avtomobil

Avtomobil bazarında qiymət artımı: niyə və nə vaxtadək?

Baxış sayı: 389
Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 900 milyon 590.16 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.2 faiz və ya 15 404 ədəd artıb. Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə və ya 1306 ədəd çoxalıb.İdxal qiymətin bahalaşması nə ilə bağlıdır?

Ölkə daxilində avtomobillər yenidən bahalaşacaqmı?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, avtomobil bazarında qiymət artımlarını şərtləndirən əsas səbəb elektrik və hibrid avtomobillərin idxalında artımın olmasıdır: “Daha bir səbəb isə 10 ildən çox istismar müddəti olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərardır. Bu qərardan sonra Azərbaycana gətirilən, istehsal tarixi yeni və baha olan avtomobillərin sayı çoxaldı. Bütün bunlar avtomobilin dəyərini artıran amil rounda çıxış edir”.“Lakin kəskin qiymət artımlarının olduğu qənaətində deyiləm. Düzdür, son dövrlər bütün məhsullarla yanaşı, avtomobillərin də qiyməti artıb. Qiymətlər kəskin şəkildə artarsa, bu, bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Elektrik avtomobillərinin gətirilməsinə müəyyən güzəştlər nəzərdə tutulub. Lakin bu güzəşt 3 ilin istehsalı olan avtomobillərlə məhdudlaşdırılıb. Hesab edirəm ki, bu, doğru addım deyil. Çünki yaşı 1 və ya 10 il olan elektrikli avtomobilin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə müsbət göstərə bilər”, – deyə həmsöhbətimiz bildirir.Cəfərli qeyd edir ki, ölkədə olan avtomobillərin əksəriyyətinin istehsal tarixi 10 ilin üzərindədir: “Əgər biz bu sahədə vəziyyətin müsbətə doğru dəyişməsini istəyiriksə, təşviq proqramlarını artırmalı, gömrük rüsumları və vergi dərəcələrinə yenidən baxmalıyıq. Hibrid avtomobillərə artan marağı doğruan daha bir səbəb isə əhalinin taksi xidmətinə yönəlməsidir. Bu gün taksi fəaliyyətində əsasən hibrid avtomobillərdən istifadə olunur. İlin ilk birinci və son iki ayı avtomobil bazarında durğunluq yaranır. Ehtimal edirəm ki, qarşıdakı aylarda qiymətlər nisbətən enəcək. Çünki hər yay dövründə avtomobil tələbatı artır ki, son qiymət artımları həm də bundan qaynaqlanır”.

Əmlak eksperti Ramil Osmanlı isə söyləyir ki, qiymət artımına əsas səbəb logistika xərclərinin artmasıdır: “Həm birinci, həm də ikinci əl avtomobil bazarında qiymət artımları müşahidə edilir. Elektrik və hibrid avtomobillərin idxalında olan artım, taksi fəaliyyətinə marağın çoxalması, əhalinin müəyyən bir qisminin bu fəaliyyətlə məşğul olması, dünya miqyasında və ölkəmizdə baş verən iqtisadi amillər avtomobil bazarından da yan ötməyib”.

“Bu bahalaşma qarşıdakı aylardan etibarən nisbətən səngiyəcək. Çünki mövsümi amillər avtomobil bazarına təsirsiz ötüşmür. Əmlak bazarında – istər daşınar, istər daşınmaz olsun – qiymət artımları sürətlə gedir. Əvvəllər müəyyən ödəniş qarşılığında bir o qədər də uzun olmayan müddətə ev və maşın sahibi olmaq olurdusa, artıq bu, mümkün deyil. Kredit şərtləri ilə ev və maşın əldə edənlər bir çox hallarda mövcud qiymətdən iki dəfə daha çox xərcə düşürlər. Lakin bu da mənzil və avtomobil bazarında qiymətləri azaltmır”, – deyə müsahibimiz vurğulayıb.

Osmanlının sözlərinə görə, bunun da öz növbəsində müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri psixoloji amillərdir. Hər kəs istəyir ki, evi və maşını olsun. Fərqlənmək ehtirası insanlara xasdır və buna təbii yanaşmaq lazımdır. Qarşılıqlı münasibətlərdə bəzən qarşı tərəfə münasibət də məhz hansı avtomobilə sahib olması fonunda verilir. Əgər maşın bahalı və komfortludursa, bu, qarşındakının özünə verdiyi dəyər və maddi statusu kimi qiymətləndirilir. Bu kontekstdə hər kəs çalışır ki, evi və avtomobili olsun. Düzdür, taksi xidmətinin əlçatan olması bu situasiyanı nisbətən yüngülləşdirir, amma tam qarşısını almır. Daşınar əmlak bazarında ciddi qiymət azalması gözlənilmir. Qiymət artımları isə davam edəcək. Yalnız mövsümi amillərlə bağlı müəyyən qiymət azalmaları baş verə bilər”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir