Ailədə tərəflər bir-birilərinin sözünü eşitmirsə…

Baxış sayı: 1. 531

Yəqin ki, hər biriniz qəbul edərsiniz ki, dünya qloballaşır, mənəvi dəyərlər üz-üzə, baş-başa gəlir. Bu gün Avropa həyat tərzi televiziyalar, qəzet-jurnallar yolu ilə evimizə ayaq açır. Ona görə də, istər-istəməz ailə münasibətlərinin tənzimlənməsində hansı faktorlara üstünlük verəcəyimizi ciddi-ciddi düşünmək zərurəti ortaya çixir. Əgər ailədə tərəflər bir-birilərinin sözünü eşitmirsə, birinin fikri qarşı tərəfdən etinasızlıqla qarşılanırsa, demək, o ailədə dialoq yoxdur, olsa-olsa, ayrı-ayrı monoloqlar var. Təbii ki, bu cür münasibətlərin hakim olduğu ailələrdə nə səmimiyyətdən, nə də xeyir-bərəkətdən söhbət açmağa dəyər. Doğrudur, ailə qəzetləri çıxarmaq, ailə toplantısları keçirmək bizdə yayılmış ənənə deyil, ancaq ailədə gərək hər kəs bir-birindən xəbərdar olsun, kimin hansı qayğı ilə, hansı ağrı ilə yükləndiyini öyrənsin. Siz ailə başçısısınız, 15 yaşlı oğlunuz 4 gündür ki, gözünüzün qarşısında fikirli dolaşır. Ürəyində nə düşünür, içində nəyi götür-qoy edir, kimə qəzəblənib, kiminlə “döyüşə” hazırlaşır, bilmirsiniz. Ancaq onu bilirsiniz ki, nəsə narahatdır, dərdini açıb deyə bilmir. Ailə həm də ağrı-acıları, dərdləri bölüşmək üçündür. Siz ondan xəbərsiz qalmamalısınız, onun ağrısını, acısını öyrənməli, onu incidən, narahat edən məsələləri həll etməlisiniz. Bu heç də o demək deyil ki, siz birbaşa yol tapıb məsələyə müdaxilə etməlisiniz. Xeyr. Ən müxtəlif yollarla məsələni “çözməlisiniz”. Bəlkə sizə demək istəmədiyini anasına deyəcək, bəlkə sizə demək istəmədiyini bibisi ilə bölüşəcək, bəlkə sizə demək istəmədiyini dostuna söyləyəcək. Təbii ki, ailədə valideynlə uşaq arasında müəyyən pərdə olur. Uşaq hər şeyi ata-anasına deyə bilmir. Belə məqamda onu öz ağrıları ilə baş-başa buraxmaq nəticə etibarilə ailədə soyuq münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Sizin vəzifəniz təkcə işləyib pul qazanmaqla bitmir. Hər həftə toplatı keçirməsəniz də, bu müddət ərzində ən azı iki-üç dəfə toplaşıb bir yerə gəzməyə getməli, ən azı gündə bir və ya iki dəfə süfrə başında əyləşməlisiniz. Qısası, uşaqlarınızın içindəki qayğıları, problemləri vaxtında öyrənməyə çalışın ki, çarə tapmaqda, tədbir görməkdə gecikməyəsiniz. Yoxsa, bir də göz açıb görərsiniz ki, o, sizdən çox başqalarına bağlanıb. Ailə təkcə eyni soyadı daşımaq deyil, yaxınlıqdır, səmimilikdir, doğmalıqdır. Çalışın, bu atmosferi, bu havanı evinizdən əksik etməyəsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir