qadin

Azərbaycan qadınları yol ayrıcında: Ya intihar, ya xilas

Baxış sayı: 984

Müxtəlif cəmiyyətlərdən olan qadınların hər birinin özünəməxsus sosial-psixoloji problemləri var. Bununla belə, onların ortaq nöqtələri çoxdur. Biz bu yazıda bugünkü Azərbaycan qadının sosial-psixoloji durumuna nəzər yetirəcək, problemlərin həlli üçün zəruri hesab edilən məqamları açıqlayacağıq.

Ondan başlayaq ki, bugünkü Azərbaycan qadınının əsas problemləri nədir? Bunun üçün kiçik bir tədqiqat apardıq. Qadın problemləri ilə məşğul olan vətəndaş cəmiyyətləri, məktəblər, xəstəxanalar, KİV və iaişə obyektlərində çalışan xanımları, həmçinin evdar qadınları əhatə edən 30 nəfərlik qrupdan “Azərbaycan qadınlarının başlıca problemləri nədir?” sualına cavab vermələrini xahiş etdik. Cavablar əsasında ümumiləşmələr apardıq.

 

“Ərin arvadı döyməsində şəfqət var”

Əksəriyyət hesab edir ki, Azərbaycan qadını ailədə çox əzilir. Ona çoxsaylı qadağalar var, müstəqil hərəkət etmək imkanı verilmir, hər bir addımı ailədəki kişilər, bəzənsə analar, qayınanalar və ətrafdakı digər qadınlar tərəfindən məhdudlaşdırılır. Qadın cəmiyyət tərəfindən daim təqib olunur. Maddi cəhətdən asılıdır, həyatında kişilər (ata, qardaş, ər, oğul)olmadan özlərini çətin realizə edə bilirlər. Məişət zorakılığına və cinsi istismara məruz qalırlar. Bu problemin daha acınacaqlı tərəfi də odur ki, cəmiyyət qadını döyülməyə, söyülməyə, təhqir olunmağa adi bir şey kimi baxmağa yönləndirir. “Yaxşı at özünə qamçı vurdurmaz”, “ər kötəyi yeməyən arvad, kətan köynək geyməyən ərbab olmaz” tipli ata sözlərinin mövcudluğu göstərir ki, qadının döyülməsinə cəmiyyət özü yaşıl işıq yandırıb. İslam aləminin məşhur din xadimlərindən biri, fələstinli filosof Sami Həccac deyir ki, “Quran”da qadının döyülməsini vacib edən ayələr var. Şəriət arvad döyməyin qayda-qanunlarını dəqiq ifadə edib. İslamda qadının islah edilməsi üçün döyülməsi şərt kimi qoyulur. Ağır günahları olan, zina edən qadının edamı, daş-qalaq edilərək öldürülməsi nəzərdə tutulur.

“Ərin arvadını döyməsində “şəfqət var”. Qadının döyülməsi onun doğru yola dəvəti kimi də qəbul oluna bilər. Çünki ərin arvadını döyməsi elə qadına xeyirdir” — deyə XXI əsrin müsəlman filosofu Həccac bildirir.

Yaxud Qətər din xadimi Ulema-i Habis deyir ki, “Quran”da “qadını döyün” hökmü ilahi bir hökmdür. Odur ki, “itaət etməyən qadını döyün”! Habis qadının gözünü qorxutmaq, onu tabe etdirmək, öz istədiyin şəklə salmaq üçün onu mütləq döyməyi tövsiyə edir.

Bizim cəmiyyət sxolastika ilə maraqlanmasa da, onun mənafelərinə xidmət edən şeyləri “dinimiz də belə buyurur” deyə əldə bayraq etməyi xoşlayır. Əsrlər boyu insanların davranışlarına hakim olan din qadını kölə, ərin qulu, nökəri kimi təqdim edib. “Qadın hüququ” deyə bir anlayış olmayıb, sadəcə kişinin qadınla necə davranmasının qaydaları var. Əsrlərdən bu yana qadınlara kişilərin malı kimi yanaşılıb. Zaman keçdikcə, dinin rolu cəmiyyətdə azaldıqca, cəhalət aradan qalxdıqca, qadına yanaşma da dəyişməyə başlayıb. Lakin elm, təhsil, modern düşüncə kişinin qadın üzərindəki hegemoniyasını o qədər də azalda bilməyib. Nəticədə kişinin qadına qarşı hər bir hərəkəti (xəyanəti, zorakı davranışları, hətta öldürməsi və s.) normal qəbul edilsə də, qadınların kişilərə müqavimət göstərməsi, müstəqil qərarlar qəbul etməsi, hətta zorakılığa məruz qaldığı barədə polisə şikayət etməsi belə çox pis qarşılanır.

Məktəbdə qarşı cinsdən olanlara nisbətən daha çalışqan və dərslərini yaxşı oxuyan, tərbiyəli qızlar sonralar əksər iddialarından əl çəkərək ərin köləsinə çevrilirlər. Ailə qurmaq azərbaycanlı qadınlar üçün 1-ci şərtdir. Ailə qurmayan qadınlar Azərbaycan cəmiyyətinin ən çox sevmədiyi qadınlardır. Onlar haqqında mütləq əsassız şayiələr, şər-böhtan, neqativ fikirlər yayılacaq. Uşaqları olmayan qadınlar da ən arzuolunmaz varlıqlar hesab edilir. Uşaq doğmaq potensialı olmayan qadınlar ən uğursuz gəlinlərdir. Azərbaycanda uşağı olmayan qadınlara acıma instinkti çox aşağıdır. Belə qadınları asanlıqla boşayır və bununla da ona ikinci zərbəni vururlar.

Uğursuz sevgi hekayəsi olan, aldadılmış, sevdiyi insan tərəfindən atılmış, yaxud sevgisinə qarşılıq verilməmiş qadın də cəmiyyətimizin ən bədbəxt qadınıdır. Əgər qız nə vaxtsa intim yaxınlıq etdiyi oğlanla evlənməsə, cəmiyyət ona pozğun, fahişə damğası vurur. Zifaf gecəsi qız olmayan qadınlar ya ata evinə qaytarılır (burada onu dəhşətli tale gözləyir), ya da bunu bir ömür onun başına qaxınc edirlər. Bir çox hallarda bu səbəbdən ər evindən ata evinə qayıtmaq imkanı olmayan qızlar ya öz canlarına qıyırlar, ya da həyatın dibinə yuvarlanırlar. O qızlara hər kəs potensial fahişə gözü ilə baxmağa başlayır və nəticədə onun fahişə olmasına nail olurlar.

Qızlar anadan olandan ailə qurmağa fokuslaşdırılırlar. Azərbaycan ailələrində qızlar bir insandan daha çox, bir qadın olaraq yetişdirilir: ərə gedəcək, uşaq doğacaq qadın. Qız uşağı anadan olan gündən ailənin yükü hesab edilir. Valideynlər imkan daxilində bu “yükdən” tez xilas olmağa çalışırlar. Evi, maşını, pulu və yaxşı işi olan partnyor Azərbaycan qadını üçün idealdır. Belə kişinin şəxsiyyəti, xarakteri, mənəviyyatı müzakirə edilmir. Qızlar sanki alınıb-satılan əşyadılar, nə qədər bahalı evdə dursalar, onlara toz bir o qədər az qonacaq.

Qadınların geyimləri, saç düzümləri, kosmetikası, oturuşu, duruşu, gülüşü belə başqalarına onun əxlaqı barədə söz demək səlahiyyəti verir.

 

Ən arzuolunmaz qadın — boşanmış qadın

Boşanmış qadın üz qarasıdır. Hamı ona ikrah hissi ilə yanaşır, kişilər isə hesab edirlər ki, bu qadınlara sataşa, onlara seks oyuncağı kimi baxa bilərlər. Boşanmış qadın valideynlər üçün də əlavə yükdür. Onu ata evində nəinki xoş qarşılamırlar, hətta bir çox hallarda ondan xilas olmağa çalışırlar. Azərbaycanda qız ailənin varisi sayılmır. Onun ata evində payı yoxdur. Ev də, digər əmlak da evin oğluna məxsusdur. Atanın mal-mülkündən pay istəyən qıza cəmiyyətdə pis baxırlar. Heç ər evi də boşanmış qadının gələcək evi, yaşam şərtləri barədə məsuliyyət daşımır. Əksər hallarda gəlin ərinin yaşadığı evə qeydiyyata salınmır. Gələcəkdə boşanma ehtimalını gözə alan ər qorxur ki, birdən gələcəkdə bu evdən ona da pay düşər. Boşanan qadının və uşaqlarının harada yaşaması çox vaxt əri düşündürmür. Azərbaycan o ölkələrdəndir ki, ər boşanma zamanı öz uşaqlarına aliment verməmək üçün min cür bəhanə gətirir. Məhkəmə icraçılarının təzyiqləri olmasa, bəlkə də boşanmış ərlərin 90%-i öz uşaqlarına aliment ödəməzlər.

Digər tərəfdən, Azərbaycanlı ər boşandıqdan sonra da keçmiş arvadı üzərində hökm etmək haqqına sahib olduğunu düşünür. O qadını daim təqib edir, ona hədə-qorxu gəlir, hara gedib-gəldiyinə, kimlərlə kontaktda olduğuna, başqa birisi ilə görüşüb-görüşmədiyinə nəzarət edir. Bu ölkədə keçmiş arvadını qısqanclıq zəminində öldürən kişilərin qorxunc statistikası var.

Uşaqlı qadınların işləmək imkanları da çox aşağıdır. Birincisi, onların uşaqlarına baxan adam lazımdır. İkincisi, körpə uşaqları olan analar çox yerdə arzuedilən işçi sayılmırlar.

 

Azərbaycan qadınını Nobel, Oskar maraqlandırmır

Azərbaycan qadınlarının özlərindən qaynaqlanan problemləri də var. Fərd olaraq əməksevər olsa da, maddi problemlərinin həllinə əmək sərf etməyə tənbəllik nümayiş etdirirlər. “Ər qazancı ilə dolanmağa” xoşbəxtlik kimi baxırlar. Ailəsinin və şəxsinin mənfəətləri üçün özünü fəda etsə də, cəmiyyətin mənfəətlərini əsla düşünmür, böyük idealları yoxdur. Məsələn, nadir hallarda dünya elminə töhfə vermək, Nobel mükafatı alacaq alim, yazar olmaq, Oskar alacaq aktyor olmaq fikrinə düşər. Hədəfləri çox vaxt qlobal yox, məhəllidir. Bağışlamağı, güzəştə getməyi, səhvlərdən nəticə çıxarmağı pis bacarır. Ona elə gəlir ki, ətrafdakı hər kəs və hər şey onun potensial rəqibidir və davaya hazır olmalıdır. Çox lazımsız, mənasız şeylərə həddindən artıq diqqət, vaxt və enerji sərf edir. Gözəlliyi, zənginliyi zahiri şeylərdə axtarırlar. Geyimə, bəzək-düzəyə, zinət əşyalarına həddən artıq aludədirlər. Üstündə yeriyə bilmədikləri dikdaban ayaqqabıları məmnuniyyətlə, ayaqların amansız ağrısına dözərək geyinib işə, bazar-dükana, uzun vədəli səfərlərə və s. gedə bilərlər. Paltar yaraşmaya, narahat ola bilər, əsas odur ki, bahalı və gözəl olsun.

Əlbəttə kişilər əksərən qadının oxumasına, işləməsinə, sosiallaşmasına qarşı çıxır, onun geyiminə, davranışlarına qarışırlar. Ailənin sosial problemləri ilk öncə qadını düşündürür. Uşaqların səhvlərindən də qadın sorumlu tutulur. Cinsi ehtiyaclarını ödəməyə çalışan qadın əxlaqsızdır, amma bunu edən kişi, əsl kişidir.

Genderin hüquq bərabərliyindən danışıldıqda, bu xüsusilə kişilərdə qıcıq yaradır. “Elə isə qadınlar niyə əsgərə getmir?” sualı bizim ölkədə çox populyardır. Hüquq bərabərliyi ilə cinslərin bacarıq və qabiliyyətləri, vəzifələri, potensialı eyniləşdirilir.

Namus deyiləndə ilk ağla qadın gəlir. Kişinin namusu qadındır. Namus qadının fizionomiyası, bioloji funksiyası, cinsi münasibətləri ilə birbaşa bağlıdır. Sevgilisi ilə intim həyatı olan qadın (əgər onunla evli deyilsə) əxlaqsızdır, pozğundur, fahişədir. Onu döymək, təhqir etmək, öldürmək olar. Buna görə qadını öldürən kişi həbsxanada da əl üstə gəzdirilir. Namus keşikçisi olan kişi cəmiyyətin ən hörmətli kişisidir.

İşləyən qadınların güzəranı da ailədə xoş keçmir. Onların iş həyatı evdəkiləri maraqlandırmır. Eyni kollektivdə, eyni işi görən, eyni yüklə çalışan ər-arvad evə gələndə, kişi qadından yemək, geyim, evin təmizlənməsi, paltarların yuyulub-ütülənməsi, uşaqların qayğısına qalınması, valideynlərin razı salınması, qonaqların yola verməsi, uşaqların dərsləri ilə məşğul olunması və digər çoxsaylı şeyləri tələb edir. Başa düşmək istəmir ki, bu yükü xanımı ilə bölüşməlidir. Qadının işdəki və evdəki obrazı, bu iki həyata hər gün keçid etmək zorunda qalması, qadının psixologiyasını sarsıdır.

Azərbaycanda qız uşaqlarının selektiv abortlar yolu ilə tələf edilməsini oğlan uşaqlarının nəzəçarpacaq say üstünlüyünə malik olması da təsdiqləyir. Hələ iş o yerə çatdı ki, selektiv abortlar qanunvericiliklə qadağan edildi. Bu amil də Azərbaycanda qız uşaqlarına, qadınlara neqativ münasibətin sübutudur.

Tədricən qadınlar cəmiyyətdəki sosial statuslarını dərk etməyə, ayılmağa, müqavimət göstərməyə başlayırlar. Hələ də onun istəklərinə qarşı müqavimət böyükdür. Bu gün artıq qadın başa düşür ki, onun həyatını qaraldan adamdan ayrılmaq ən doğru yoldur. Özü çalışıb pul qazanmalı, başının çarəsinə baxmalıdır. Ailəsi dağılandan sonra təhsil almağa, peşələrə yiyələnməyə, xarici dilləri öyrənməyə cəhd edən çox sayda qadın var.

Qadınların kiçik bir hissəsi artıq müstəqil həyatını formalaşdırmağa can atır. Öz biznesini qurur, maşın sürür, xarici ölkələrə turizm səfərlərinə gedir, dostlarla birgə məclislər təşkil edir və s.

Ailələr dağıldıqda, yaxud ailə başçılarından biri öldükdə, uşaqlar kişidə qalanda, o, ya dərhal yenidən evlənməyi, ya doğmalarını köməyə çağırmağı düşünür. Çünki onun uşaqların yükünü çəkmək, onların ehtiyaclarını təmin etmək qabiliyyətləri yoxdur. Amma qadın uşaqların qayğısına hər vəchlə qalır. Çalışır ki, uşaqları yetim olduqlarını hiss etməsin, heç kəsdən geri qalmasınlar.

Qadınların onlar üçün ağır işə getməsi, həm ev, həm də iş həyatı ilə yüklənməsi, cəmiyyətdəki ümumi ağır ab-hava, həddindən artıq neqativ informasiyalarla yüklənmə, maddi ehtiyacların tam ödənilməməsi, mənəvi məngənələrin çox olması da qadınların sosial-psixoloji problemlərini ortaya çıxarır.

Bir faktoru da nəzərə almaq lazımdır ki, Azərbaycanda qaçqın, məcburi köçkün, şəhid ailələri olan qadınlar var. Onlar işğal edilmiş torpaqlar uğrunda gedən savaşın gərginliyini daim öz çiyinlərində daşıyırlar. Oğlu olan hər bir ana narahatdır ki, müharibə hər an başlaya, o, oğlunu itirə bilər. Oğulların əsgərlik dönəmi anaların ən ağır dönəmidir. Müşahidələr göstərir ki, həmin dövrdə qadınlarımızın çoxunun saçları ağarır.

Evsizlik qadınlar üçün çox böyük problemdir. Ailə düzəninin lap başlanğıcında ev gəlir. Ailə üçün ev vacib və müqəddəsdir. Amma ölkədə aztəminatlı ailələrin sayının gün-gündən artması evsizlik problemini də ortaya çıxarır. Gənclər bir çox hallarda ev probleminə görə evlənmir. Çünki kirayələrdə ailə saxlamaq çətindir. Tez-tez qadınların “kirayələrdə canım çıxır, kirayələrdə saçım ağardı”, “öz evimdə bircə gün yatıb ölsəm, dərdim olmaz” kimi ifadələrinə rast gəlirik. Sərkərdə üçün qala nə deməkdirsə, qadın üçün də ev o deməkdir.

Azərbaycan qadının qaynana, baldız, gəlin, elti kimi “ümdə” problemləri də var. Azərbaycanda böyük ailənin yükü də qadının üzərindədir. O, böyük ailənin hər bir fərdinin nüfuzunu nəzərə almalı, onlarla hörmətlə davranmalıdır. Sevsə də, sevməsə də ailə-məişətdəki rollarını oynamalıdır. Toya, yasa, ev görməsinə, uşaq görməsinə, xəstə yoluxmağa və s. qadın mütləq getməlidir.

Qadınların sosial-psixoloji bəlalarının lap başına mütəxəssislər issizliyi, maddi ehtiyacları, kasıblığı qoyurlar. Amma tədqiqatlar göstərir ki, psixoloji problemləri olan qadınlar arasında imkanlı təbəqədən olanlar da var. Bu isə onu göstərir ki, qadınların sosial-psixoloji problemlərinə müxtəlif aspektlərdən yanaşılmalıdır.

 

Sadaladığımız bütün bu problemlər nəyə gətirib çıxarır?

Sadalanan problemlərin əksəriyyəti qadınlar üçün spesifik problemlərdir. Nəzərə alanda ki, qadınların menstruasiya kimi periodik təkrarlanan fizioloji vərdişləri var, bu vərdişlər hər ay onları qeyri-ixtiyari olaraq təbii vəziyyətlərindən ayırır, üstəlik hamiləlik, laktasiya, doğuş zamanı qadınlar fizioloji və psixi təlatümlər keçirirlər, onlara bütün dünyada xüsusi həssaslıqla yanaşmanın səbəbi aydın olur. Tibb elmi sübut edib ki, qadınların fizioloji həssaslıqlarından irəli gələn məqamlar onların gündəlik həyatında mütləq nəzərə alınmalıdır. Sağlam olmayan qadın sağlam dölü dünyaya gətirə bilməz. Elə qadınların durğunluq dövrü kimi qəbul olunan klimaks və menopauza (aybaşının sona çatması) müddətində də onların psixi sarsıntılar keçirdiyi nəzərə alınmalıdır.

Qadınların psixikasında problemlər olanda onlar ağlayırlar, özlərini bədbəxt hiss edirlər. Onların əhval ruhiyyəsi uşaqlara da sirayət edir və nəticədə həyata, cəmiyyətə küsmüş, nifrətlə yoğrulmuş nəsil meydana çıxır. Cinayətkarlığın və intiharların sayı artır. Qadınlar onların ağır həyatına bais olduğunu güman etdikləri insanları öldürməkdən belə çəkinmirlər. Bəzən özlərinin və azyaşlı uşaqlarının həyatına qıyırlar. Buna çox sayda misallar da var. Azərbaycanda qadınların törətdiyi cinayətlərin statistikasına baxanda, onlar ümumi cinayətlərin 2%-ni təşkil edilər. Dələduzluq, fırıldaqçılıq, oğurluq, narkotik ticarəti, qadın alveri faktları ilə həbs olunan qadınların sayı çoxdur. Amma adam öldürdüyünə görə həbs olunan qadınların da sayı artmaqdadır. Ciddi faktdır ki, əgər əvvəllər qadınlar onlara qarşı zorakı və haqsız davranan insanları, xüsusilə ərlərini zəhərləyərək öldürürdülərsə, indi soyuq silahdan istifadə edərək öldürürlər. Bu isə zorakılığın, psixi sarsıntıların aqressiv nəticələr doğurduğunu ortaya qoyur. Eyni zamanda qadınlar arasında əyyaşlıq, narkotik və alkoqol asılılığa da artmaqdadır. Bu, bir tərəfdən yüngül həyat tərzinin nəticəsidirsə, digər tərəfdən də artıq həzz almağa başqa heç nəyin qalmadığını, sosial bəlanın psixi bəlaya çevrildiyini göstərən amillərdir.

Ümumdünya Səhiyyə Təşkilatını hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, dünyada hər 40 saniyədə 1 nəfər öz canına qıyır. Hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Dünyada intihar edənlərin təxminən 1%-i Azərbaycanın payına düşür. Ötən il ölkədə 550-dən artıq intihar hadisəsi baş verib ki, onun da təqribən 220-si qadındır. İntiharların araşdırılması üzrə mütəxəssis Ramella İbrahimxəlilovanın sözlərinə görə, rəsmi statistikaya görə, Azərbaycanda intiharlar hər yüz min nəfərə 5 nəfər düşür. Bu kritik hədd sayılmasa da, son zamanlar ölkəmizdə həyəcan təbili çalmağı zəruri edir. Çünki biz bu həddi keçmək üzrəyik. Və məsələnin ən pis tərəfi də odur ki, dünyada intihar edən kişilər mütləq əksəriyyət təşkil etsə də, ölkəmizdə intihar edən qadınlarla kişilərin sayı təqribən yarıbayarıdır.

Elə ölüm halları da var ki, onlar statistikaya intihar faktı kimi düşmür. Bunlar yol-nəqliyyat hadisələri, dərman zəhərlənməsi, qaz zəhərlənməsi, narkotik və ya psixotrop maddələrin qəbulunda doza həddinin aşılması, hündürlükdən yıxılma və s. nəticəsində baş verən ölümlər adətən intihar kimi qeydiyyata alınmır. Lakin onların intihar olmadığını birmənalı demək mümkün deyil. Əgər bu hallar intihar olaraq qeydiyyata alınsaydı, o zaman ölkəmizdə də intiharlar kritik həddi aşmış sayılardı” — deyə R.İbrahimxəlilova bildirir.

O qeyd edir ki, Azərbaycanın islam ölkəsi olması intiharların qarşısını qismən alır. Çünki dində intihar günah sayıldığından, inanclı insanlar son həddə bu yola əl atmırlar. Azərbaycanda intiharlar çox vaxt uğursuz sevgi, pul borcları, bitib-tükənməyən ailə münaqişələri, yeniyetmələrin nümayişkaranə etiraz aktı, övladını itirmə, xəyanət, zorakılığın, insan alverinin qurbanı olma, sağalmaz xəstəliklər və s. nəticəsində ortaya çıxır. R.İbrahimxəlilova intihar faktlarının çox vaxt qohum-əqrəba tərəfindən gizlədildiyini bildirir. Buna səbəb cinayət məsuliyyətindən yayınmaq və cəmiyyətin qınağına tuş gəlmək istəməməkdir. Çünki cəmiyyət intihar edən qadına pis baxır. Bundan başqa, din xadimləri adətən intihar etmiş şəxsləri dəfn etməkdən imtina edirlər. Buna görə də çox zaman intiharlar başqa adla təqdim edilir.

Eksperin fikrincə, bəzən qadınlar diqqəti özünə cəlb etmək üçün intihara əl atırlar. Bəzənsə kiminsə şantajından, rüsvayçılıqdan, hansısa hərəkətinə görə başqalarının onu xüsusi amansızlıqla öldürə biləcəyindən qorxaraq özlərinə qəsd edirlər. Elə söhbətlər var ki, onların axırı intiharla sonuclanır. İntihar edən şəxslərin çoxu kağız yazaraq izahat verməyə üstünlük verir. Əgər adam intihar qərarı veribsə, onu heç nə geri döndərə bilməz”.

Psixoloq Azad İsazadə isə deyir ki, dünyada intiharların öz spesifikası var: intiharlar, əsasən şimal və qərb bölgələrində baş verir. Cənub və şərq bölgələrdə intiharların sayı azadır. Azərbaycan şərq bölgəsində yerləşdiyi üçün uzun illər burada intiharların sayı daha az idi. Amma son 5-6 ildə çoxalıb.

Onun sözlərinə görə, intihar fikri birdən-birə yaranmır. İnsan yavaş-yavaş depressiv vəziyyətə düşür və çıxış yolu axtarır. Tapa bilməyəndə dünyasını dəyişmək fikrinə düşür.

“Onların daxilində güclü ağrılar olur. Bundan başqa ani intihar qərarı da mövcuddur. Belə vəziyyətlərdə insanlar ani qərar verir. Bu da onun səbrinin son damlası olur. Misal üçün, hər il yay aylarında bir neçə abituriyent qəbul olmadığı üçün intihar edir. İmtahandan kəsilmə axırıncı damla olur. Bundan öncə isə həmin insanlarda aylarla yığılıb qalan fikirlər olur” — deyə Azad İsazadə bildirir.

Onun fikrincə intiharları təkcə maddi-iqtisadi problemlərlə əlaqələndirmək doğru deyil.

“Hələlik bizdə ailə institutu işləyir. Bizdə hansısa problem olanda bütün qohum-əqrəba tökülür, yardım edir. Amma digər ölkələrdə belə olmur. Buna görə də bəzi ölkələrdə psixoloqlara, psixiatorlara çox müraciət edirlər” — İsazadə əlavə edib.

“İnsan depressiyaya düşür, çıxış yolu axtarır, tapa bilməyəndə, onda belə fikir yaranır ki, mən dünyamı dəyişsəm daha yaxşıdır. Daxildə ağrı o qədərdir ki, onunla uzun müddət yaşaya bilmir. Bir sui-qəsd də var ki, stress nəticəsində yaranır, insan birdən-birə, yarım saat, 1 saat, bir gün ərzində belə qərara gəlir”- deyə psixoloq əlavə edir.

Sosial-iqtisadi problemlər çoxalanda fahişəlik artır, qadınlar seks-industriyanın bir parçasına, qadın alverinin qurbanına çevrilirlər. Ailə, doğmalar, dostlar tərəfindən rədd edilər. Səhvləri bağışlanmayan, başa düşülməyən, yaxud islah olunmayan qadınlar çox vaxt hər şeyə üsyan edərək, özlərini isbat etmək üçün çoxlu pul qazanmaq eşqilə (bəzənsə uşaqlarının ehtiyaclarını ödəmək üçün) öz bədənlərini satmağa başlayırlar. Onlar çox vaxt gənc yaşlarda cinayətin qurbanı olurlar. Yaşlandıqda isə daha heç kəsə lazım olmurlar. Cəmiyyətdə keçmiş yüngül həyat tərzinə görə, yaxud keçmiş cinayətlərə görə hər kəs tərəfindən rədd edilirlər. Onlar son çarəni ölməkdə görürlər.

 

Çıxış yolu nədir?

Ekspertlər hesab edirlər ki, maarifləndirmə, təlqinetmə uzunmüddətli proses olduğundan qanunları və cəzaları sərtləşdirməklə qadınların sosial-psixoloji problemlərini yüngülləşdirmək mümkündür. Qadınların problemləri kişilərlə də müzakirə olunmalı, maarifləndirmə işləri qadınlarla yanaşı kişilər arasında da aparılmalıdır. Sosioloq Rövşən Nəcəfov hesab edir ki, qadınlara qarşı basqıları azaltmaq üçün kişilər arasında iş aparmaq, təbliğatı qurmaq daha effektivdir. Birtərəfli maarifləndirmə, gözlənilən effekti verə bilməz: “Biz əzilənə hüquqlarını başa salmalıyıq, amma ondan daha əvvəl əzəni islah etməyə çalışmalıyıq”.

Zorakılığın və qadın alverinin qurbanı olanlara həssas yanaşılmalıdır. Onlara yönəlik sosial layihələr həyata keçirilməlidir.

Ailə və məktəblərdə erkən yaşlardan uşaqlara zorakılığın neqativ olduğu aşılanmalıdır. Uşaqlar kiçik yaşlardan əməyə alışdırılmalı, peşələrə yönəldilməli, istedadları olan sahə üzrə inkişafı dəstəklənməlidir.

Ailədə, cəmiyyətdə baş verən proseslər, şəxsi həyatdakı təlatümlər qadınlarda stress yaradır və onlar xəstələnirlər. Onlar çox vaxt səhiyyəyə müraciət etmək belə istəmirlər. Hamiləlik dövründə və yaxud südəmər körpələri olan dövrdə qadınlar çox həssas olurlar. Məhz bu dövrdə onları stressdən qorumaq vacibdir. Qadın sağlamlığına xüsusi diqqət ayrılmalıdır.

Qadınlar oxumalı, savadlı olmalı, özlərini inkişaf etdirməli, peşələrə yiyələnməli, təkmilləşməlidirlər. Onlara hüquqları başa salınmalı, müstəqil inkişaflarına təkan verilməlidir. Bu məsələdə ailə institutunun inkişafı, uşaqların tərbiyə metodlarının dəyişdirilməsi, uşaq tərbiyəsində effektiv üsulların təbliği aparılmalıdır. Əgər qızlar uşaq vaxtlarından ailədə azad böyüsələr, müstəqil qərarlar verməyə alışdırılsalar, gələcəkdə onlara öz ayaqları üstündə dayanmaq, olumlu qərarlar qəbul etmək imkanları da böyük olacaq. Onlar məsuliyyətli olmağa, addımları düşünərək atmağa istiqamətləndirilməlidir. Səhvlərini belə daha ağrısız bir şəkildə təlafi etməyi bacarmalıdır.

Dövlətin qadınlara yönəlik proqramları işləməlidir. Nikahlar, nikah müqavilələri, ailə planlaması olmalıdır. Qadınlara qarşı zorakılıq cəzalandırılmalıdır. İşləyən qadınların yükü azalmalıdır. Qadınlar ictimai-siyasi proseslərə nüfuz etməlidir. Qadınlarla bağlı proqramlar işləməlidir. Zorakılığa məruz qalan qadınlar üçün dövlət tərəfindən sığınacaqlar yaradılmalıdır. Orada onların reabilitasiyasına çalışılmalı, psixoloji problemləri həll edilməli, sosial qayğıları aradan qaldırılmalıdır.

İşləyən qadınlar üçün xüsusi proqram qəbul olunmalıdır. Uşaqların idarə olunması üçün günü uzadılmış bağçalar, məktəblər, təlim-tərbiyə evləri, hətta uşaqlar üçün gecə yuvaları açılmalıdır. Xatırladaq ki, sovet dövründə fabrik və zavodlarda gecə növbəsində işləyən qadınların uşaqları üçün Bakı şəhərində gecə bağçaları fəaliyyət göstərib. Bizdə də 24 saat işləyən bağçalar fəaliyyət göstərməlidir.

Qadınların təhsildən erkən ayrılmasına imkan verilməməli, erkən evliliyi əngəlləyən layihələr işlənməlidir. Qadınlar üçün psixoloji xidmət mərkəzləri yaradılmalıdır.

İcra orqanlarında, seçkili orqanlarda (parlament və bələdiyyələr), məhkəmə-hüquq sistemində qadınlarla bağlı kvotalar sistemi tətbiq edilməlidir. Bu, qadınların ölkənin ictimai-siyasi həyatda fəal rolunu artırar, qadının ictimai-siyasi statusu yüksələr.

Dini azadlıqlar dünyəvi dövlətin qayda-qanunlarının sərhədlərini pozmamalıdır. Dövlət dinin, mental dəyərlərin, uzun illər ərzində formalaşmış stereotiplərin qadınları əzməsinə imkan verməməlidir.

Ölkədə ümumi savadlılığın, sözün bütün mənalarında mədəniyyətin yüksəlməsinə çalışılmalıdır. Mədəni ailələrdə yuxarıda bəhs etdiyimiz problemlərin çoxu yaşanmır.

Ən əsası isə ölkədə əhalinin ümumi rifahı yüksəlməlidir ki, sosial-psixoloji problemlər minimal həddi aşmasın və ölkə vətəndaşları özlərini firavan hiss etsinlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir