bosanma

Alimentlə bağlı qanuna edilməsi təklif olunan dəyişiklik problemlərin həllində faydalı olacaq?

Baxış sayı: 1. 384
Azərbaycanda alimentlə bağlı məhkəmə qərarların dərhal icra olunması ilə bağlı daha bir dəyişiklik edilir. Trend-in məlumatına görə, bununla bağlı “İcra haqqında” qanuna əlavə təklif edilir. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir. Həmin maddəyə təklif edilən digər bəndə əsasən isə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilməlidir. Qeyd edək ki, bir müddət öncə alimentlərin alınması haqqında qərarların dərhal icraya yönəldilməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə də dəyişiklik edilmişdi.
Boşanmaların sayının günü-gündən artdığı bir dövrdə, alimentlərin ödənilməməsi ilə bağlı problemlərin də sayı mütənasib olaraq durmadan artır. Tərəflər boşandıqdan sonra qarşı tərəf alimenti vaxtlı-vaxtında, bəzən isə ümumiyyətlə ödəmir. Düzdür, qanuna əsasən alimentin ödənilmədiyi halda,  Azərbaycan Respublikasında həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq edilir. Amma istənilən halda, yayınma hallarının olduğunu heç kim inkar etmir. Bəs görəsən qanuna edilən yeni dəyişiklik alimentlərin ödənilməsində faydalı olacaqmı? Ümumiyyətlə,  təkcə qanunvericiliyi sərtləşdirməklə problemi həll etmək mümkündür?
Millət vəkili Tahir Kərimli deyir ki, yeni qərar mühüm əhəmiyyətə malikdir: “Əvvəllər  mübahisəli məsələlər zamanı –   qarşı tərəf alimenti ödəməkdən imtina etdiyi təqdirdə,  həmin şikayət müddətində gözləmək lazım gəlirdi. Çünki sonrakı mərhələdə yuxarı instansiya məhkəməsi aşağı məhkəmənin qərarını ləğv edə bilir. Ona görə də bəzi hallarda bu qərarlar gözlənilirdi və dərhal icraya yönəldilmirdi. Bu dəyişikliklə, aliment məsələsində  uşaqların taleyi daha çox önə çəkilir. Hesab edirəm ki, hər bir halda qərar dərhal icra olunmalıdır. Hətta tərəflər arasında məhkəmə zamanı digər mübahisəli məsələlərin qalacağı təqdirdə belə, uşaqlar valideynlərin təqsirini ödəməməlidir. Onların təminatı üçün nəzərdə tutulan aliment dərhal ödənilməlidir. Ona görə də  uşağın  saxlanılması və  zəruri təminatının görülməsi baxımından, yeni qərar çox mütərəqqi addımdır. Bu dəyişikliklə həm də təminat prinsipi yaradılır. Hesab edirəm ki, qərar mühüm əhəmiyyətə malikdir”.
Hüquqşünas Xəyal Bəşirov bəzi məqamlara diqqət çəkdi: “Əvvəlki qaydaya əsasən, məhkəmə qərarının icrası ilə bağlı müəyyən müddət nəzərdə tutulurdu. Yəni mövcud qanunvericiliyə əsasən, məhkəmə qərarı qüvvəyə mindikdə, alimentin ödənilməməsi üçün qarşı tərəf şikayət ərizəsi  verə bilir. Əgər şikayət qüvvəyə minmirsə, bir aydan sonra qərar qüvvəyə minir və icraya göndərilir. Qərar icraya yönəldiyi gündən bir ay ərzində icra olunur. Bəzən icra məmurları da bununla bağlı səhlənkarlıq edirlər. Onlar tərəfin özünün müraciət etməsini gözləyir və yalnız o vaxt tədbirlər görürlər. Lakin əgər qarşı tərəf apellyasiyaya müraciət edirsə, iş Apellyasiya Məhkəməsinə gedir və proses uzanır. Apellyasiya Məhkəməsində baxıldıqdan sonra isə iki ay müddətində qərarın qüvvəyə minməsi gözlənilir. Bu zaman şikayət verilmədikdə,  qərar qüvvəyə minir və bir ay müddətində icra olunur. Sözügedən dəyişikliyə əsasən, qərar  dərhal icraya yönəldilən sənədlər arasına daxil olur. Bu zaman icra məmurunun icraatında hansı işin olub-olmamağından asılı olmayaraq, o, dərhal bu qərarı  icra etməlidir. Yeni dəyişiklik uşaqların maraqlarının qorunması məqsədi ilə irəli sürülən təklifdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyində və Konstitusiyanın bir çox aktlarında uşaqların saxlanılması, sağlamlığı, valideynlərin  həm vəzifəsi, həm də hüququdur. Dövlət bu vəzifənin yerinə yetirilməsinə ciddi nəzarət edir. Valideynlərin  boşanmış olması onların  bu vəzifədən azad edilməsi demək deyil. Bəzən ata uşağının anası ilə qalmasını bəhanə edib, aliment ödəməkdən imtina edir. Yeni dəyişiklik bu kimi  yayınma hallarının  qarşısını almaq üçün nəzərdə tutulur. Bu məsələ uzun müddət idi ki, müzakirə edilirdi. Hesab edirəm ki, bu dəyişiklik alimentin ödənilməsi prosesini sürətləndirəcək”.
X.Bəşirov qeyd etdi ki, aliment öhdəliklərinə görə, cinayət işinə başlanılması ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsi məşğul olur: “Bu, yeganə məsələdir ki, onunla bağlı dərhal  cinayət işi başlanılır. Yəni əgər  valideyn  alimentin ödənilmədiyi ilə bağlı şikayət edərsə, məbləğindən asılı olmayaraq, dərhal cinayət işi başlanır”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, qanuna edilən yeni dəyişiklik alimentlərin verilməsi prosesini daha da sürətləndirəcək: “Bu gün ölkədə aliment məsələsi kifayət qədər ciddi bir problemə çevrilib. Bir çox ailələr boşandıqdan sonra qarşı tərəf aliment ödəməmək üçün öz yaxasını kənara çəkir. Hətta deyim ki, illərlə aliment ala bilməyən qadınlar var. Bu barədə Ədliyyə Nazirliyinə də xeyli şikayətlər edilir. Təsadüfi deyil ki, şikayətlərin əsas məğzi alimentlərin ödənilməməyi ilə bağlıdır. Bəzən qarşı tərəf alimenti ödəməmək üçün şikayət ərizəsi verir, yaxud digər addımlar atırdı. Belə olan təqdirdə isə məsələ daha da uzanır. Yeni dəyişikliyin mahiyyəti  ondan ibarətdir ki, məhkəmə qərarı icraya göndəriləndən sonra qərar  dərhal icra olunacaq. O baxımdan hesab edirəm ki, sözügedən dəyişikliyin dərhal icra olunan qərarlar sırasına keçirilməsi çox mütərəqqi haldır. Bu qərarın  alimentlə bağlı problemlərin həllində faydalı olacağını düşünürəm. Qanunvericiliyin sərtləşdirilməsi, qısa müddətdə bu məsələlərin öz həllini tapmasında sanballı rol oynaya bilər”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir