alis-veris

Bu gün “qara cümə”dir: Azərbaycanda harada nə qədər endirim olacaq?

Baxış sayı: 989

Bu gün bütün dünya, əsasən də ABŞ və Avropa ölkələrində “Black Friday”- yəni “qara cümə” günü keçirilir və əksər iri şirkətlərdə, ticarət mərkəziləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim olunur.

“Qara cümə” günü Amerika və Avropada endirimlər o qədər böyük olur ki, insanlar bütün iri alış-veriş planlarını bu günə salır, mağazalarda növbələr yaranır, ticarət mərkəzlərində insan sıxlığı, davalar yaşanır. Bəzən brend dükanların önündə gecə saatlarından etibarən növbələr düzülür ki, səhər saatlarında qapılar açılanda hər kəsdən öncə daxil olmaq mümkün olsun.

ABŞ-da hər il keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday” təcrübəsi artıq dünyanın müxtəlif ölkələrində sevilərək tətbiq olunur. Bəs görəsən, “qara cümə”nin mahiyyəti nədir və tarixi nə vaxta dayanır?

Bu alver gününə ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən “Black Friday” adı qoyulmuşdur. Bunun səbəbi olaraq isə o gün Fladelfiada, alış-verişdən ötəri nəqliyyatda yaranan “tıxac”lar və digər çətinliklər göstərilmişdi.

Ancaq 1975-ci ildə “Black Friday” üçün başqa mənalar da işlədilməyə başladıldı. Çünki “Black Friday”, adındakı “Qara” ifadəsinə baxmayaraq, bir çox adam tərəfindən qara deyil “Pink” (çəhrayı) hesab edilirdi.

qara cümə ile ilgili görsel sonucu

Çünki bu dövrdə bir çox mağazalar, ilin ən yaxşı gününü yaşayır və gəlirlərini olduqca yüksəldir. O günə qədər il ərzində zərər edən firmalar həmin gün səbəbindən ili böyük qazancla bağlaya bilirlər.

“Black” sözü ingiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

Bundan başqa, ABŞ  şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazarlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. “Qara cümə”, şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan “Black Friday” belə bir məna da verir. Bu dövrdə edilən alverə bariz bir nümunə kimi “Wal-Mart” göstərilə bilər. Dünyanın ən böyük pərakəndə mağazalar şəbəkəsi həmin gün milyardlarla dollar gəlir əldə edir.

Artıq bir neçə ildir ki, Azərbaycanda da simvolik də olsa belə “qara cümə” kampaniyaları keçirilir. Əksər elektronika, mebel və sair məhsulların satışı ilə məşğul olan şirkətlərin elan lövhələri qara rəngə bürünüb. Lakin endirimlər heç də ABŞ-da olduğu kimi, 70-80 faiz deyil, ən yaxşı halda 10-15 faizdir.

Qısa bir araşdırmadan sonra bəlli oldu ki, “Qara cümə” kampaniyasına qoşulan şirkətlər arasında “Music Gallery”c “Kontakt home”, “İrşad elektroniks”, “Optimal”, “Maxi.az”, “Embawood”, “Yağmur mebel”, “Eviland”, “BMW Life” kimi satış şəbəkələri var. Bu şəbəkələr məhsullara endirim etməklə yanaşı, bəziləri faizsiz kredit kampaniyası da həyata keçirirlər.  Həmçinin vətəndaşlar “Araz” supermarketlər şəbəkəsində də müəyyən endirimlər əldə edə bilərlər. Bu ərəfədə xaricdən onlayn məhsul alan vətəndaşların sayının artması ilə əlaqədar “Azex”, “Mover.az” kimi karqo şirkətləri də daşınma qiymətlərinə endirimlər ediblər.

qara cümə ile ilgili görsel sonucu

“28 Mall”a üz tutanlar da müxtəlif geyim və kosmetika şirkətlərinin endirimləri ilə tanış ola və faydalana bilərlər.

“Black Friday”ə ən ciddi hazırlaşan bank sektoru olub. Banker.az saytının araşdırması zamanı məlum olub ki, əksər banklar kredit faizlərinə “qara cümə” endirimi ediblər. Bank BTB “Black Friday” ərəfəsində müştərilərinə 5 günlük kampaniya çərçivəsində  endirimlər təklif edir. 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart, həm də kredit məhsullarını əhatə edəcək. “Bank Respublika”  “Faydalı Friday” adlı kredit kampaniyasına start verib. Belə ki, dekabr ayının 1-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri və eləcə də kredit xətləri 0% komissiya ilə təklif olunacaq. PAŞA Bank “Black Friday” günündə Black Edition kartına xüsusi endirim edir. Bundan başqa, “Bank Respublika”nın rəsmi saytından ttps://www.bankrespublika.az/content/az/24 və facebook ttps://www.facebook.com/BankRespublika/ səhifəsindən nağd pul kreditlərini onlayn sifariş edən müştərilər illik faiz dərəcəsində 20% endirim əldə edə biləcəklər.  “Rabitəbank”  da nağd pul kreditinə faiz endirimi edib. “Rabitəbank” 28 noyabr tarixindən etibarən, 3 gün olmaqla nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla müştərilərinə endirim tətbiq edir.  “Unibank” isə “qara cümə” ilə əlaqədar 22.11.2019 – 02.12.2019 tarixlərində Albalı plus kredit kartları ilə edilən bütün taksitli əməliyyatlara bank tərəfindən əlavə 3 faizsiz taksit hədiyyə edilir. Trendyol, Hepsiburada saytlarından Albali Plusla alış-veriş edib, daha artıq cashback qazanmaq imkanı olacaqdır.

Azərbaycanda “qara cümə ” endirimlərinin aşağı faizlərlə ifadə olunmasına münasibət bildirən Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, dünyada “qara cümə” ənənəsi bir  neçə onillik ərzində oturuşub: “Xüsusən də ABŞ-da çox populyardır. Amerikada il ərzində vətəndaşlar bu günü gözləyirlər ki, ev üçün və özləri üçün lazım olan alış-verişi etsinlər. Bu gün ABŞ-da fantastik həddə aşağı qiymətlər təklif olunur. İnsanlara həqiqətən sərfəli olan kampaniyalar keçirilir.

Azərbaycanda bunun olmamasının əsas səbəblərindən biri ondan ibarətdir ki, dünyada “qara cümə ” aksiyalarında iştirak edən dünyaca məşhur brendlərin ölkəmizdə  birbaşa şəbəkəsi yoxdur. Azərbaycanda fəaliyyət göstərən brend mağazaların böyük əksəriyyəti yerli təmsilçi ilə müqavilə bağlayır, öz adını və məhsulunu təqdim edir. Onun digər fəaliyyətlərinə qarışmır. Yerli təmsilçilər və ticarət şəbəkələri özləri bildiyi kimi endirim kampaniyaları həyata keçirirlər. Bəzən buc formal xarakter daşıyır. Yəni endirimdən öncə qiymətlərin artdığını görürük. Daha sonra endirimlərin şahidi oluruq. Bu da alıcılara müqayisə imkanı yaradır. Türkiyədə, Avropada və Amerikadakı eyni malın qiymətləri ilə Azərbaycandakı eyni malın qiymətləri arasında kəskin fərq yaranır. Ona  görə də bizdə ticarət şəbəkəsinin “qara cümə”də  beynəlxalq standartlara uyğun davranması üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu zaman xarici şirkətlərin nümayəndəlikləri normal şəkildə Azərbaycana gəlib birbaşa şəbəkə kimi fəaliyyət göstərə biləcəklər. İndi bu imkanlar məhduddur. Onların bazara buraxılmasına maneələr var. Ona görə də onlar yerli təmsilçilik vasitəsilə öz fəaliyyətlərini həyata keçirirlər. Bəzən isə eyni şirkət onlarla dünya brendinin təmsilçisinə çevrilir ki, bu da Azərbaycanda inhisarçılıq meylləri yaradır”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir