bosanma

Boşanma və rəsmi nikahsız evliliklər problemi – MÜTƏXƏSSİSLƏR DANIŞIR

Baxış sayı: 1. 072

Son vaxtlar ölkəmizdə boşanmalar durmadan artır. Bu məsələ ailə problemi baxımından cəmiyyəti narahat edən əsas istiqamətlərdən olsa da, eyni zamanda, nikahsız evliliklərin artması da narahatlıq mənbəyi olan məqamlardandır. Bu yazıda müasir dövrümüzdə ailələrimiz üçün ən ağrılı problem olan iki məsələyə – boşanma və rəsmi nikahsız evliliklər məsələlərinə toxunacağıq.

 

“Ailədə hər iki tərəfin üzərinə düşən məsuliyyət var”

Mövzuya “Gencaile.az” saytı üçün münasibət bildirən psixoloq Hüseyn Xəlilov aşağıdakıları dedi:”Boşanmaların əsas səbəblərindən biri də ailələrdə mənəvi mühitin olmaması və ya başqa sözlə, mənəvi boşluğun hökm sürməsidir. Hesab edirəm ki, bu məsələni həll etməklə bir çox problemlərin qarşısını almaq olar. Digər əsas səbəblərdən biri isə tərəflərin evlilikdən əvvəl bir-birini tam tanıya bilməməsidir. Cütlüklərin bir-birini həm də sosial mənada tanımasına ehtiyac var. Ən azı ona görə ki, ailədə hər iki tərəfin üzərinə məsuliyyət düşür və hər iki tərəf təbii olaraq bunu anlayışla qarşılamalıdır.  Ancaq bəzən görürsən ki, ailə qurduqdan sonra tutaq ki, ailə başçısının ailəyə, uşaqlara diqqəti zəifləyir. Halbuki ailə daxilində hər şey qadının üzərinə atmaq olmaz və əslində bu cür yanaşmanın heç bir əsası da yoxdur. Digər tərəfdən, bu bir az da bəzi ailə başçısının bu məsələlərin qadınının borcu olduğunu düşünməsindən irəli gəlir. Başqa vacib bir məsələ isə həm kişinin, həm də qadının yaxınlarının bəzən heç bir ehtiyac olmadan və ya məsələlərin mahiyyətinə varmadan müdaxilələr  etmələri və qərarlar qəbul etmələridir. Təbii ki, əgər bu, işin xeyrinədirsə, olsun, ancaq bu tamamilə əks effekt verir. Ona görə də “qaş düzəldən yerdə göz çıxarmaq olmaz”. Yeri gəlmişkən, onu da qeyd edim ki, mənəm-mənəmlik, güzəştə getməmək, qarşı tərəfə şans verməmək indiki gənclər arasında geniş yayılıb. Bunun əksini bacarmaq, çıxış yolu göstərmək, səhvini başa düşməyə inam yaratmaq çox vacibdir.

huseyn xelilov

Psixoloq Murad İsayevin isə mövzu ilə bağlı suallarımıza cavabı belə oldu:”Evlilikdə ilk üç il müddəti adaptasiya dövrüdür. Bu zaman kəsiyində həm tərəflər bir-birinə, həm də ailə həyatına uyğunlaşırlar. Ona görə də, bu dövrdə hər hansı bir problemin (və ya problemlərin) baş verməsi qaçılmazdır. Lakin belə olduqda mövcud problemi hansı yollarla həll etmək olar onu düşünmək lazımdır. Digər tərəfdən, bunu da nəzərə almaq lazımdır ki, ailə quran tərəflər iki fərqli xarakterlərdir. Üstəlik, onların təhsil fərqləri ola biləcəyi kimi ailə tərbiyələri də fərqli ola bilər. Bu isə o deməkdir ki, onlar arasında fikir ayrılıqlarının olması da təbiidir. Buna görə də onlarınhəm pisxoloji, həm fizioloji, həm də sosial-məişət uyğunlaşması üçün müəyyən müddət tələb olunur. Beləliklə, ilk başda başa düşülməyən məqamlar sonra tədricən başa düşülür və həll olunur. Buna görə də boşanma qərarı vermək üçün qətiyyən tələsmək lazım deyil”.

murad isayev

“Əhalini bu gün ilk növbədə maarif, tərbiyə maraqlandırır”

Sosioloq Cavid İmamoğlu isə məsələyə bir qədər fərqli prizmadan yanaşdı. Müsahibimiz ailə dəyərlərimizin qorunmasında cəmiyyətimizin bu mövzuda maarifləndirilməsində televiziya və radiolarımızın üzərinə böyük iş düşdüyünü dedi: “Cəmiyyətin formalaşması üçün ən vacibinsitutun tərkibində olan televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bir çox cəmiyyətlərdə hədəf elə bu vasitələrdən istifadə olunaraq azdırılır. Yəni belə demək mümkünsə, əgər bizim hədəfimiz cəmiyyət qurmaqdırsa, – ailə insitutu, din insitutu, iqtisadiyyat insitutu maariflənməyə çalışmalıdır. Cəmiyyətin rifaha çatması üçün hər bir insitutun ailə üçün, cəmiyyət üçün, fərd üçün işləməsi də çox vacibdir. Amma biz görürük ki, bəzi hallarda televiziya kanallarında və yaxud radiolarda tamamilə maarifdən uzaq, şouya, əyləncəyə, öz də hansı əyləncəyə – intelaktual əyləncəyə yox, kor-koranə əyləncəyə istiqamətlənmiş verilişlər verirlər. Ümumiyyətlə, jurnalistikada, televiziya proqramlarında etik tərəf gözlənməlidir. Bu etik çərçivəni heç vaxt aşmaq olmaz. Bu etik tərəf ondan ibarətdir ki, hadisələr çılpaqlığı ilə göstərilməməlidir. Problemlər, xüsusilə də məişət, ailə səviyyəli, cəmiyyətə bağlı problemlər detallı şəkildə təsvir  edilməməlidir. Əgər göstərilərsə və ya təsvir edilərsə,cəmiyyətdə bunu təqlid edənlərin sayı artar. Deyək ki, hər hansı cinayət baş verdi. Bu cinayət efirdə nə qədər təsvirli verilsə, bir o qədər onun mahiyyətini beynində qəbul edib bunu reallaşdırmaq istəyənlərin sayı çoxalacaq.  İntihar baş vereirsə, biz onu nə qədər təsvirli veiriksə, bir o qədər intihar etmək istəyənlərin sayına təsir göstərəcək.

Bu gün Rusiya telekanallarında adi bir uşaq göstərəndə onun üzünü mütləq bağlayırlar. Amma Azərbaycan kanalında o uşağı, yeniyetməni televiziyaya çıxarırlar, qınayırlar, onun gələcək həyatını müzakirə edirlər. Bu vəziyyətlə üzləşən uşaq, yeniyetmə sabah cəmiyyətə istədiyi kimi fayda verə bilməyəcək. Çünki sabah özünü dərk edəndə və görəndə ki, Azərbaycan xalqı onun bütün acılarını, belə deyək, “sınmağını” görüb, bu artıq onda emosional oyanmaya səbəb olacaq.

Cavid İmamoğlu

Yəni insanlar məlumatı əsasən televiziyalardan əldə edirlər. İnsanların asudə vaxtlarını səmərəli keçirmək üçün televiziyaya üz tutmaları teleliziyaların üzərinə müəyyən vəzifələr qoyur. Bunlar nələrdir? Birincisi, asudə vaxtın səmərəli təşkili üçün daha çox intellektə, mənəviyyata, mədəniyyətə, yəni bunların zənginləşdirilməsinə hesablanmış proqramlar hazırlasınlar, layihələr versinlər. Təbii ki, belə olarsa, məsələn, bir televiziya proqramı gün ərzində camaatın yaşayış səviyyəsinə uyğunlaşdırılarsa, əhəmiyyəti də artmış olar. Amma bizdə belə olur ki, telekanallar insanları gün ərzində psixoloji olaraq çox yükləyir.

Heç bir ana inanmıram ki, övladının inkişafına səbəb olan verilişi qoyub kanalı çevirsin. Bu, mümkün deyil. Çünki hər bir ana – hətta Azərbaycan reallığında övladını zəif tərbiyə edən ana olsa belə, görsə ki, ekran başında çox dəyərli söhbət gedir ona bacaxaq. Əhalini bu gün ilk növbədə maarif, tərbiyə maraqlandırır”

Mehriban Zeynalova

“Kəbin hüquqi sənəd hesab olunmur”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mühriban Zeynalova isə qeyd etdi ki, ailə qurularkən xanımlar mütləq rəsmi nikah tələb etməlidirlər. Kəbin hüquqi sənəd hesab olunmur. Ölkəmiz dünyavi qanunlarla idarə olunur. Xüsusi ilə qadınlar əmlak və qeydiyyat məsələlərində, övlad dünyaya gətirdikdə, uşağın sağlamlıq məsələlərində bir sıra çətinliklər yaşayır, problemlərini həll etməkdə çətinlik yaşayırlar. Çox vaxt qadınlar hüquqi cəhətdən savadlı olmadıqları üçün xüsusilə, uşağın şahadətnaməsinin alınması və atalıq faktının müəyyən edilməsi üçün uzun çəkişmələr lazım olur. Bəzi hallarda qadınlar rəsmi nikahları olmadığı üçün heç bir şey edə bilməyəcəklərini düşünürlər. Hətta bəzi hallarda kişilər də onlara deyirlər ki, “Rəsmi sənədimiz yoxdur, heç nə edə bilməzsən”. Buna daha çox qadınlar və valideynlər imkan yaradırlar. Biz hər dəfə təbliğat aparırıq və xəbərdarlıq edirik ki, rəsmi nikah olmalıdır.

Əsas problem atanın soyadını verməkdən imtina etməsi zamanı baş verir. Rəsmi nikah olmayan evliliklərdə atalar uşaqları çox vaxt qəbul etmirlər. Aliment alınması üçün əvvəlcə atalıq müəyyən edilməli, sonra aliment verilməlidir. Buna bəzən illər lazım olur. Rəsmi nikahla məsələləri hüquqi konteksdən daha rahat və əlverişli şəkildə həll edə bilərsiniz. Mən hər kəsə bu məsələdə diqqətli olmağı tövsiyə edirəm”.

 

Ailənizi qoruyun, çünki ailədəki xoşbəxtliyi heç bir şey əvəz edə bilməz. – nə vəzifə, nə pul, nə də başqa bir şey.

 

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir