bina

Avropalılar dünyanı gəzir, biz MİDA-nın saniyələrini qovuruq… Bu ev qovğası bitməzmi, görəsən?!

Baxış sayı: 420

Mədəni ölkələrdə necədir? Hər kəs ölkəsini evi bilir. Ona görə də ölkəsini, şəhərini evi kimi təmiz saxlayır. Bizdə yox, evi təmizləyirik, küçələri zibilləyirik. Fikir vermisinizsə, Bakının 5-10 milyon manatlıq villalarının yerləşdiyi küçələr darmadağın, zir-zibil içində. Evinə o boyda pul səpələmiş zənginlərin hərəsi bir maşın asfalt töksə, məsələ həll olunar.

Amma yox! Nə isə. Ev demişkən. Sözüm tək bunda deyil. Bir neçə gün qabaq MİDA-dan ev tutmaq istəyib əli boşda qalanlara yenə üzüldüm. Yenə saniyələr içində “evlər satıldı”, yenə “sistem çökdü”. Bir sözlə, köhnə hamam-köhnə tas.

Bitmədimi, bu MİDA-dan çəkdiklərimiz?! Vallah, düzələnə oxşamır. Başqa yolunu tapmaq lazımdır, bu ev dərdinin.

Əvvəla, daha öncə dediyim kimi, indi bütün dünyada insanlar böyük şəhərlərdən kiçik şəhərlərə, qəsəbə və kəndlərə meyllənib. Axın da var. Bizim dövlətimiz də şərait yaratsa, kiçik əyalət də gəlişər və biz də köçüb yaşayarıq. Bakı da yüngülləşər.

Yox, böyük şəhərlərdə yaşayırıqsa, evimiz də yoxdursa, nə MİDA-dan ev ala bilirik, nə MTK-lardan, onda başqa bir yolunu tapmaq lazımdır. Bizim camaatımız da bəlkə Avropada, Amerikada olduğu kimi kirayələrə üstünlük versin. Tikinti şirkətləri kirayə vermək üçün çoxmənzilli evlər inşa etsin. Məsələn, elə Türkiyədəki kimi.

Hə, bir şərtlə ki, kirayə müqavilələri mütləq olsun. O halda qanun kirayəçini də, kirayənişini də qoruyacaq.

Azərbaycanda indi şirkətlər satmaq üçün evlər tikir. Kirayə vermək üçün inşa etmək daha doğru olmazmı? Bu nəqliyyatdakı sıxlığa da təsir edər, az da olsa qarşısını alar.

Avropada, Amerikada hər kəs işlədiyi yerə yaxın ərazilərdə kirayə tutur. Hətta evləri, mənzilləri iş yerindən uzaqda olanlar belə öz evini kirayə verir, gəlib iş yerinin yaxınlığında kirayə evdə yaşayır. Burda ayıb bir şey yoxdur. Rasional yanaşma var. Bir də axı niyə insanlar ehtiyacından daha çox kvadraturası olan mənzillərdə yaşasın? Mütləqdir ki, uzaqdan-yaxından gələn qonaq üçün ayrıca otağın olsun?! Bunun üçün iş adamları, şirkətlər şəhərdə ucuz, sərfəli iki-üç ulduzlu otellər inşa edərlər. Təbii tələbat yaranarsa. Ailələr də qonaqlarını otellərdə ağırlayarlar. Kim istəyər, imkanı olar, beş ulduzlu otelə yerləşdirər. Yenə çaya, yeməyə qonaq eləsinlər qonaqlarını. Ancaq o qonaqlar özləri də otellərdə daha çox rahat olar. Burda utanacaq, qəbahət sayılacaq nə var?! Yaponiya belə yaşayır, məsələn.

Amma bizdə?!

İnsanlar ömür boyu işləyir, yemir-içmir, pul toplayır, “öz evim olsun” düşüncəsi ilə illərini xərcləyir. Bir də baxıb görür, ev qurmağa başı elə qarışıb ki, yaşamağa vaxtı qalmayıb. Ailə quranda da problem olur: oğlanın evi olmasa, evlənə bilmir. Biz də çox şeylər kimi bunu da problemə çevirmişik.

Bəlkə səhv düşünürəm. Ancaq mən şəxsən problemin həllini belə görürəm. Daha doğrusu, həllərdən birini.

Avropalıların çoxunun öz evi, öz mənzili yoxdur, amma həyatı dolu-dolu yaşayırlar, dünyanı gəzirlər. Yaşamağın dadını çıxarırlar. Biz isə MİDA-nın saniyələrini qovalayırıq.

Bu qədər qaçdı-qovdu olar, eviniz tikilsin?!

 

Seyid Əhmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir