camaat

Ana-bacı, namus-qeyrət söhbəti

Baxış sayı: 301

Həyasız adama qarşı sərt rəftar

Yumşaq davranmaqdan faydalı olar.

Nizami Gəncəvi, “İqbalnamə”

 

Fevralın 14-ü geridə qaldı. Bu gün dünyanın müxtəlif ölkələrində Sevgililər Günü kimi qeyd olunur. Son illər Azərbaycan da bu trendə qoşulub. Gənclər bir-birinə müxtəlif hədiyyələr, gül dəstələri ərməğan edir, bir daha yaşadıqları ülvi hisslərinə sədaqətlərini təsdiqləyirlər. Bəziləri “sevginin günü olmaz” deyərək bu tendensiyaya qarşı çıxsalar da, biz bu mübahisələrə bitərəf qalmaq niyyətindəyik: hansısa fərdin sevdiyi insana ilin müəyyən günündə və yaxud bütün günləri ərzində sevgi izhar etməsinin, zənnimizcə, elə də prinsipial əhəmiyyəti toxdur. Sözümüz başqadır.

Builki Sevgililər Günündə sosial şəbəkələrdə kifayət qədər populyar və çox sayda izləyicisi olan bir kanal paytaxt küçələrində sorğu keçirdi. Sual isə belə idi: “Azərbaycanda adət-ənənələr sevginizi rahat yaşamağa icazə verir?”

Burada artıq hər hansı izahata ehtiyac duyulmur. Sualın qoyuluşu müəlliflərin məramından xəbər verir. Kimlərisə toxunulan mövzu ilə bağlı Azərbaycandakı durum qane etmir. Kimlərsə Dənizkənarı Bulvarı Parisin Bulon meşəsinə və ya Amsterdamın Qırmızı fənərlər küçəsinə çevrilməsi xülyası ilə yaşayır. Təbii ki, sorğu zamanı respondentlərin cavabları da fərqli oldu, müzakirələrə qatılan sosial şəbəkə istifadəçilərinin səsləndirdiyi fikirlər də.

Əlbəttə ki, dünya gör-götür dünyasıdır. Planetin heç bir xalqı sinəsinə döyüb öz ideallığı və müstəsnalığı ilə öyünə bilməz. Xüsusən də qloballaşan dünyada ölkələrin və millətlərin yaxınlaşması və müəyyən dərəcədə assimilyasiyası qaçılmazdır. Azərbaycan və azərbaycanlılar da istisna deyillər. Biz də baxmalıyıq, öyrənməliyik, bizdə olmayanları və ya nadir hallarda rast gəlinən gözəllikləri başqalarından mənimsəməliyik. Məsələn, alman dəqiqliyinin bizə də sirayət etməsində pis nə var ki? Və yaxud Skandinaviya xalqlarından təmkininin sirlərini öyrənsək, nəyi əldən vermiş olarıq?

Lakin bütün bunlar heç də milli və tarixi adət-ənənələrimizin birmənalı şəkildə tarixin zibilliyinə atılması anlamına gəlmir. Biz əsrlər boyu formalaşıb indiki halımıza gəlmişik və buna da dərin hörmətlə yanaşmalıyıq. Və bu adət-ənənələr sırasında sevgi, sevib-sevilmək məsələləri də özünəməxsus yer tutur. Təbii ki, biz qaragüruhçuluq və cəhalətə qarşıyıq. Amma çox təəssüf ki, bəzən çox ciddi məsələlər heçə sayılır, insanı insan edən xüsusiyyətlər məsxərə obyektinə çevrilir.

Bu məsələlərə diqqət yetirməmək də olardı. Onsuz da çox danıışılıb. Əgər bir məqam olmasaydı.

Məsələ burasındadır ki, müzakirələr zamanı bəzən “bəsdirin da ana-bacı, namus-qeyrət söhbəti etdiniz” tənəsi vurulur. Əcəb! Hiss olunur ki, bu tənələri vuranlar ünvanlarına səsləndirilən qınaqları bir qədər düzgün anlamayıblar. Onlar elə başa düşürlər ki, Bakının Bulon meşəsi və ya Qırmızı fənərlər küçəsinə çevrilməsinin əleyhinə çıxan vətəndaşlar onların ana-bacılarını, onların namus-qeyrətlərini düşünürlər. Əsla elə deyil! Əgər kimsə zifaf gecəsində baş verənlərin videogörüntülərini əzizləri ilə paylaşmaq, bu fenomenal uğurunu bütün Azərbaycana, nəinki Azərbaycana, bütün dünyaya yaymaq istəyirsə, biz ancaq təəssüflənə bilərik. Biz hansısa fərdə öz ana və bacısına müqəddəs varlıq kimi yanaşmağı aşılaya bilmərik. Maksimum – onların yanında özünüzü necə aparmağa, nəyin danışmağa icazə verildiyinə və nəyin qəbulolunmazlığına dair məsləhətlər verə bilərik.

Namus-qeyrət məsələsini mənimsəmək üçün də tutarlı dərslik adı deyə bilməyəcəyik. Çünki daltonizm xəstəliyinə düçar olan insana rəng anlayışını necə başa salmaq olar? Necə izah edəsən ki, yaşıl, qırmızı, sarı nəmənədir?

Bax, o namus-qeyrət məsələsi də elə bir zaddır. O, ya var, ya da yoxdur. Olmayanlar deyirlər ki, bu, ümumiyyətlə uydurma bir şeydir. Necə ki, eşq, məhəbbət yaşamayanlar iddia edirlər ki, belə bir hiss insan üçün yaddır. Kəsəsi, ana-bacı, namus-qeyrət söhbəti edənlər öz analarını, öz bacılarını, eyni zamanda bu xalqın ləyaqətli, “abır”, “həya”, “ismət” anlayışlarını arxaizm deyil, əbədiyaşar dəyərlər kimi qəbul edən üzvlərini nəzərdə tuturlar.

Ola bilər, bu sadalanan xislətlər artıq dəbdə deyil, ola bilər ki, bu xislətlərə malik olanlar üçün müasir cəmiyyətdə yaşamaq olduqca çətindir. Ola bilər. Amma nə qədər çətin olsa da, insanı heyvandan fərqləndirən də məhz onlardır. Hər kəs seçimini özü edir və demokratik Azərbaycanda seçim azadlığıdır. Həyasız olun, abırsız olun, qeyrətsiz olun, namussuz olun, ismətsiz olun. Olun! Amma özünüzə aid yerlərdə. Evinizdə, bağınızda, villanızda, qarajınızda, ayaqyolunuzda, toyunuzda, yasınızda. Bu, sizin haqqınızdır. Lakin cəmiyyəti bu uçuruma sürükləməyin, öz ismətsizliyinizi, abırsızlığınızı, həyasızlığınızı ictimai yerlərə daşımayın. Çünki orda abırlı, ismətli, həyalı, qeyrətli və namuslu  ana-bacılarımız da olur, o yerlərdən keçirlər. Bax, “ana-bacı söhbəti” də onlara görədir. Bir xalq, bir cəmiyyət olaraq unutmamalıyıq: keçmişinə xor baxan, gələcəyinə kor baxar.

 

Polad Xudayarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir