pul

Borc verərkən bunlara diqqət edin

Baxış sayı: 1. 652

“Son zamanlar dinamikası sürətlə artan cinayətlərdən biri də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətidir”.

Bunu Trend-ə açıqlamasında hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev deyib.

V.Babayev hesab edir ki, qeyd edilən cinayətlərin statistik göstəricilərdə payının artmasına səbəb əsl dələduzluq cinayətləri ilə yanaşı, mülki-hüquqi müstəvidə həll edilməli olan mübahisələr üzrə də cinayət işlərinin başlanmasıdır: “Əlbəttə, təkcə cinayət işi başlamaqla və araşdırma aparılmaqla iş bitsəydi, yenə də anlamaq olardı. Lakin bu araşdırmaların nəticəsinə görə əksər hallarda şəxslərə əsassız ittiham irəli sürülür və onların barəsində qanunsuz olaraq həbs və ya digər qətimkan tədbirləri seçilir”.

Onun sözlərinə görə, xüsusən, pul borcu ilə kreditor və borclu arasında yaranan problemlərdən irəli gələn mübahisələrin dələduzluq kimi səciyyələndirilməsi tez-tez rast gəlinən hallardandır: “Məsələn, iki şəxs arasında bağlanmış müqaviləyə əsasən bir tərəf, yəni kreditor borcluya müəyyən müddətdə qaytarmaq şərtilə hər hansı bir məbləğdə borc pul, kredit verir. Onların arasındakı müqavilə notariat qaydasında təsdiq edilir. Həmin müqavilədə borcun qaytarılması zamanı yarana biləcək mübahisələrin həlli qaydası müəyyən edilir. Bir qayda olaraq mübahisələrin həlli yeri kimi məhkəmələrin olması göstərilir. Lakin bəzən görürsən ki, bununla bağlı başlanmış cinayət işi ilə əlaqədar şəxsə ittiham sürülür və orada qeyd olunur ki, “zərərçəkmiş şəxsi qaytaracağı vədi ilə aldadaraq filan qədər pul alıb onun etibarından sui-istifadə etməklə dələduzluq etmişdir”. Sual olunur ki, hər hansı bir şəxs qaytarmayacağını bildirməklə borc alırmı?! Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yəni borc müqaviləsinin əsas şərtlərindən biri də onun qaytarılması barədə borclunun öhdəlik götürməsidir. Yəni burada hər hansı bir aldadılma və ya etibardan sui-istifadədən söhbət gedə bilməz”.

Hüquqşünasın sözlərinə görə, hətta praktikada bəzən çox uzağa gedilərək götürülən borc və ya kreditdən qat-qat artıq dəyərə malik təminatlı borc və ya kredit müqavilələri üzrə də ittihamlar irəli sürülür ki, burada vəziyyət daha da qəliz xarakter alır: “Axı şəxs borc və kreditin təminatı kimi girov qoymuşdursa, belə olan halda dəymiş zərərin müəyyən edilməsi hansı prosedura uyğun aparılacaq və yaxud da burada hansı dələduzluqdan söhbət gedə bilər?! Belə ki, bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılarkən borcun girov predmetinə və ya ipotekaya yönəldilməsi zamanı qeyd edilən təminat kimi çıxış edən əşya açıq hərrac vasitəsilə satılır, əldə edilmiş vəsaitdən borcun məbləği, hərracın keçirilməsi və s. ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait əşyanın keçmiş mülkiyyətçisinə qaytarılır. Ona görə də qanunvericilik bir qayda olaraq bu cür mübahisələri birmənalı olaraq mülki və iqtisadi mübahisələr kateqoriyasına aid edib”.

V.Babayev deyib ki, eyni zamanda, hər hansı şəxsin əməlinin dələduzluq olub-olmamasını müəyyən etmək üçün şəxsin dələduzluq niyyətinin olub-olmadığını da müəyyən etmək çox vacibdir: “Niyyət “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli və 11 iyun 2015-ci il tarixli qərarlarında yazıldığı kimi, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olmalıdır. Yəni təqsirkar şəxsin zərər çəkmiş şəxsə münasibətdə onu aldatmaqla və etibarından sui-istifadə etməklə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti sübuta yetirilməlidir. Amma şəxsin müflis olması, uğursuz kommersiya fəaliyyəti və ya digər səbəblərdən öhdəliyini, o cümlədən borc öhdəliyini yerinə yetirə bilməməsi dələduzluq kimi qiymətləndirilməsi üçün əsas deyil və kreditorla borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Bundan başqa, BMT-nin 1966-cı ildə qəbul etdiyi “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 11-ci maddəsində və “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsində haqlı olaraq qeyd edildiyi kimi, heç kəs yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasında azadlıqdan məhrum edilə bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir