəməxsus dinamikaya, ehtiyaclara və sərhədlərə malikdir.
Ailəvi rol modellərinin psixoloji təsiri
Uşaqlıq dövründə valideynlər və yaxın ailə üzvləri uşağın dünyanı qavrama formasını müəyyən edir. Uşaq ailə daxilində:
* mübahisələrin necə yaşandığını,
* emosiyaların necə ifadə edildiyini,
* sevginin necə göstərildiyini,
* problemlərin necə həll edildiyini
müşahidə edərək öyrənir.
Psixoloji baxımdan bu proses modelləşmə yolu ilə öyrənmə adlanır. Yəni uşaq gördüyünü “normal” kimi qəbul edir və gələcək münasibətlərində bu davranışları təkrar etməyə meylli olur.
Məsələn, ailədə konfliktlər aqressiya, susqunluq və ya emosional məsafə ilə həll olunurdusa, insan yetkinlik dövründə də oxşar davranışları münasibətinə daşıya bilər. Əksinə, ailədə problemlər açıq ünsiyyət, qarşılıqlı hörmət və empatiya ilə həll olunurdusa, bu, sağlam münasibət bacarıqlarının formalaşmasına zəmin yaradır.
Yeni münasibətlərdə ailə modellərinin olduğu kimi tətbiqinin riskləri
Azərbaycanda aparılan sosial-psixoloji müşahidələr göstərir ki, bir çox cütlükdə münasibət problemlərinin kökündə məhz ailədən gətirilən öyrənilmiş davranışlar dayanır. Xüsusilə yeni qurulan ailələrdə bu təsir daha qabarıq şəkildə özünü göstərir.
1) Ünsiyyət pozuntuları
Ailədə duyğuların ifadə olunmadığı və ya duyğuların dəyərsizləşdirildiyi mühitdə böyüyən insanlar münasibətdə hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bu isə zamanla anlaşılmazlıqlara, yığılan incikliklərə və emosional uzaqlaşmaya səbəb olur.
2) Sağlam olmayan dəyərlərin təkrarlanması
Bəzi ailə modellərində həddindən artıq fədakarlıq, şəxsi sərhədlərin olmaması və “ailə naminə özündən keçmək” davranışı normallaşdırılır. Statistik müşahidələr göstərir ki, bu yanaşma yeni münasibətlərdə emosional asılılıq, nəzarət və sərhəd pozuntuları ilə nəticələnir.
3) Emosional yüklənmə və xroniki stress
Emosional olaraq gərgin ailə mühitində böyüyən fərdlər münasibətdə də daim təhlükə hissi, narahatlıq və daxili gərginlik yaşaya bilirlər. Bu hal uzunmüddətli perspektivdə münasibətin emosional keyfiyyətini zəiflədir.
4) Ehtiyacların toqquşması
Ailədə formalaşan rollar – liderlik, itaət, nəzarət və ya məsuliyyətdən qaçma – yeni münasibətdə qarşı tərəfin ehtiyacları ilə uyğun gəlməyə bilər. Bu zaman münasibətdə güc mübarizəsi və narazılıqlar qaçılmaz olur.
Nə etməliyik? – Sağlam münasibət üçün psixoloji yanaşma
Sağlam münasibət, keçmişin avtomatik təkrarı deyil, şüurlu seçimlərin nəticəsidir.
1) Şüurlu və açıq ünsiyyət
Hər iki tərəf ailədən gətirdiyi davranışları tanımalı və münasibətdə bunları açıq şəkildə müzakirə etməlidir. “Mən belə görmüşəm” yox, “bizə necə daha sağlamdır?” yanaşması əsas olmalıdır.
2) Sərhədlərin qorunması
Psixoloji sağlam münasibət fərdi sərhədlərin tanınması üzərində qurulur. Sevgi nəzarət deyil, hörmətdir.
3) Özünüdərk və şəxsi inkişaf
Ailə təcrübəsini dərk etmək, onun təsirini anlamaq və lazım gəldikdə bu modelləri dəyişmək münasibətin keyfiyyətini ciddi şəkildə artırır. Bu proses bəzən psixoloji dəstək və terapiya ilə daha effektiv olur.
Ailə, insanın psixoloji əsaslarının formalaşdığı ilk mühitdir. Lakin hər ailə modeli sağlam münasibət üçün uyğun deyil. Elmi araşdırmalar və praktik müşahidələr göstərir ki, münasibətlərin davamlılığı keçmişi olduğu kimi təkrarlamaqdan deyil, onu şüurlu şəkildə yenidən formalaşdırmaqdan keçir.
Sağlam münasibət – iki fərdin öz ailə təcrübələrini tanıyaraq, qarşılıqlı hörmət, empatiya və sərhədlər üzərində yeni bir sistem qurmasıdır. Məhz bu yanaşma münasibətlərin dərinləşməsinə və uzunömürlü olmasına zəmin yaradır.
Psixoloq M. Almara Ağaqızı
PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.instagram.com/almara.melikova.aga_qizi/?igsh=MWJwOW52Y2t4bHVkeA%3D%3D instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)











































































































































































uşaqlıqda ailəmizdən öyrəndiyimiz münasibət modelləri, böyüdükcə yeni münasibətlərimizə də təsir edir. Hər kəsin özünün fərdi münasibət bacarıqları olmalıdır.
Məqalə çox maraqlıdı. Bir sualım var: Ailə daxilindəki mübahisələrin necə həll olunması insanın gələcək münasibətlərinə bu qədər təsir edirsə, bəs, valideynlər arasında konflikt olsa da, uşağın buna necə reaksiya verəcəyi dəyişə bilərmi? Bu mövzuda əlavə fikirləriniz varsa, çox maraqlı olar.
Ailənin uşağın şəxsiyyətinə necə təsir etdiyi çox vacib məsələdi.
Uşaqlıqda gördüyün hər şey böyük ehtimalla gələcək münasibətinə təsir edir. Amma hər zaman özünü tanıyıb, dəyişə bilərsən.
Çox maraqlı məqalədir, təşəkkürlər Almara xanım❤️
Məqalə çox maraqlıdı. Uşaqlıqda gördüyümüz münasibətlərin böyüyəndə də bizimlə gəlməsi normaldı. Amma hər zaman bunun üzərində işləmək lazımdı ki, gələcəkdə sağlam münasibətlər qura bilək.
Həqiqətən də, uşaqlıqda ailədə öyrəndiyimiz modellər böyüyəndə çox böyük təsir edir.
Sağlam münasibət qurmaq üçün şüurlu şəkildə dəyişikliklər etmək vacibdi. Valideynlərdən gətirilən öyrənilmiş davranışlar insanın gələcək münasibətlərində çox böyük təsir buraxır
Bu yazı ilə çox razıyam. Ailə içindəki mübahisələrin, hisslərin necə ifadə olunduğu gələcəkdə bizim münasibətlərimizi çox dəyişir. Bu kimi məsələlərə diqqət etmək çox vacibdi.