toy

“Ayda 5 toya dəvət gələndə insanlar məcbur olur qara işlərlə məşğul olsun”

Baxış sayı: 1. 513

Mədəniyyətimizin tərkib hissələrindən biri də toylarımızdır. Ölkəmiz həm toy adət-ənənələri ilə başqa xalqlardan seçilir, həm də digər xalqların toy mədəniyyətindən müəyyən elementlər götürür. Xarici rəqslərin, diskotekaların təşkil olunması, toyun sonunda gəlinin arxaya gül atması da bu qəbildəndi. Amma kaş bu gün toylarımızda belə göstəricilər deyil, toyun sadə, israfsız və rahat keçməsi kimi nümunələr tətbiq olunardı.

Bu gün toy mərasimlərində həddindən artıq israfçılığın olmasına səbəb “camaat nə deyər?” düşüncəsidir. Sırf kimlərsə pis fikirləşməsin deyə toylarda israfçılıq baş alıb gedir. Hətta toylarımız sanki reklam xarakteri daşıyır. Kimlərəsə göstəriş vermək üçün borc altına girib dəbdəbəli toy edənlərin də sayı az deyil. Əsas və qalmaqallı, problemli an isə pul yazılmaqdadır. Belə ki, bu günlərdə ölkəmizdə qeyri-adi hadisə baş verib. Adını açıqlamayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib. Hüquqşünas-vəkil Vüqar Səfərlinin sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkillə əlaqə saxlayıb: “Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illər Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar”.

Image result for sosioloq Əhməd Qəşəmoğlu

Məsələ ilə bağlı televiziyalarda təbliğat aparılmasının vacib olduğunu vurğulayan sosioloq Əhməd Qəşəmoğlu toylarımızdakı israfçılığın dinimiz üçün də uyğun olmadığını deyir. Sosioloqun sözlərinə görə, hər bir inkişaf etmiş ölkədə insanlar toylarımız barədə eşidərkən Azərbaycan haqqında ancaq pis fikrə düşürlər:

“Bu olduqca anormal bir haldır. Heç kimin ixtiyarı yoxdur ki, bu əsasla məhkəməyə müraciət eləsin. Məsələnin hüquqi bir əsası da yoxdur. Ümumiyyətlə, Azərbaycanda toyların indiki vəziyyətdə olması ölkəmizin imicinə çox mənfi çalarlar gətirir. Belə şey ola bilməz ki, istənilən bir toy müğənnisi özünə qiymət qoysun. Toya gedib 10-15 min istəyən müğənnilər Xan Şuşinskinin dırnağı da deyil. O pulu istəməyin özü birbaşa müəyyən inzibati orqanların diqqət mərkəzində olmalıdır. Toylarımızın indiki səviyyədə keçməsi böyük israfçılıqdır, islami cəhətdən də bu düzgün deyil. Dinimizdə israfçılıq ən böyük qəbahət sayılan məsələdir. İndiki dünyada göstərilir ki, qənaətçillik daha çox mədənilikdir. Evimizə kimisə qonaq çağırsaq və qonaq çox olsa, 5-6 növ yemək bişiririk. Heç kim 50 cür yemək bişirmir. Yəni, istənilən toyu bir neçə cür yeməklə yola salmaq olar. Camaat o toya gəlməyib ki, qarınqululuq eləsin və ancaq yemək yesin. İnsanlar gəliblər ki, şənlənsinlər. Toyun fəlsəfəsini dəyişmək lazımdır. Biz elə etməliyik ki, toya gələnlər şənlənsin, xərcə düşməsin. Orta əmək haqqı 300 manat ətrafında olan insanları ayda 5 toya dəvət edəndə, bu insan məcburdu ki, cəmiyyətdə qara işlərlə məşğul olsun. Oğurluq eləsin, kimisə aldatsın, hansısa işdə rüşvət alsın. Beləliklə pul yığsın ki, axırda getsin toya pul salsın. Toy sahibi isə yığılan pulu restoran sahibinə və müğənnilərə verir. Borclu qalmayanda isə sevinir. Ondan sonra isə 10-15 il siyahıda olanların toyuna gedib pulunu qaytarmalıdır. Axırda da belə bir gülünc vəziyyət ortaya çıxır. Bu, cəhalət içində doğan bir anlayışdır. İnsanlar indi belə bir psixologiya ilə yaşayırlar ki, kiminsə toyuna gedib pul yazmışam, gəlib pulumu qaytarsın. Ən azından, öz guşəmiz olan Naxçıvandan misal götürsünlər. Naxçıvanda artıq bu şeyləri tənzimləyirlər. Neçə vaxtdır ki, camaata şit, nümayişkaranə toyları etməyə şərait yaradılmır. Televiziyalarda təbliğat getsin ki, toyu bu cür eləmək inkişaf əlaməti deyil, əksinə, gerilik əlamətidir. Meşşanlıq həmişə gerilik əlaməti olub, indiki vaxtda toylarımızı meşşancasına və dinsiz edirik. Dini, imanı olan, insani normaları əziz tutan adam belə toy etməz. Təəssüf ki, bizim xalq yamsılamağı çox sevir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir