YEMEK

Bayramdan sonra nəyi, necə yeyək ki, mədəmiz “üsyan” etməsin?

Baxış sayı: 1. 454

Yeni il süfrələrinin qoxusu burnumuzdan, dadı isə damağımızdan hələ çəkilməyib. Düzdü, bir neçə gün eyni yeməklər, salatlar təkrarən mədəmizi doyurdu. Amma həmin yeməklərin hamısı da həddən artıq kalorili idi. İstər bol mayonezli salatlar, istər yağlı aşlar, kabablar, istərsə də tortlar…  Məlum, artıq çəki aldıq. Bununla yanaşı, mədəmiz də quru, qızartma yeməklərə doydu.

 

Bu halda nə etməliyik? Yaxın günlərdə qidalanma rejimimiz necə olmalı, rasionumuzda nələrə üstünlük verməliyik?

Ümumən bu günlərdə qidanın kalori və miqdarına ciddi nəzarət edilməlidir. Hər gün zərərli və yüksək kalorili yeməklərlə qidalanmaq 1-2 həftə ərzində yüksək çəki artımına gətirib çıxara bilər. Bayramdan sonra və bayram günü nahar edərkən tərəvəz məhsulları ilə zəngin qidalardan istifadə edilməlidir. Çünki ən yüngül qidalar tərəvəzlərdir. Buna görə də az yağda qızarmış tərəvəzlər nahar üçün ideal hesab edilir.

Bayram qonaqlıqlarında hər kəs payına düşən şirniyyatın yarısını yeməklə kifayətlənməlidir. Məsələn, iki tort kəsiyindən birindən mütləq imtina edilməlidir.

Ä°lgili resim

Günə dinamik başlamaq, gün boyu hərəkət etmək, gediləcək yerlərə piyada səyahət sağlamlıq və artıq çəki yığmamaq üçün faydalıdır. Şam yeməyindən sonra təmiz havada gəzmək daha məqsədəuyğundur.

Bol su içmək də zəruri məsləhətlərdən biridir. Dietoloqlar suyu az kalorili içkilərlə əvəz etməyin də mümkün olduğunu deyirlər. Ən yaxşısı isə tərəvəz, nanə və limonlu içkilərdir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi ki, əslində insan təkcə bayram sonrası yox, ümumən qida rasionuna diqqətlə yanaşmalıdır. Onun sözlərinə görə, bayram günlərində də evlərdə əsasən qış yeməkləri hazırlanaraq süfrəyə verilib.

Müsahibimiz hesab edir ki, insanlar hər yeməkdən bol miqdarda yeməsə, problem də yaranmayacaq: “Masaya qoyulan hər yeməkdən bir tikə yeməklə mədəni də yükləməmiş oluruq. Tərkibində mayonez, xama olan salat süfrəyə qoyulandan sonra 10-15 dəqiqə ərzində yeyilməlidir. Amma bu günlərdə insanlar salatları bir gün öncədən hazırlayıb, bir neçə gün yeyirlər. Bu, düzgün ənənə deyil”.

qidalanmaq ile ilgili görsel sonucu

Həkimlər isə deyir ki, bayram boyunca hər gün ən azı 10 stəkan su içmək lazımdır. Bu, həzm prosesinin sürətlənməsi, davamı, sağlamlığı və mədənin təmizlənməsi üçün çox önəmlidir. Bundan başqa, bayram ziyarətlərində yaxın məsafələr üçün maşın sürmək yerinə gəzintini artırmalı, bir neçə mərtəbə çıxmaq üçün liftdən istifadə etmək yerinə pilləkənləri seçməliyik. Unutmamalıyıq ki, bu gün yeyib-içdiyimiz hər şey sağlam gələcəyə qoyduğumuz investisiyadır.

Yeni ili süfrəsi yeyib-içənlərin balansına orta hesabla 7,000 kalori əlavə edir. “BBC Türkcə”nin araşdırmasına görə, bir çox insanlar məhz bu cür Yeni il süfrəsi qidalanmasından sonra yanvar ayında pəhriz tutmaq qərarına gəlir. “11 ayda yığılmış artıq çəkini 1 aya yox etməyə mümkün deyil”. Londondakı “Royal College of Physicians” institutunun əməkdaşı Ian Gilmore belə deyir.

Lakin bir sıra ekspertlər məsələyə bir qədər fərqli yanaşaraq, pəhrizin strategiyasına daha çox diqqət ayırmağı məsləhət görürlər.

Pəhrizi alkoqolun imtinasından başlamaq fikri mübahisəli görünür. Alkoqolu zərərsizləşdirən qaraciyər özünü bir neçə həftəyə təzələşdirən demək olar kı, yeganə insan orqanıdır.

Alkoqol istifadəsi və alkoqolizm üzrə ABŞ Milli İnstitutundan doktor Gary Murray hesab edir ki, spirtli içkiləri mütəmadi olaraq qəbul edən şəxs içməyi dayandırsa, alkoqolun təsiri altında onun qaraciyərində əmələ gəlmiş piy qatı 1 aya xeyli dərəcədə əriyə bilər.

Lakin doktorun qeyd etdiyi kimi, spirtli içkilərə qurşanmışlar üçün bu müddət kifayət etməyə bilər. “Onların qaraciyərində fibroz – çərtiklər – əmələ gəlir, belələrinə 1 ay müddəti bəs etməz”, Gary Murray deyir.

“New Scientist” elmi dərgisinin yazdığına görə, 5 həftə ərzində alkoqol qəbul etməyən şəxslərdə qaraciyərdəki piy, qandakı qlükoza və xolesterin səviyyəsinin xeyli dərəcədə endiyi aşkar olunub. Lakin İan Gilmore xatırladır kı, alkoqolun təsirinə qaraciyərlə yanaşı, beyin, dalaq və ürək də məruz qalır və bu orqanlar təzələnmək xüsusiyyətinə malik deyillər.

Vəziyyəti bir qədər mürəkkəbləşdirən az miqdarda spirtli içkilərin ürək-damar sisteminə müsbət təsir göstərməsi barədə vaxtaşırı mətbuatda gedən məlumatlardı. Gilmore deyir ki, həftədə 2 qədəhədək şərab qəbul edilərsə, bunun həqiqətən sağlamlıq üçün faydası ola bilər.

Amma alim qeyd edir ki, bu effekt özünü qadınlarda 60 yaşdan sonra, kişilərdə isə 45 yaşdan sonra göstərməyə başlayır.

Gilmore hesab edir ki, 1 ay müddətinə spirtli içkilərə ara vermək daha çox mənəvi rahatlıq verir, çünki bunu edə bilən insan alkoqoldan daha uzun müddətə də imtina edə biləcəyinə inanır. Bunu edə bilməyənləri isə alkoqol asılılığına düşən şəxs hesab etmək olar – təxminlərə görə İngiltərədə belələrinin sayı 1.5 milyondur.

Çoxları Yeni il bayramı mövsümündə iştahının öhdəsindən gələ bilmir. Hər adamın 1 əy ərzində pəhriz tutmağa gücü çatmır. “Pəhriz ya uzunmüddətli olmalıdır və ya heç tutulmamalıdır”, Britaniya Pəhriz Assosiasiyasının sözçüsü Lucy Jones deyir.

Onun təbirincə, yemək pəhrizində “ya heç nə, ya hər şey” prinsipi əvəzinə balanslaşdırılmış pəhrizin gözlənilməsi ən düzgün seçimdir. Onun sözlərinə görə, misal üçün, yemək balansında meyvə-tərəvəzin çatışmazlığı Britaniyada ölüm halları statistikasının 7%-9% artmasına səbəb olur.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir