bosanma

Boşanma zamanı uşaq hansı hallarda atanın himayəsinə verilir?

Baxış sayı: 666

Boşanma zamanı ən problemli məsələlərdən biri də uşağın hansı valideyninin himayəsində qalmasıdır.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda ananın yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.

bosanma

Qeyd edilən müstəsna hallarda uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, iş rejimini nəzərə almaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalması tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir