ders

Ali məktəbə müsabiqədənkənar QƏBUL: YAXŞIDIR, YOXSA PİS?

Baxış sayı: 1. 539

Bundan sonra respublika fənn olimpiadalarının qalibləri, eləcə də kollec məzunları ali məktəblərə müsabiqədənkənar qəbul ola biləcək. Bu yeniliyin hansı mənfi və müsbət tərəfləri var?

Mövzunu şərh edən təhsil ekserti Kamran Əsədov deyir ki, əvvəlcə elm yarışının mahiyyətindən danışan ekspert bildirib ki, Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. 2009- cu ildə Azərbaycan Respublikası təhsil haqqında qanunu qəbul edilib. Dediyinə görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, yerli və dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni, bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir. “Amma 2019-cu ildən etibarən bu, respublika fənn olimpiadalarına da şamil olunur. Bir məqamı qeyd edim ki, 2017-ci ildə ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün TQDK-ya (indiki Dövlət İmtahan Mərkəzi) 54 nəfər müraciət etmişdi. Onlardan 7-si musiqi, 47-si isə idman sahəsi üzrə idi. 2015-ci il üçün rəsmi məlumatlara görə, ildə 62 nəfərin sənədi qəbul edilib. Həmin abituriyentlərin 60-ı idman yarışlarının qalibləri, 1-i incəsənət müsabiqəsinin, 1-i isə riyaziyyat fənni üzrə dünya fənn olimpiadasinin qalibi idi”.

Həmsöhbətimiz Təhsil Nazirliyi tərəfindən həyata keçirilən respublika fənn olimpiadalarının dünya standartlarına cavab vermədiyini, buna görə də yeni dəyişikliyin doğru olmadığını bildirir: “Təqdim edilmiş test tapşırıqları, suallar standartlara uyğun deyil. Yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda yerli turlarda haqsızlıq olur. Hətta 2018 və 2019-cu illərdə keçirilən olimpiadanın suallarında ciddi qüsurlar var idi. Tərtib edilmiş test tapşırıqları şagirdlərin heç bir bacarığını yoxlamağa imkan vermir. Ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil. Bundansa qəbul imtahanlarını sadələşdirmək lazımdır. Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının heç birinin sualları beynəlxalq standartlara uyğun şəkildə tərtib olunmayıb”.

K.Əsədov onu da bildirdi ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə ali məktəbə qəbul edilməsi, ümumiyyətlə, düzgün yanaşma deyil: “Kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər? Bu, həm də digər fənlərə qarşı haqsızlıqdır. Çünki orta məktəbdə tədris olunan bütün fənlər üzrə respublika olimpiadası keçirilmir. Beynəlxalq olimpiada fənləri isə daha məhduddur. Ancaq texniki fənlər üzrə beynəlxalq olimpiadalar var. Bu, humanitar fənlərə qarşı haqsızlıqdır. Yenilikdə təkcə hüquqları pozulan olimpiada aparılmayan fənlər deyil, eyni zamanda, rus və ingilis bölməsində təhsil alan şagirdlərdir. Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçrilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər. Bəli, ali təhsili əlçatan etmək lazımdır”.

Kollec məzunlarının müsabiqədənkənar ali məktəblərə qəbul olunmasına gəlincə isə, ekspert bunun müsbət bir addım olduğunu deyir. Onun sözlərinə görə, bu addım ilk növbəqə ali təhsil müəssisələrinə müsbət təsir göstərəcək: “Qəbul imtahanlarından sonra kifayət qədər plan yeri boş qalırdı. Amma bundan sonra həmin yerlər kollec məzunları tərəfindən tutulacaq və universitetlərin plan yeri 100 faiz dolacaq ki, bu da ali təhsil müəssisələrinin maddi imkanlarını yaxşılaşdırmağa imkan verəcək. Digər tərəfdən isə bu, Azərbaycanda ali təhsilli insanların sayına müsbət mənada təsir göstərəcək. Kollec məzunlarının müsabiqədənkənar ali məktəblərə qəbul olunması 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Təhsilin inkişafı üzrə Dövlət stategiyası”nın ali təhsilin əhatə dairəsinin genişlənirilməsi və əlçatımlılığının təmin olunması prinsipinin təmin olunması deməkdir. Qaydalara görə, kolleci fərqlənmə diploma ilə bitirənlər 250 bal toplamış olacaqlar. Amma kolleci digər qiymətlərlə bitirənlər isə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) uyğun olaraq 200-249-bala qədər qiymətləndiriləcəklər. Kollec məzunları qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra seçim edə biləcəklər. Yəni onlar ancaq boş qalan plan yerlərini seçmək imkanına malik olcaqlar. Bu o deməkdir ki, I, II, III və IV qruplar üzrə ixtisas seçimi 24 iyul – 6 avqustda keçiriləcək və nəticələr 8 avqustda açıqlanacaq. Ondan sonra 15-19 avqustda boş qalan yerlərə ixtisas seçimi olacaq və onun nəticəsi 21 avqustda açıqlanacaq. Yanız bundan sonra yerdə qalan plan yerlərinə kollec məzunları ixtisas seçimi edib, qəbul ola biləcəklər. Yəni, kollec məzunlarının ali məktəblərə qəbulu avqust ayında baş tutacaq. Amma o zamana qədər onların elektron ərizə qəbulu, ixtisas uyğunlaşması prosesi həyata keçiriləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir